İsveçdə yaşayan azərbaycanlı fəaldan Diaspor Komitəsinə ittiham – ‘adımı sildilər...’

İsveç-Azərbaycan Birliyi qrupunun koordinasiya rəhbəri Rahim Sadıqbəyli Dünya Azərbaycanlılarının qurultayına nümayəndələr siyahısından çıxarıldığını dedi, Dövlət Komitəsindən isə təkzib gəldi
İyunun 3-4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçiriləcək. Qurultaya hazırlıq məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində təşkilat komitəsi yaradılıb, nümayəndələrin dəvət olunması prosesi həyata keçirilir.
İsveçdə yaşayan rejissor, jurnalist, İsveç-Azərbaycan Birliyi qrupunun koordinasiya rəhbəri Rahim Sadıqbəyli Musavat.com-a müraciətlə Diaspor Komitəsindən şikayətlənib. Bildirib ki, səfirlik dəvətlilər arasında onun da adını yazıb veribmiş: “Lakin  məlum oldu ki, Diaspora Komitəsinin sədri Nazim İbrahimov mənim adımı o siyahıdan çıxarıb. Əslində mən heç zaman Diaspora Komitəsinin qurultaylarında iştirak etməmişəm. Ora hər zaman Nazim İbrahimova yaxın adamlar dəvət olunurlar. Çünki belə tədbirlərdə azad, müstəqil adamların iştirakı Diaspora Komitəsinə onun rəhbərliyinə sərf eləmir”.
R.Sadiqbəylinin sözlərinə görə, son zamanlar İsveçdə Diaspor Komitəsinin fəaliyyəti yoxdur: “Keçən il biz Novruz bayramını keçirdik. Diasporun burdakı nümayəndələri dəstək əvəzinə bizə mane olmağa çalışdılar. 28 mayı isə tam pozdular. Dediyim kimi, mən heç o qurultayla getməyə iddiaçı da deyiləm. Ancaq məsələ belə oldu: aprel müharibəsindən sonra bir çox Avropa ölkələrində əsgərlərimizə dəstək mitinqləri keçirildi. Biz də bu arzudaydıq. Sonra dostlar bununçün polisdən icazə aldılar və 2 günün içində möhtəşəm tədbir keçirdik. Mən də mitinqi idarə edirdim.
Təsadüfən gördüm ki, Diaspora Komitəsinin Elnur adlı əməkdaşı da ordadır. Elnur bəy, dediyinə görə, Almaniyadaymış. Oradan da Stokholma gəlib. Hal-əhval tutandan sonra Elnur bəy mənə dedi ki,  qurultay olacaq, xəbəriniz varmı? “Xeyr, mənə nə dəxli, onsuz da ora istədiyiniz adamları dəvət edirsiniz”, - dedim. Elnur bəy qətiyyətlə “Mən o qurultayı pozaram, siz mütləq orda iştirak edəcəksiniz”, dedi. “Çağırsanız da sağ olun, çağırmasanız da, mən belə aktiv fəaliyyəti qurultaya-filana getməkçün etmirəm”, söylədim”.
R.Sadıqbəyli yazır ki, mitinqi başa çatıb və üstündən 10-15 gün keçəndən sonra Elnur bəy ona Bakıdan zəng edib: “Dedi ki, ermənilərin tədbirini çəksəydiniz, yaxşı olardı. Daha sonra isə “hazırlaşın Rahim bəy, Qurultayda görüşəcəyik”, deyə bildirdi. Mən dedim ki, bilmirəm imkan olsa, ermənilərin mitinqini çəkərəm. Türk Federasiyası da məndən mitinqi çəkməyimi istədi və gedib çəkdim, filmi həm Bakıya, həm də Federasiyaya göndərdim. Bir həftə sonra İsveçdəki səfirlikdən mənə zəng elədilər ki, bəs sənin adını da Qurultay iştirakçıları sırasına daxil edib göndərdik. Mən də işdən həmin vaxtlara görə icazə aldım. Amma sonra qəribə bir hadisə oldu.
Heydər Əliyevin anım günü münasibəti ilə səfirlikdə olanda bir neçə həmvətənimiz dəvətnamə aldıqlarını dedilər. Amma mənə gəlməmişdi. Elnurla əlaqə yaratmağa çalışdım. Telefonlarımı götürmədi. İki gün sonra zəng edib dedi ki, adam çox olduğuna görə sən dəvətlilər siyahısında yoxsan. Düzü çaş-baş qaldım. Amma ona birbaşa dedim ki, sənə demədim ki, Nazim İbrahimov məni ora dəvət etmək istəməz? “Yox, Nazim müəllimin siyahıdan xəbəri yoxdur”, dedi. Güldüm və dəstəyi asdım”.
Məsələ ilə bağlı Dövlət Komitəsinin mətbuat xidmətindən Musavat.com-a bunları bildiriblər: “Dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşayır, onların böyük əksəriyyəti də vətənpərvər insanlardır, hər kəsin qurultayda iştirakı fiziki baxımdan mümkün deyil. Bu baxımdan qurultayda iştirakı mümkün olmayanlar bunu anlayışla qarşılamalıdır. Azərbaycan dövlətinin, xalqının maraqlarını müdafiə etmək üçün qurultayda iştirak eləmək mühüm deyil. Mühüm olan hər zaman dövlətin və xalqın maraqları naminə fəaliyyət göstərməkdir”.