İstilərdə özünüzü belə qoruyun - Ürək xəstələrinin diqqətinə!

İsti havada ürək-damar sistemi xəstəlikləri olan insanlarda kəskinləşmə inkişaf edə bilər.
Hipertoniyadan əziyyət çəkənlərdə təzyiq artır, stenokardiya tutmaları daha tez-tez olur, infarkt və insultun riski artır. Bu, isti havada ürəyə olan gərginliyin artması ilə bağlıdır. İsti havada nəbz və qan dövranı artır ki, qan qatılaşır, bu da ürək xəstəlikləri olanlar üçün çox ziyanlıdır.
Musavat.com saglamolun.az-a istinadən ürək xəstəlikləri olanlara bir neçə vacib məsləhət təqdim edir:
1. İsti havada özünüzü mümkün qədər qorumağa çalışın - fiziki aktivliyinizi azaldın, daha az işləyin və daha çox dincəlin.
2. Həkim tərəfindən təyin edilən dərmanları vaxtlı-vaxtında qəbul edin.
3. Arterial təzyiqinizə daim nəzarət edin.
4. Düzgün qidalanın. Qidalanmanızdan duzlu, qızardılmış qidaları, kolbasa-sosis, konservlər və s. çıxardın. Meyvə-tərəvəz, göyərti, süd məhsulları, bişmiş ət və s. kimi sağlam qidaları qəbul edin.
5. Mayenin qəbulunda diqqətli olun. Həm susuzlaşma, həm də mayenin həddindən artıq çox miqdarda qəbulu sizin üçün ziyanlıdır. Qara çay və qəhvə orqanizmi susuzlaşdırır. Bu səbəbdən adi təmiz suya, kompotlara, itburnu, nanə dəmləmələrinə və s. üstünlük verin.
6. Soyuq su içməyin. Soyuq su damarların ani sıxılmasına və ürək tutmasına səbəb ola bilər.
7. Gündüz saatlarında (12.00-dan - 18.00-a qədər) çölə çıxmayın, sərin otaqda qalın.
8. Ürək tutması inkişaf etdikdə nitroqliserin həbini çeynəyin. Kömək etmədikdə 5 dəqiqədən sonra daha bir həb qəbul edin. Aspirin həbi çeynəyin. Ağrı keçmirsə, dərhal "təcili yardım" çağırın.