İŞİD terrorçuları Suriyada ikisi uşaq olmaqla, 6 dinc sakini edam ediblər

İŞİD terrorçuları kürdlərin mühasirəsində olan Suriyanın Mənbic şəhərindən qaçmaq cəhdinə görə ikisi uşaq olmaqla bir ailənin 6 üzvünü güllələyiblər.
 
"Report" xəbər verir ki, bu barədə yerli fəala istinadən Kürdistan Vətənpərvərlik İttifaqının mətbuat mərkəzi məlumat yayıb.
 
Məlumata görə, onlar digər yerli sakinləri qorxutmaq məqsədi ilə yüzlərlə insanın gözü qarşısında edam olunublar.
 
Hazırda əsasını kürd könüllülərinin təşkil etdiyi "Suriya demokratik qüvvələri" müxalifət qruplaşması beynəlxalq koalisiyanın havadan dəstəyi ilə Mənbicə hücuma keçib.
 
Mənbic terrorçuların silah və əlavə dəstək aldıqları mühüm logistika mərkəzlərindən biridir.