​“İslamı düzgün tətbiq etsək, “oğru” aləminə ehtiyac yaranmaz...” - Hacı Əbdül...

Baxış sayı: 
158

“Rəhmətlik Heydər Camalın bir “avtoritet” rus dostu Moskvada yanıma gəlib tövbə etmişdi...”
 
 
“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdüllə bu dəfəki söhbətimizdə  sovet zəmanəsindən bəri gənclərin diqqətini daha çox cəlb edən bir mövzudan - “oğru” dünyasından bəhs etdik... Kriminal aləmi təbliğ etmək məqsədi ilə yox, gerçəkləri anladıb doğru yolu göstərmək məqsədiylə...
 
(Söhbətin əvvəlki hissələrini bu linkdən tapıb oxuya bilərsiniz: moderator.az/news/203385.html )
 
“...”Bu qız heç keçməli qız deyil” deyənin ertəsi gün meyiti tapıldı...”
 
- Hacı, deyəsən,  “qanuni oğru”lardan fərqli olaraq “avtoritet”lər oğurluq təşkil etmir və ya onda iştirak etmirlər...
 
- Bəli, nüfuz sahibləri oğurluqla məşğul olmurlar. Onlar bütün şübhəli əməllərdən uzaq olmağa çalışırlar, heç kəsə qarşı haqsızlıq etmirlər... Bir məqamı da xatırladım ki, “avtoritet”lər və “qanunu oğru”lar heç zaman insanlar arasında vəzifəsinə, yaxud var-dövlətinə, sosial mənşəyinə görə ayrı-seçkilik salmayıb –“doğma, yad, bu, filankəsin adamıdır” kimi söhbətlərdən uzaq olublar. Öz dostları, əzizləri, qardaşları, övladları da haqsız olsa, cəzalarını veriblər…
Bir gün “avtoritet” Dağlı Qədir, Dağlı Rza (“Qara Rza”), əslən iranlı olan İldırım Əziz oğlu və uzaqdan gəlmiş dostlarından biri Dağlı Qədirin evində yeyib-içməklə məşğul imişlər. Bu zaman qonşuda yaşayan, rayonlu tələbə qızlardan biri pəncərənin qabağından keçir. Qonaq qıza baxır və deyir: ”Bu qız heç keçməli qız deyil”. Bu sözü eşidən Qara Rza ayağa qalxıb, üzünü bu namussuz  kəlməni işlədən oğlana tutaraq “Qurban olasan Qədirə”-deyib evi tərk edir. Ertəsi gün həmin oğlanın meyitini indiki Nərimanov heykəlinin yerində olan keçmiş tramvay dairəsində tapırlar. Bax, o vaxt namus-qeyrət bu şəxslər tərəfindən belə qorunurdu. Məhz, buna görə də rayonlardakı valideynlər Bakıya oxumağa göndərdikləri övladlarının yataqxanada yaşamalarından çox ,”Dağlı” məhəlləsində kirayədə  qalmalarına üstünlük verirdilər. Bilirdilər ki, burada oğul-qızları əmin-amanlıqdadır...
 
“...“Avtoritet” və “qanuni oğru”lar ağsaqqalların sözünü eşidirlər...”
 
- “Avtoritet” “qanuni oğru” barəsində “fətva” verə bilər?
 
- Bəli, avtoritet nəinki “qanuni oğru”, cəmiyyətdə ədalətsiz nə varsa, onun haqqında “fətva” verə bilər. Ancaq “qanuni oğru” özünə elə nəzarət edir ki, kimsə onda bir nöqsan tutmasın...
 
- Bəs tutaq ki, hər hnası bir məhəllədəki “qanuni oğru” və yaxud “avtoritet” kritik bir məqamda kimin sözünü, göstərişini eşidə bilər?
 
- “Qanunu oğru”lar da, avtoritetlər də yalnız bir nəfəri eşidə bilər. Bu da kəndin, məhəllənin, şəhərin sayılıb-seçilən, hamı tərəfindən qəbul edilən ağsaqqalıdır. Məsələn, tutaq ki, birinin  problemi var və “qanuni oğru”nun, yaxud “avtoritet”in yanına getməyə cəsarət tapmır. Həmin adam ağsaqqalın yanına getsə və o ağsaqqal desə ki, get filankəsin yanına mənim adımdan xahiş et, bu işə əncam çəksin, o “avtoritet”, yaxud “qanuni oğru” həmin ağsaqqalın sözünü eşidər. Yəni, kriminal aləmin hər iki zümrəsi böyük-kiçiyə, ağsaqqala hörmətlə yanaşır...
 
“Konstitusiya məhkəməsi mənə maraqlı bir ad verib...”
 
- Hacı,  bəlkə elə sizin özünüzü də Yasamalda “nüfuz sahibi” seçiblər?
 
- Xeyr, mən “avtoritet” deyiləm, mən adi bir vətəndaşam. Amma 2005-ci il parlament seçkiləri ərəfəsində Konstitusiya Məhkəməsi öz qərarı ilə mənə maraqlı bir ad verib: “xalq tərəfindən seçilmiş, dövlət tərəfindən təsdiq olunmuş din xadimi”... Bu səbəbdən də mənə seçkilərdə iştirak etməyə icazə vermədilər...
 
“Köhnələrdən yalnız “Lotu Yunis” yaşayır – o da İnterpolun axtarışındadır...”
 
- Sizin tanıdığınız o köhnə “qanuni oğru”lardan həyatda olanı var hal-hazırda?
 
- Yalnız “Lotu Yunis” salamatdı. Təxminən 60 yaşı olar. O da Interpolun axtarışındadır: nə Rusiyaya, nə də Azərbaycana girməyə icazə vermirlər... “Avtoritet”lərdən “Papanin Zakir” də yaşayır... O, Dağlı Cavanşirin “xlebnik”i olub...
 
- Bəs kriminal aləm nümayəndələrinin dinimizə münasibəti necə idi?
 
- Həm nüfuz sahiblərinin həm də “qanuni oğru”ların dinə münasibəti yaxşı olub. Müsəlmanlığa, onun adət-ənənələrinə çox hörmət-izzətlə yanaşardılar. Onlar Aşura günlərində iştirak edir, ehsan məclisləri təşkil edir, kasıblara əl tuturdular...
 
“Əsl kriminal aləm nümayəndələri dolayısıyla rüşvətxor məmurları belə əməllərindən çəkindirirdi...”
 
-Həmin aləmdə İslama uyğun gəlməyən nələrdir?
 
- Çox şey elə İslamdan götürülüb, xüsusilə, haqq-ədalətə, namus-qeyrətə münasibətləri və s. Bır dənə oğurluq məsələsidi, o da əvvəl dediyim kimi, “oğrudan oğruya halaldır” prinsipi var... Bilirsiz, o vaxtkı “avtoritet”lər, “qanuni oğru”lar sanki dolayısı ilə xalqın malını rüşvətlə, haqsızlıqla talayanları, narkotiklə, qumarla varlananları bu yoldan çəkindirməyə çalışırdı. Deyirdilər, oğurlama, talama, xalqı zəhərləmə- yox, davam edirsənsə, biz də səni talayırıq, cəzalandırırıq...
 
“Moskvada bir rus “avtoritet” yanıma gəlib tövbə edərək müsəlman oldu...”
 
- Siz “Tövbə” Cəmiyyətini yaratdıqdan sonra “oğru” aləminin nümayəndələrindən tövbə etməyə gələnlər olurdumu?
 
- Bəli, çox olurdu. Hətta mən bir gün Moskvada müalicə olunanda Volodya adlı bir “avtoritet” rus gəlib tövbə etdi və İslamı qəbul etdi. Adını da Əhməd qoymuşduq. Özü də arvadının adını dəyişib Fatimə qoydu. İki oğlu vardı, birinə Hüseyn, o birinə isə Həsən adı verdi. Rəhmətlik Heydər Camalla dost idi. Onunla birgə gəlmişdi xəstəxanaya məni yoluxmağa...
 
“Köhnə “oğru” aləmindəki dəyərlər, prinsiplər çox aşılanıb...”
 
- Hacı, bu geniş söhbətimizdən sonra belə bir fikir yaranacaq ki, biz kriminal aləmdəki müsbət cəhətləri göstərməklə onu təbliğ edir, yeniyetmə və gənclərin bu yola meyillənməsinə şərait yaradırıq...
 
- Bu yolun öz müsbət və mənfi cəhətləri vardır. Birincisi, ən yaxşı yol halal zəhmət yoludur. İkincisi də, əvvəl dediyim kimi, indiki bəzi gənclərin özlərinə ideal seçdiyi o köhnə “oğru” aləmindəki qayda-qanunlar, dəyərlər, prinsiplər çox dəyişib, aşılanıb...
 
- Birdən indiki kriminal aləm nümayəndələrindən biri qalxıb deyər ki, sübut edin ki, bizim yol əsl “qanuni oğru” yoluna uyğun deyil... Onda necə cavab verəcəyik?
 
- Bilirsız, hər kəs öz hərəkəti ilə hansı yolun yolçusu olduğunu ortalığa qoyur. Biz Sovet dövründəki “oğru» qanunlarını açıqladıq, indikilərdən heç kimlə münasibətim yoxdur. Amma bir ağsaqqal kimi cavanlarımıza hər zaman düz yol göstərməyə, məsləhət verməyə hazıram, təki həyatları faciə ilə bitməsin...
 
“İndiki vaxtda gənclərin kriminal aləmə meyillənməsi doğru deyil...”
 
- Onda belə çıxır ki, cavanların kriminal aləmə meyillənməsi qətiyyən doğru deyil...
 
- Bəli. Doğru deyil...  Sonda mənim bir hacı, bir ağsaqqal kimi gənclərimizə, ümumiyyətlə, vətəndaşlarımıza bir tövsiyəm var ki, bu həyatda ən doğru yol Allah yoludur, Peyğəmbər əleyhissəlam yoludur. Bizim üçün ideal insan - Peyğəmbər(s), yol da onun yolu olmalıdır. Kriminal aləm o cəmiyyətlərdə formalaşır ki, orada Allah, İslam, Peyğəmbər(s), Quran, Əhli-Beyt unudulur, haqsızlıq, ədalətsizlik baş alıb gedir və qəlbində haqq duyğusu olan insanlar xalqa zülm edənləri öz üslubları ilə cəzalandırmağa, haqqı, ədaləti qoruyacaq bir sistem yaratmağa çalışırlar...
 
“Gəlin hamılıqla Allahın ipindən yapışaq...”
 
Biz əgər düzgün müsəlman olsaq, İslamı düzgün tətbiq etsək, Azərbaycan dəyərlərini doğru yaşatsaq, cəmiyyətdə sosial bərabərsizlik yaranmaz, ədalətsizlik tüğyan etməz və kimlərinsə zor gücünə bunların qarşısını almasına, “avtoritet”, “oğru” aləminin formalaşmasına ehtiyac yaranmaz. Bu gün Gəlin, Qurani-Kərimin bir ayəsində deyildiyi kimi, hamılıqla Allahın ipindən möhkəm yapışaq ki, həm bu dünyada, həm də Axirətdə nicata çataq...
 
Söhbətləşdi: Sultan Laçın

Загрузка...
Загрузка...