ISLAHATLAR APARILACAQMI?

 
Hakimiyyət postneft dövrünü struktur islahatları ilə keçməkdədir. Dövlətin israfçılıq yaradan qurumları ləğv edilir ya da birləşdirilir; Neftin dünya bazarında ucuzlaşması artıq qənaət rejiminə keçməyə vadar edib...
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, bu proses məmur ordusunda narazılıq yaratmağa başlayıb. Prezidentin verdiyi fərmanlar və struktur islahatları onların “kürkünə birə salıb”.
 
İlham Əliyevin qərarları məhz ölkənin iqtisadi vəziyyətinə adekvat addımlardır. Bu islahatlar büdcə vəsaitlərinə qənaət etməyə hesablanıb. Amma yırtıcı və talançı məmurlar mənimsəməyə vərdiş ediblər.
 
Onların idarəçilik sistemi illərdi ki, korrupsiya üzərində köklənib. İndi yeni bir iqtisadi idarəçiliyin başlanması hakimiyyətin yuxarı dairələrinə etiraz etməklə müşayiət olunur.
 
Bəzi məmurlar giley-güzarını çatdırır, əvvəlki gəlirlərin olmadığını yaxın çevrəsində şikayətlənir. Yaxın günlərdə Azərbaycanda bir neçə dövlət komitəsinin ləğvi də gözlənilir.
 
Bu addım dövlət xərclərinin optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi baxımdan zəruridir. Biz bir neçə qurumun adı təqdim etmişik.
 
Bu arada istiqlal.az da yazıb ki, Dövlət Sərhəd Xidməti Müdafiə Nazirliyinin, Miqrasiya Xidməti Daxili İşlər Nazirliyinin, Diasporla ilə İş üzrə Dövlət Komitəsinin Xarici İşlər Nazirliyinin tabeçiliyinə veriləcək.
 
Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ləğvi, funsiyalarının başqa dövlət qurumlarına verilməsi gözlənilir.
 
Bir qədər əvvəl Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi və Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib, Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib.
 
Politika.Az-ın İqtisadiyyat Şöbəsinin yaydığı məlumata görə, “Azərenerji” ASC, Standartlaşdırma və Patent Komitəsi, Meliorasiya və Su Təsərrüfatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ləğv edilə bilər.
 
Millət vəkilləri, ekspertlər bu məsələ ilə bağlı konkret adlar çəkərək nazirliklərin sayının azaldılması, bəzi qurumların isə birləşdirilməsi təklifi ilə çıxış ediblər. Bu barədə yazmışıq. Son bilgilərə görə, prezidentin bu islahatlara hazırlığı və mətbuatda ictimailəşməsi məmurların təvşişə salıb.
 
Onu da demək lazımdır ki, Konstitusiyaya edilən əlavə və düzəlişlərin ən mütərəqqi bəndi vitse-prezidentlik institutunun yaradılması idi. Bu təsisatın yaradılması həm ölkədə islahatların sürətləndirilməsinə xidmət edəcək, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsinə təkan verəcək.