İslam dövlətləri Qarabağı zirvəyə çıxaracaq? - GEDİŞAT

 
    
 
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə toplantısında yekun bəyannamə qəbul edildi.
 
Toplantıda iştirak edən ölkələrin imzaladığı bəyannamədə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir, dünya ölkələrini işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır: “ABŞ qanunsuz qərarından geri çəkilməzsə, yaşananlara görə məsuliyyət daşıyacaq. ABŞ-ın qərarı Fələstin xalqının hüquqlarının tapdalanmasıdır. Bu ölkə İsrail-Fələstin münaqişəsində vasitəçi rolundan çəkilməlidir". Sənəddə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə birtərəfli qərarı İsrailin 1967-ci ilə Şərqi Qüds də daxil olmaqla, işğal etdiyi Fələstin torpaqlarında apardığı irqi ayrı-seçkilik, etnik təmizlik siyasətinə dəstək verən addım kimi dəyərləndirilir.
 
Qarabağ problemi İƏT-in gündəliyində
 
Qeyd edək ki, İstanbulda keçirilən sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı sammit iştirakçılarına Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı haqqında geniş məlumat verdi. İlham Əliyev beynəlxalq təşkilatların (BMT, ATƏT, Avropa Parlamenti və s.) işğalçı Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmağa çağıran qətnamələrinin hələ də yerinə yetirilmədiyini diqqətə çatdırdı.
 
Sammitdən sonra İsrail və Fələstin arasında uzun illərdir davam edən Qüds münaqişəsi Azərbaycanda da ictimai müzakirəyə çıxarıldı. Lakin bu müzakirələr Qüdsün İsrailin, yaxud Fələstinin ərazisi kimi tanınması yox, İƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də masaya yatırılmasıyla bağlıdır. Artıq bir sıra siyasi səviyyələrdə İƏT-üz üzv olan güc dövlətlərə (Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə, Qazaxıstan və s.) çağırışlar edilir. Hesab edilir ki, məsələnin İƏT-in masasına yatırılması münaqişənin hüquqi baxımdan Azərbaycanın maraqlarına uyğun formada həll edilməsi istiqamətində müsbət addım ola bilər. Düzdür İƏT-in Ermənistanı işğalçı kimi tanıyan qətnaməsi var, lakin indiyədək təşkilat bir dəfə də olsun Qarabağla bağlı toplanmayıb. Hesab edilir ki, Qazaxıstan, Türkiyə, Səudiyyə Ərəbistanı, yaxud Pakistanın moderatorluğu ilə Qarabağ məsələsinin İƏT çərçivəsində geniş müzakirəsi təşkil edilə bilər.
 
 
 
“Müsəlman ölkələrindən dəstək alıb torpaqları azad edə bilərik”
 
“Qarabağ Azadlıq” Təşkilatının (QAT) sədri Akif Nağı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi müsəlman dövlətlərin siyasi gündəminin əsas məsələlərindən birinə çevrilmək üzrədir. QAT sədrinin sözlərinə görə, uzun müddətdir bu istiqamətdə müəyyən addımlar atılır: “QAT uzun müddətdir bu məsələ üzərində çalışır, təbliğat aparır. Fələstinlə bağlı İranda keçirilən konfransda da bu məsələni qaldırdıq. Əlbəttə, İslam Əməkdaşlıq Təşkilatının Qarabağ problemi ilə bağlı böyük konfransı keçirilməlidir. Biz QHT-ləri əhatə edən Qarabağla bağlı beynəlxalq forum yaratmışıq. Burada İran, Gürcüstan, Azərbaycan və Rusiyadan olan təşkilatlar birləşib. Məqsədimiz Qarabağla bağlı həqiqətləri təbliğ etməkdir. Artıq Qarabağ məsələsi islam ölkələrinin gündəmindədir.
 
İstanbul sammitində prezident İlham Əliyev də Ermənistanın Azərbaycana işğalçı təcavüzü, Xocalı soyqırımı barədə ətraflı məlumat verdi. Bu il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilib, bu çərçivədə baş tutan beynəlxalq tədbirlərdə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ölkələrinə ətraflı məlumatlar çatdırıldı. QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İslam həmrəyliyi və Qarabağ” mövzusunda geniş konfrans keçirdik. Müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinin əksəriyyət həmin konfransa qatıldı. Yəni, bu istiqamətdə işlər gedir”.
 
A.Nağı hesab edir ki, Qarabağ məsələsi islam dünyasının gündəminə gələcək: “Çıxış yolu da budur. Bizim başqa yerlərdən dəstək gözləməyimizin yeri yoxdur, ancaq müsəlman ölkələrindən dəstək alıb torpaqlarımızı işğaldan azad edə bilərik”.
 
 
 
“Xəritədə tanımadığımız hansısa müsəlman ölkəsinin prezidenti...”
 
Hərbçi-ekspert Ramil Məmmədli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, İslam Əməkdaşlıq Təşkilatı sosial əsaslı birlikdir. Ekspert vurğulayıb ki, bu günədək İƏT-in müsəlman ölkələrindəki münaqişələrlə bağlı verdiyi qərarlar və imzaladığı sənədlər bu problemlərin köklü həllinə gətirib çıxarmayıb: “Hesab etmirəm ki, təşkilatın Qüdslə bağlı qəbul etdiyi qərarla bağlı da müsbət addımlar atılacaq. Yəni, İƏT-ə üzv olan dövlətlərin Şərqi Qüdsü rəsmi qaydada Fələstinin paytaxtı kimi tanıyacaqları inandırıcı gəlmir. Amma bütün hallarda, Dağlıq Qarabağ münaqişəsinin də bu formatda müzakirə edilməsi, bununla bağlı hansısa sənədin imzalanması Azərbaycanın haqlı mövqeyinin müdafiə edilməsi üçün müsbət hadisə olardı. Bu, İƏT-ə üzv olan dövlətlərin siyasi iradəsindən asılıdır. İndiyədək İƏT Ermənistanın işğalçılıq siyasəti ilə əlaqədər bir neçə sənəd qəbul edib, lakin bu sənədlərin münaqişəyə ciddi təsir imkanları olmayıb. Hər halda ən az tərcümeyi-hal üçün bu təşkilatda Qarabağ münaqişəsinin müzakirə edilməsi yaxşı hal olardı. Amma bu, zaman itkisidir. Münaqişənin həlli bu təşkilatdan asılı deyil. Məsələnin həll edilməsi ilə bağlı hansı addımların atılmalı olduğunu yaxşı bilirik”.
 
R.Məmmədli xatırladıb ki, 30 ilə yaxındır münaqişənin həlli ilə bağlı danışıqlar aparılır, amma heç bir nəticə yoxdur: “Buna görə də xəritədə tanımadığımız kiçik bir müsəlman ölkəsinin prezidentinin nə vaxtsa hansısa sənədə imza atacağını gözləmək, vaxt itkisindən başqa heç nə deyil. Amma bütün hallarda belə bir tədbirin keçirilməsi də münaqişənin beynəlxalq səviyyədə gündəmə gətirilməsi baxımından müsbət addım olardı”.
 
Mənsur Rəğbətoğlu
 
Cebhe.info

Загрузка...
Загрузка...