“İsmayıl Ömərov İTV-də ciddi işlər gördü, Cəmil Quliyev isə...” - Cahangir Məmmədli ilə AKTUAL MÜSAHİBƏ

 
Teleqraf.com-un suallarını Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor, İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının sədri Cahangir Məmmədli cavablandırıb.
 
-Jurnalistika fakültəsinə builki tələbə qəbulunun nəticələri bir qədər təəccüblü oldu. Rus bölməsi üçün yalnız 1 tələbənin müsabiqədən keçdiyini, jurnalistika fakültəsinə yeni metodla tələbə qəbulunu nəzərə alsaq, ümumi mənzərəni necə qiymətləndirirsiniz?
 
-Jurnalistika fakültəsinə qəbul olmaq istəyən abituriyentlərin müsabiqəsində problemlərin yoxluğunu demək düzgün olmazdı. Qaydalar bir az sərtdir, bəzi abituriyentlər sərt qaydalardan ehtiyat edərək jurnalistikaya meyllənmir. 2 il dalbadal jurnalistika fakültəsində 100 plan yeri vardısa, yalnız 35-40 tələbə müsabiqədən keçə bilirdi. Ona görə də müəllimlərin dərs saatı o qədər azaldı ki, hətta ixtisar problemi yarandı. Bu il isə TQDK qaydaları xeyli sadələşdirdi.
 
Müsabiqə yazılarını 2 ekspert yoxlayır, biri media kapitanı, ikincisi isə orta məktəb müəllimi olur. Bəzən orta məktəb müəllimləri bir vergülə, iki nöqtəyə görə abituriyentin qiymətini aşağı salırdı, yaxud müsabiqədən keçirmirdi. Bu il belə məqamlar nəzərə alındı.
 
İndi isə müsabiqə komissiyasının sədri Əflatun Amaşovla danışıqlar aparmışıq, jurnalistika fakültəsi və komissiya məsələlərə yenidən baxıb, TQDK-ya təkliflər verəcəyik. İndiki vəziyyətdə də TQDK müsabiqəni layiqincə yerinə yetirdi. Bu il 105 plan yeri vardı, 154 abituriyent müsabiqədən keçdi, onların içərisindən Azərbaycan bölməsi üçün 60 yer ayrılmışdı, ingilis bölməsində 15 yer vardı, hər iki şöbə tamamilə doldu. Rus bölməsində isə bir balaca narahatlıq yarandı. Azərbaycan orta məktəblərində xeyli müddət əvvəl rus bölmələri ətrafında mübahisəli məsələlər oldu, müstəqillik dövründə rus dili səngidi, indi yenə rus dilinə diqqət etməyə başlamışıq.
 
Rusiyaya xarici ölkələr qısqanclıqla yanaşır, bununla belə, Rusiya böyük güc dövlətidir. O dövlətin dilini unutmaq olmaz, yəqin gələn il rus bölməsində tələbələrinmizin sayı artacaq.
 
-Cəmi 1 tələbə qəbul olunduğu üçün həmin bölmə ləğv edilmədi?
 
-TQDK-nın müsabiqəsindən cəmi 1 tələbə keçmişdi, sonra Rusiya və Gürcüstandan daha iki tələbə gəldi, bu günlərdə ingilis bölməsindəki tələbələrdən 2-si rus bölməsinə keçmək istədiyini söylədi. Beləliklə, bir qrup formalaşdı. Səmimi deyirəm, bu, müəllimlərin xeyrinədir. Azərbaycan prezidenti də iş yerlərinin artırılması uğrunda mübarizə aparır. Bir qrupa görə 3-4 müəllimi ixtisar etmək işsizliyin bir nöqtəsi ola bilər. Allaha şükür, belə bir hal baş vermədi, bu il bütövlükdə jurnalistika fakültəsi qəbul imtahanlarından çox uğurla çıxdı, abituriyentlərin sayı çoxdur və heç bir narahatlıq keçirmirik.
 
-Uzun illər Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri kimi fəaliyyət göstərirsiniz. Maraqlıdır, dekan kimi hansı ideyaları gerçəkləşdirməyi planlaşdırırsınız?
 
-Müəyyən qədər nəzəri və praktik məsələlərlə bağlı təcrübəm var. İdeyalarımdan biri jurnalist tələbələri praktikaya yaxınlaşdırmaqdır. Sizin saytınızın da rəhbərliyindən xahiş edəcəyəm ki, bizim tələbələrin saytlarla əməkdaşlığına yardım etsinlər. İndi televiziya çox dəbdədir. İnsanda özünü göstərmək meyli güclü olur axı, ona görə hamı üzünü göstərmək üçün televiziyalara qaçır. Tələbələrə başa salmağa başlamışıq ki, hazırda onlayn jurnalistika birinci yerə çıxır. Yerüstü televiziyanın ömrünə çox az qalıb, bu dəqiqə internet tv, saytlar ortadadır. İnformasiya mənbəyi kimi ən çox oxunan saytlardır, yoxsa televiziyalar?
 
-Saytlar, sosial media...
 
-Bax bunu tələbə yaxşı başa düşməlidir. Nə eləyirsən elə, ortada jurnalist mətni var. Mətn hər şeydir. Hansı televiziya, yaxud radioda olursan-ol, əvvəlcə, mətn yazılır, sonra onun üstündə işlənilir. Biz tələbələrə onu başa salırıq ki, gəl mətni öyrən, sonra hansı istiqamətə yönəlmək istəyirsənsə, get, yönəl.
 
Praktikaya yaxınlaşmağın daha bir yolu var. Biz Mətbuat Şurası ilə birgə əməkdaşlıq prosesini ortaya qoymuşuq. Əflatun Amaşov sağ olsun, saytınız da bu mənada həmişə kömək edir, MŞ jurnalistika fakültəsinə yaxşı mənada nəzarət edəcək ki, bu fakültə praktikaya necə yaxınlaşsın. Rektorumuz Abel Məhərrəmov jurnalistika fakültəsinə çox ciddi diqqət yetirir, tez-tez tələbələrlə görüşür. Bizim tələbələrdən biri iyulda buraxılış işini müdafiə edəndə gedib Abel müəllimdən xahiş elədi ki, buraxılış işinin müdafiəsində gəlib iştirak eləsin. Möhtəşəm təşəbbüs idi.
 
Rektor belə hadisəyə rast gəlmədiyini dedi, köməkçisinə tapşırmışdı ki, işlərim çox olsa da elə şərait yaradın, mütləq iştirak edim. Maral adlı qız “Tələbə qəzetlərinin tarixi və bugünkü fəaliyyəti” mövzusunda buraxılış işi üzərində çalışırdı. Abel müəllimin müdafiə çox xoşuna gəldi. Çıxışında dedi ki, tələbə qəzetini hansı dövriliklə buraxmaq istəyirsinizsə, sizə maddi kömək edəcəyəm, həmin tələbəni də işə götürdüyünü söylədi.
 
Düzdü, Maral xanım Türkiyədə magistr pilləsinə qəbul oldu, getdi, amma onu gözləyəcəyik. Fakültəmizdə tədris studiyası yaranıb, artıq telekanalların studiyalarına möhtac deyilik. Doğrudur, praktiki cəhətdən onlara bağlıyıq, amma tələbəni öyrətmək üçün studiyamız var. 4-cü kurs tələbəsini işə götürdük, çünki gedib Türkiyədə TRT-də təlim keçib və bacarıqlıdır.
 
Hesab edirəm ki, universitet müəllimi, tələbəsi, kollektivin hər biri ali məktəbin patriotu olmalıdır. Universitet patriotu olmaq, məmləkətin patriotu olmaq deməkdir. Çünki BDU yüz min tellərlə bu xalqa bağlıdır.
 
-KİV-də çalışan peşəkarlar içərisində BDU jurnalistika fakültəsinin məzunları azlıq təşkil edir. Bu məsələ tez-tez gündəmə gəlir, sizcə, səbəb nədir? 
 
-Jurnalistika elə bir ixtisasdır ki, bu peşənin sahibi hansısa ögey quruma gedəndə ona təəccüblənmirlər. Jurnalistika fakültəsini bitirənlər bəzən yüksək maaş təklif edilən iş yerlərinə üz tuturlar. Eyni zamanda, etiraf edirəm ki, biz məzunları tam peşəkar jurnalist kimi ortaya qoya bilmirik. Mənəvi, texniki, çaba göstərməmək kimi bir çox səbəbləri var. Bütün bunlarla belə, jurnalistika fakültəsini bitirən şəxslər heç vaxt öz yazılarına görə cərimə olunmayıblar, məhkəməyə düşməyiblər.
 
Çünki onlar burada etik normaları öyrəniblər, hüquqi tənzimləmə barədə məlumatlıdırlar. Jurnalist təhsili olanların media sistemində azlıq təşkil etməsinin birinci səbəbi yaxşı maaşlı sahələrə getmələridir. Media kəmiyyətcə o qədər inkişaf edib ki, başqa sahələrdən ora ciddi axın var. O axının qarşısında BDU-nu bitirən 100 nəfər kölgədə qalır. Həmişə auditoriyada deyirəm ki, bədii ədəbiyyata yaxından bələd olmayan adamın öz üslubu olmur. O qədər problem var ki, sadalamaqla qurtarmaq olmur...
 
-Yeri gəlmişkən, son vaxtlar mətbuatda publisistika, analitik yazılar yox səviyyədədir. Bu, oxucu auditoriyasının tələbindən irəli gəlir, yoxsa mövcud vəziyyətin diktəsidir?
 
-Bu, həm də cəmiyyətin tələblərindən irəli gəlir. Onlayn sistemdə qısa informasiya daha çox həzm olunur. Biz reklam bazarındayıq, bu bazara girmək üçün özəl sektor hər cür hoqqadan çıxır, şoulaşdırılmış informasiyalara meyl edir. Hərdən saytlarda analitik yazılara da rast gəlirəm. Saytlar həmişə öz işçilərinə arxayın olurlar, jurnalistə müraciət edirlər, amma bizim fəlsəfi düşüncəli, dünyanı dərk edən deputatlarımız, elm adamlarımız var. Ekspert kimi dövlət qurumlarına müraciət etmək lazımdır. Saytım olsaydı, o işləri görərdim.
 
-Heç sayt yaratmaq istəməmisiniz?
 
-Çox çətin işdir, həmişə onun çətinliyindən ehtiyat eləmişəm. 
 
-Saytlar İP dalınca qaçır, televiziyalar şouya meyl edir, jurnalistikanın vəziyyəti ürəkaçan deyil. Vəziyyətsə düzəlmək əvəzinə getdikcə pisləşir...
 
-Bu, reklam bazarının tələbidir. Cəmiyyətin qınadığı şou proqramların bəzilərini qadağan edirlər. Bizdə qınağa çəkən adamlar ikiüzlülük edirlər. Özləri o şou proqramlara qatılırlar, sonra da ekspert kimi tənqid edirlər. Azərbaycanda reklam bazarı çox zəifdir, o zəiflik bizi çox narahat edir. Reklam bazarının zəifliyi bizi müstəqil olmağa qoymur. Təsadüfi deyil ki, Kütləvi İnformasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaranıb. Allah qoysa, biz öz malımızı, öz diş məcunumuzu, çətirlərimizi reklam edəndə yaxşı pul qazanacağıq və müstəqil olacağıq.
 
Hər hansı jurnalist qurumunun, qəzetin, TV-nin müstəqil olması yolları çox çətindir. Haradasa nədənsə maliyyə asılılığımız var. Dünyanın heç yerində dövlət tərəfindən KİV-lərə dəstək məsələsi yoxdur. Jurnalistlərə ev paylanır, mənim heç vaxt o evlərdə gözüm yoxdur, çünki rektorumuz bizə çox ucuz qiymətə mənzil verib, Allah xeyirxah insanların canını sağ eləsin.
 
Danışıram, vallah, övladlarımın canı üçün çox kövrəlirəm, çünki jurnalistlərə ev paylananda elə bilirəm onun hamısını mənə verdilər. Çünki mən jurnalistləri çox istəyirəm. Haqqımda tənqidi yazı yazan jurnalisti də öz balam kimi çox istəyirəm.
 
-Heç bir yazı sizi əsəbiləşdirməyib?
 
-Tənqidi yazıda təhqirə meyl olsa belə orada həqiqət çox olur. Gərək tənqidi qəbul edəsən.
 
-İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradıcı şəxsləri sırasında sizin də isminizi çəkmək olar. Amma son illər fəaliyyətiniz nəzərə çarpmır...
 
-Yayım Şurası işinin piarını aparmır. Ayda 1 dəfə iclas keçiririk, orada struktur dəyişikliyi olur, problemlərin necə qoyulması məsələsi ortaya çıxır, baş direktorumuzun təkliflərini təsdiq edirik. Bizim Yayım Şurasının o qədər maraqlı üzvləri var ki. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, gənclər, qadın təşkilatlarından var, mən Mətbuat Şurasından gəlmişəm.
 
Əslində İctimai Televiziya öz funksiyasını yerinə yetirir. İndi hansı televiziyadan razı qalmaq olar? Rusiya TV-lərinə baxıram, onların ictimai televiziyası ORT Türkiyədə karıxıb rus təyyarəsini vuranda şou və çığır-bağırla Türkiyənin əleyhinə getdi. Biz heç vaxt elə şeylərə yol vermərik, hansısa ölkəni aşağılamarıq.
 
Dünyanın ən obyektiv televiziyası hesab olunan, bizim də dərs götürdüyümüz BBC informasiya yaymışdı ki, Səddam Hüseyn 10 min adamı bir dərədə diri-diri torpağa gömüb. Axtarışlardan sonra fakt təsdiqini tapmadı. BBC xəbər departamentində məsul şəxs istefa verdi, bununla canlarını qurtardılar. BBC də bizi xəyal qırıqlığına uğratdı. İctimai Televiziya tipologiyasına görə maarifçi televiziyadır. Jurnalistikanın məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək funksiyaları var, biz 2-cini 1-ci götürürük, yəni maarifləndirmə işi ilə məşğuluq. Görürsünüz, dövlət ən ciddi seçkiləri İctimai Televiziyanın üzərinə qoyur.
 
İTV-də analitik proqramlar cəmiyyəti maarifləndirir. İctimai televiziya özəl telekanallardan geri qalır. İTV dövlət büdcəsi hesabına maliyyələşir. Azərbaycan bir az da varlananda abunəçilərin hesabına maliyyələşəcək. Dövlət bu televiziyanı maliyyələşdirir ki, maarifçilik işi görülsün.
 
MTRŞ-nın hərdən reklamla bağlı iradları olur, Yayım Şurası Teleradio Şurasının xüsusi məktubunu müzakirə etdi və bəzi verilişləri efirdən çıxardıq. Bəzən elə bilirlər ki, biz öz reytinqimizi qaldırmaq üçün reklam bazarına, ümumiyyətlə, girməməliyik. “İctimai televiziya və radio yayımı” haqqında qanunda reklam prinsipləri haqda ayrıca bölmə var. Reklam bazarına münasibət tamamilə sıfırlaşsa, televiziyanın reytinqi tamamilə aşağı düşər. Ekspertlərin İTV haqda dediyi bəzi şeylər yerindədir, sadəcə onlar İctimai Televiziyanın tipoloji xarakterini nəzərə almırlar. Dedikləri nöqsanların içərisində məni qane etməyən o cəhətdir.
 
-Belə fikirlər səslənir ki, İsmayıl Ömərovdan sonra Cəmil Quliyevin rəhbərliyi dövründə İTV-də rəngarənglik azalıb, əvvəlki formatlı verilişlər daha yoxdur. Bu fikirlərlə nə dəcərədə razısınız?
 
-Əlbəttə, razı deyiləm. Doğrudur, İsmayıl Ömərov ciddi işlər gördü, televiziyanı qurdu, maraqlı proqram formatları ortaya qoyuldu. Ancaq indi də ciddi verilişlər var. Srağagün milli musiqi günü idi, İTV yeni formatda veriliş hazırladı, “Ötən günlər” efirə çıxdı və veriliş başdan-ayağa Üzeyir Hacıbəylinin musiqisi, yaradıcılığı və şəxsiyyətinə həsr olundu. İTV-də analitik proqramlar da az deyil. Cəmil Quliyev yaradıcı adamdır, yaxşı rejissordur, bircə dəfə studiyaya baxan kimi 50 dəyişiklik edir. Cəmil Quliyev həm də yaxşı insandır, böyük mədəniyyət sahibidir.
 
Onu inkar etmək, onun mədəniyyəti qarşısında saymamazlıq yaxşı düşməz. Cəmil Quliyevin atası da möhtəşəm televiziyaçı idi, özü də televiziyanı yaxşı bilir.
 
-Müxalifət İTV-ni onlara pulsuz efir vaxtına görə tez-tez tənqid edir. Bütün dairələrə efirdə imkan yaradılması məsələnin həllini necə görürsünüz?
 
- Siyasi partiyalar televiziyadan vaxt istəyirlər. Qanunda belə bir maddə var, İctimai Televiziya siyasətdən mümkün qədər uzaq olmalıdır. Ölkədə 40-dan çox partiya var. Biri deyir, ana müxalifətəm, siyahısına baxıb üzvlərinin sayını soruşursan, deyir sən nə danışırsan, bizim partiya ölkəni düzəldəcək qurumdur. Əlbəttə, heç kəs ayranına turş deməz. İTV siyasətdən uzaq olmalıdır, ümumiyyətlə, jurnalist siyasətdən uzaq olmalıdır.
 
Nəzəriyyədə belə məqam var, jurnalist siyasətdən uzaqdır, amma siyasəti ifadə edir. Müxalif dairələrin efirdə az görünməsi məsələsinə bir daha baxmaq olar, amma yenə təkrarlayıram, İTV siyasətdən uzaq dayanmalıdır.
 
-Cahangir müəllim, dekan təklifini alanda reaksiyanız necə oldu? Gərgin iş qrafiki ilə belə təklifi nə əcəb qəbul etdiniz?
 
-Çox tərəddüd elədim. Əslində təklif bir az qəfil oldu, təxminən yarım saatın içində. Bizim rektor BDU-nu o qədər yüksəklərə qaldırıb ki, universitetimiz dünya universitetlərinin 600 topunda yer tutan ali təhsil ocağıdır. Mənə elə gəldi ki, mənim köməyim lazımdır. Ona görə də etiraz etmədim. Həqiqətən çox çətin işdir. Bu fakültə, bu universitet mənim həyatımdır.
 
Mənə çox yağlı vəzifələr təklif olunub, heç vaxt universiteti tərk etməmişəm. BDU qutsal yerdir. Buradan heç yana getmərəm. Allaha da yalvarmışam ki, öləndə məni universitet müəllimi kimi dəfn etsinlər.