İtaliyada Ermənistanın Azərbaycanı nüvə silahı ilə təhdidinə dair məqalə dərc olunub

Ermənistanın keçmiş baş naziri və hazırda parlament üzvü Qrant Baqratiyanın Ermənistanın nüvə silahına sahib olması və ondan təhlükəsizliyinin təmini məqsədilə istifadə edə biləcəyi ilə bağlı açıqlamalarından irəli gələrək İtaliyanın “Notiziegeopolitiche” analitik-informasiya portalında tədqiqatçı-jurnalist Culiano Bifolkinin məsələyə dair apardığı araşdırmalarına dair məqaləsi dərc olunub (http://www.notiziegeopolitiche.net/?p=62864).
 Azərbaycanın İtaliyadkı səfirliyindən APA-ya verilən məlumata görə, məsələnin araşıdırılması üçün müəllifin Ermənistanın İtaliyadakı səfirliyinə ünvanladığı suala cavab olaraq səfirlik Baqratiyanın fikirlərinə şərh vermək istəməyib, lakin istənilən Ermənistan vətəndaşının ölkənin milli təhlükəsizliyi ilə bağlı fikirlərini söyləməkdə azad olduğunu bildirib.
 Azərbaycanın İtaliyadakı səfirliyi isə mövzuya münasibətdə Azərbaycanın beynəlxalq ictimaiyyəti dəfələrlə Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru barədə xəbərdar etdiyini bildirib. Əsas narahatlıq Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının qurğularının köhnəlməsindən irəli gəlir. Buna görə Azərbaycan tərəfi bu nüvə obyektinin region üçün yaratdığı risklər və təhdidlər kontekstində bağlanmasına ehtiyac olduğunu bəyan edir. Müəllif məqaləsində Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində səsləndirdiyi fikirlərə də yer verib. Azərbaycan prezidenti öz nitqində Ermənistan ərazisindəki Metsamor AES-in 1976-cı ildə Çernobılda istifadə edilmiş texnologiya əsasında və seysmik ərazidə tikildiyini xatırladıb.
 Müəllif son dövrlərdə dünya mətbuatında Ermənistan vətəndaşlarının adının nüvə materiallarının qaçaqmalıçılığında tez-tez hallanmasına da toxunub. Bununla bağlı müəllif Ermənistanın hüquq müdafiəçisi Armine Sahakyanın fikirlərinə istinad edərək bildirib ki, erməni nüvə qaçaqmalçıları bu məqsədlə Qara dəniz vasitəsilə beynəlxalq bazarlara çıxışı olan Gürcüstandan istifadə edirlər. Məsələnin yalnız regional deyil, həm də beynəlxalq təhlükəsizliyə təhdid olmasını nəzərə alaraq, ABŞ Gürcüstan hökumətinə nüvə və radioaktiv materialların qaçaqmalçılığının qarşısının alınması məqsədilə 50 milyon dollar yardım edib. Məhz bu tədbirlər nəticəsində son dövrdə Gürcüstanda bu istiqamətdə fəaliyyət təkmilləşib və erməni qaçaqmalçıların həbsi mümkün olub. Müəllif qeyd olunan bu faktların “Metsamor” AES-in fəaliyyətindən irəli gələrək Ermənistanda nüvə istehsalının olduğunu göstərdiyini, habelə bu ölkədə nüvə materiallarının qaçaqmalçılığının artmasının yalnız regional yox, habelə beynəlxalq səviyyədə təhlükəsizliyə təhdid olduğunu vurğulayıb.  Sonda G.Bifolki qeyd edib ki, Baqratiyanın açıqlamaları parlamentin üzvü olan bir şəxsin azad fikirləri olsa da, keçmişdə baş nazir olmuş bir şəxsin fikirlərinin çəkisinin olduğunu da nəzərə almaq lazımdır. Xüsusilə də Gürcüstanın Daxili İşlər Nazirliyinin müvafiq hesabatlarını nəzərə alaraq, erməni siyasətçinin açıqlamaları beynəlxalq terrorizm problemi kontekstində Avropanı da maraqlandıra bilər. Sonda müəllif nəzərə çatdırıb ki, bu problemin nizamlanması üçün konstruktiv diplomatiya vasitəsilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq lazımdır.