İstanbul prokurorluğu Gülənin həbsi üçün ABŞ-a müraciət göndərdi

İstanbul Cümhuriyyət Prokurorluğu Türkiyədə 15 iyulda baş verən dövlət çevrilişinin əsas təşkilatçısı hesab olunan Fətullah Gülənin həbs olunması üçün ABŞ-a müraciət göndərib.
Məlumata görə, prokurorluq hərbi çevrilişə cəhdin təşkilində ittiham olunan Fətullah Gülənin çevriliş iştirakçıları ilə əlaqəsini sübut edən materialları ABŞ-ın Ədliyyə Nazirliyinə bir müddət öncə göndərib.
Xatırladaq ki, bir neçə ildir ki, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə qarşı bir neçə dəfə Türkiyədə cinayət işi açılıb.
Lakin bu ilin 15 iyulunda Ankaradakı uğursuz hərbi çevrilişə cəhdin təşkil edilməsində ittiham edilən Fətullah Gülənə Türkiyə Baş Prokurorluğu “dövlət çevrilişinə cəhd”, “ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd” maddələri ilə cinayət işi açıb.
Hazırda Türkiyə hökuməti ABŞ-dan F.Gülənin həbs olunaraq ekstradisiyasını tələb edir.