İslam dünyası Azərbaycanı dəstəklədi

“İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü pisləyən qəti mövqeyini bir daha təkrarlayıb, ərazilərin güc yolu ilə əldə edilməsinin BMTNizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğunu təsdiqləyib və BMT TŞ-nin qətnamələrini həyata keçirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırıb”.
Turaninfo.az APA-nın xəbərinə istinadən, bu barədə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 13 zirvə konfransının yekun kommünikesində deyilir.
Sənəddə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinə çağırış yer alıb: “Konfrans təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılması, qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki olaraq dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdən narahtlıq ifadə edir. Bu baxımdan konfrans üzv dövlətləri milli qanunvericiliklər əsasında tədbirlər görməyə çağırır”.
Konfrans Ermənistanın mülki insanların əziyyət çəkməsi, məscidlərə hücum edilməsi, dua edən insanların ölümü və sosial-iqtisadi infrastrukturun dağıdılması ilə nəticələnən davamlı hücumlarını qınayıb: “Konfrans Azərbaycanın bu hücumlara qarşı durmaq və öz əhalisini müdafiə etmək səylərini dəstəkləyir".
Sənəddə Ermənistana siyasi, iqtisadi və digər vasitələrlə təzyiqin davam etdirilməsinin vacib olduğu vurğulanıb.
Yekun kommünikedə İrana qarşı tənqidlər də yer alıb. Bu ölkənin region dövlətlərinin daxili işlərinə qarışması qınanıb.