İrəvanın heç bir şərti yerinə yetirilmədi – Yepifantsev

Əgər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yaxın vaxtlarda ikinci raundu keçirilməsə, təmas xəttində vəziyyət yenidən gərginləşəcək.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında rusiyalı politoloq, «Alte et Certe» Analitik Mərkəzinin rəhbəri Andrey Yepifanstev bildirib. Onun sözlərinə görə, prezidentlərin Vyana görüşünün keçirilməsi özü müsbət faktdır:
 “Nəzərə alaq ki, bir ay bundan qabaq qoşunların təmas xəttində gərginlik pik həddə idi. Ermənistan
danışıqlar prosesindən, ümumiyyətlə, çıxdığını bəyan etmişdi. Bundan başqa, İrəvan danışıqlara başlamaq üçün ilkin şərtlər irəli sürmüşdü. Bu, Azərbaycan tərəfinin atəşkəs rejiminə əməl edəcəyinə zəmanət verməsi və digər şərtlərdən ibarət idi. Lakin göründüyü kimi, Ermənistanın irəli sürdüyü şərtlərin heç biri yerinə yetirilmədi və İrəvan da danışıqlar masasına oturdu”.
 Rusiyalı ekspertin fikrincə, əgər danışıqlar prosesində real irəliləyişlər olmasa, real addımlar atılmasa, müharibə təhlükəsi yenidən gündəmə gələcək:
 “Ermənistanın mövqeyi münaqişə bölgəsində status-kvonu qoruyub saxlamaqdır ki, bu da münaqişənin həlli prosesi ilə bağlı danışıqları bəhrəsiz edir. Həmsədr ölkələr Azərbaycanı daim danışıqlar prosesində saxlamaq istəyirlər. Ona görə ki, Azərbaycan danışıqlar masasına oturanda, döyüşmür. O ki qaldı həmsədr ölkələrin tərəflərin güzəştlər tapmasına yardımçı olacağına, deyə bilərəm ki, danışıqlar prosesində güzəşt ilkin olaraq Ermənistanın işğal etdiyi rayonlardan bir neçəsini nəqliyyat blokadasının aradan qaldırılması müqabilində Azərbaycana qaytarması ola bilər. Hesab edirəm ki, həmsədr ölkələr Ermənistana bu addımı atmağa təzyiq etməlidir. Son 20 ildə Ermənistan status-kvonu saxlamaqla uğur əldə etdiyini düşünürdü. Lakin aprel hadisələri bunun əksini sübut elədi. Son 20 ildə Ermənistan hərbi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini gördü. Ona görə də hesab edirəm ki, hazırkı hərbi-siyasi vəziyyət Ermənistanın uzun illərdir tutduğu mövqedən əl çəkməsini mümkün edir. Bu zaman müəyyən imkan yaranacaq ki, kompromis əldə olunsun".