İxracatla bağlı göstəricilər həyəcan təbili çalır- Qubad İbadoğlunun təhlili

 
 
 
İqtisadçı alim Qubad İbadoğlu növbəti məqalə ilə çıxış edib. Musavat.com həmin məqaləni təqdim edir:
 
Bu ilin ilk 7 ayında ixracat keçən ilin müvafiq dövrünə nisbətən 38.57 % azalıb. Əsas ixrac məhsulu olan xam neft və neft məhsullarının ixracatından gəlirlərin azalması yalnız neftin dünya bazar qiymətləri deyil, həmçinin ixracatla bağlı göstəricilərin pisləşməsi ilə bağlıdır. Gömrük məlumatına görə, bu ilin 7 ayının yekunlarına görə, xam neft ixracatı 1 milyon 3 04 min ton və ya 9,6 faiz azalıb. Dövr ərzində azalma tendensiyası neft məhsullarının ixracatında da müşahidə olunub. Belə ki, xam neftin ixracatı bu ilin 7 ayında keçən ilə nisbətən 407 min 412 ton və ya 31, 7 faiz azalıb.
 
İxracatda əsas malların struktur təhlili göstərir ki, bu ilin ilk 7 ayında xam neftin satışından əldə edilən valyuta gəliri 3,55 milyard dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,31 milyard dollar və ya 39,5 faiz azdır.
 

 
Bu dövrdə yalnız xam neft satışından gəlirlər deyil, həm də neft məhsullarının ixracatında qazanc 259 milyon dollar və ya 54,3 faiz azalıb. Müqayisə olunan dövr ərzində təbii qaz ixracatı 20 milyon kub metr artsa da, onun satışından əldə edilən gəlir 2,5 milyon dollaradək az olub. Beləliklə də, neft-qaz gəlirləri bu ilin ilk 7 ayında ötən ilin müvafiq dövrünə nisbətən 2,57 milyard dollar azalıb.
 
İxracatda narahatedici əsas məqamlardan biri də neft-qaz gəlirlərinin azalması ilə yanaşı, qeyri-neft bölməsinin ixracatının da aşağı düşməsidir.
 
Təəssüf ki, “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından 6 ay, ilk devalvasiyadan 1 il 7 ay ötməsinə baxmayaraq, bu sahədə nəinki irəliləyiş, hətta geriləmə vardır. Belə ki, bu ilin 6 ayının gömrük məlumatına görə, qeyri-neft bölməsinin ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq cəmisi 584,5 milyon dollar təşkil edib. Qeyri-neft bölməsinə məxsus olan ixracat məhsullarının struktur təhlili göstərir ki, ötən illə müqayisədə bu ilin ilk 7 ayında ən çox artım meyvə və tərəvəzdə olmuş və bu növ məhsulun ixracatından 41,2 milyon dollar çox gəlir əldə edilmişdir. Təhlil olunan dövrdə çay, şəkər, bitki və heyvan mənşəli piylər və yağlar, spirtli və spirtsiz içkilər, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatların ixracatında gəlirlər azalmış, pambıq iplik, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların ixracatında isə artım qeydə alınıb.

 
Qeyri-neft ixracat məhsullarının strukturunun retrospektiv təhlili göstərir ki, mövsümi amillərin təsiri ilə növbəti aylarda bu bölmənin əsas ixrac məhsulu olan meyvə-tərəvəzin ümumi yekunda payı azalaraq, bütövlükdə qeyri-neft ixracatının mövqeyini zəiflədəcək. Təbii ki, perspektivdə valyuta bazarında gərginliyin artacağını halda vəziyyəti bir az da mürəkkəbləşdirəcək və iqtisadi durumu ağırlaşdıracaq.
 
Yekunda onu qeyd etmək lazımdır ki, idxalı əvəz edən yerli istehsalın təşkili və ixracatın artımı Azərbaycan manatının sabitləşdirici əsas amillərdən sayıla bilər. Bu isə milli iqtisadiyyatın liberallaşdırılmasını, xarici ticarətin açıqlığını və sağlam rəqabətin dəstəklənməsini tələb edir.