İŞİD türk əsgərini şəhid etdi

Cavab atəşi ilə terrorçular susdurulub.
İŞİD terror qruplaşmasının atdığı mərmilər nəticəsində bir türk əsgəri həlak olub. ANS PRESS-in məlumatına görə, İraqın şimalındakı Mosul şəhəri yaxınlığında baş verən hadisə zamanı daha bir türk əsgəri yaralanıb.
“Katyuşa” raketlərinin mərmiləri türk hərbçilərinin bazasına düşüb.
Bu barədə Türkiyə hərbi mənbələrinə istinadən “Reuters” xəbər verib. Verilən məlumata görə, İŞİD terror qruplaşmasının kürd peşmərqələrinə atdığı “Katyuşa” raketlərinin mərmiləri türk hərbçilərinin bazasına düşüb.
"İŞİD terror qruplaşmasının regionda müəyyən edilmiş məntəqələri əks atəşlə susdurulub", - deyə Türkiyə baş qərargahının xəbərində bildirilir.
Bir müddət əvvəl həmin ərazidə yerləşən türk hərbçilərinin bazasına hücüm etmiş İŞİD terror qruplaşmasının 18 döyüşçüsü məhv edilmişdi. Analoji hadisə keçən il dekabrın sonlarında yaşanıb. İŞİD terror qruplaşması İraqın Başika ərazisində yerləşən Türkiyə hərbi düşərgəsinə raket zərbələri endirib. Hücum nəticəsində iki mülki şəxs öldürülüb və dörd türk əsgəri yaralanıb. Yaralılar helikopterlə Şırnaka aparılıb. Onlardan birinin vəziyyəti ağırdır. Türk ordusunun tank batalyonu İŞİD terror qruplaşması ilə mübarizə aparan kürd qoşununun hazırlığı üçün Naynava əyalətində yerləşdirilib. Türk tərəfinin versiyasına görə, bu haqda razılıq İraq hakimiyyətiylə əldə olunub.
Bağdad hərbi müdaxilədə Türkiyəni ittiham edərək tələb etmişdi ki, qoşunlar ölkənin ərazisini tərk etsin. İraq parlamentinin bəzi deputatları hökumətdən türk ordusuna qarşı hərbi əməliyyata başlamağı tələb edirdilər. Türkiyə Xarici İşlər Nazirliyi isə bildirib ki, rəsmi Ankara İraqa əlavə qüvvə göndərmək niyyətində deyil, həmçinin orda olan hərbi kontingenti çıxarmağı planlaşdırmır.