İstehlak bazarında bahalaşma: Davamlı olacaq?

 
    
 
Ərzaq qiymətlərində inflyasiya 17 faizi keçib. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məhsulları və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən, ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz artıb. Dövlət Statistika Komitəsi xəbər verir ki, noyabr ayında oktyabra nisbətən istehlak məhsulları və xidmətlər 0,2faiz, o cümlədən, ərzaq və qeyri-ərzaq məhsulları 0,3 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərinin qiymətləri isə sabit qalıb.
 
Noyabrda oktyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində artım, düyünün, unun, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Ay ərzində qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, soyuducuların, kondisionerlərin, iri alət və avadanlıqların, zərgərlik məmulatlarının bahalaşması, paltaryuyan maşınların, elektrik soba və qaz plitələrinin, mobil telefonların, televizorların, fotoaparatların, noutbuk və planşet tipli kompüterlərin isə ucuzlaşması müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.
 
İstər istehlak, istərsə də qeyri-istehlak mallarının qiymətlərində dinamik artım müşahidə olunur.Sahibkarlar bunu dolların manata nisbətən dəyər qazanması ilə əlaqələndirir.Maraqlıdır, istehlak məhsullarının qiymət artımı nə vaxta qədər davam edə bilər?
 
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, ötən illər ölkədə gedən tendensiya bu il də davam edib:
 
“İndiki şəraitə görə bu cür mənfi tendensiyanın davam etməsi təbiidir. Ölkədəki iqtisadi çətinliyin qarşısını almaq üçün yeganə çıxış yolu daxili istehsalın dirçəlməsinin və qeyri-neft sektorunu dəstəkləməkdən keçir.Azərbaycan hökuməti bu istiqamətdə müəyyən addımlar atır.Amma bu tendensiyanın qarşısını almaq üçün bu addımlar kifayət etmir. Bu istiqamətdə sistemli iş getməlidir ki, iqtisadi proseslərdə gedən mənfi meyillərin qarşısı alınsın. Demək olmaz ki, bu istiqamətdə iş getmir, yaxud iş gedir, amma kifayət qədər intensiv deyil. Sistemli olmadığına görə inflyasiya meyilləri, iqtisadiyyatın kiçilməsi, dolların və digər dönərli valyutaların manat üzərində təzyiqinin artması kimi amillər əsas rol oynayır.Hazırda manat üzərində olan təzyiqlər süni vasitələrlə tənzimlənir.Amma digər məsələlərdə süni tənzimləmə metodundan istifadə etmək mümkün deyil.Valyutanın tənzimlənməsi iqtisadiyyatda kosmetik səmərə verir”.
 
 
 
İqtisadçı qeyd edib ki, köklü dəyişikliklər üçün iqtisadiyyatda islahatlar getməlidir:
 
“İslahat olmalıdır ki, ölkə iqtisadiyyatına yatırılan sərmayələr üçün səmərəli mühit yaransın. Bu halda həm daxili sərmayəçilər, həm də xarici investorlar Azərbaycana sərmayə qoymaqda maraqlı olur.Beləliklə, Azərbaycan oliqarxlarının da xaricdəki valyutasını geri qaytarmaq olar.Ümumiyyətlə, ölkə iqtisadiyyatının daxilində iqtisadi mərkəzlər, qaynaqlar yoxdur, bunu yaratmaq lazımdır.Bu qaynaqları idarə etməklə böhrandan çıxmaq, büdcəni artırmaq mümkündür.Hesab edirəm ki, 2018-ci ildə də bu tendensiya davam edəcək.Amma arzulayıram ki, Azərbaycan hökuməti iqtisadi sahədə praqmatik islahatlar həyata keçirsin və yeni ildən bu göstəricilərin əksinə, inkişafın şahidi olaq”.
 
Yeganə Oqtayqızı
 
Cebhe.info

Загрузка...
Загрузка...