İrəvanın alınmayan hiyləsi: Tiflis rus xəfiyyəsini vurdu – Foto

 
Rəsmi Tiflis Ermənistanın Gürcüstana səfir təyin etmək istədiyi Sergey Minasyanın (erməni politoloq, Qafqaz İnstitutunun direktor müavini) namizədliyini təsdiq etməyib. Bunun iki səbəbi var.
 
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
 
Onun sözlərinə görə, birincisi, Gürcüstanda doğulan Minasyan bu ölkədə erməni separatizminə dəstək verib, hətta deyib ki, Rusiya erməniləri qorumaq üçün Gürcüstana müdaxilə etməlidir:
 
“Sergey Minasyan bildirib ki, Gürcüstanda yaşayan ermənilər Gürcüstanı heç vaxt özlərinə vətən hesab etməyiblər. İkincisi, Minasyan bütün məsələlərdə Rusiyanı dəstəkləyir. Gürcüstan tərəfində ciddi şübhə var ki, Sergey Minasyan bu ölkədə Ermənistanı deyil, Rusiyanı təmsil edəcək. Minasyanın Rusiyanın kəşfiyyat xidmətləri ilə əlaqələrinə dair də şübhələr var”.
 
Politoloqun fikrincə, aydındır ki, belə bir şəxsi Gürcüstan səfir olaraq qəbul edə bilməz:
 
“Bəs rəsmi İrəvan bilə-bilə ki, Tiflis Sergey Minasyanı qəbul etməyəcək, nədən onu Gürcüstana səfir təyin etmək istəyib? Zənnimcə, bunun iki səbəbi ola bilər.
 
Birinci səbəb. Ermənistan hakimiyyəti Sergey Minasyanın vasitəsilə Gürcüstanda yaşayan erməniləri fəallaşdırmağa çalışacaqdı. Məsələ burasındadır ki, 1980-ci illərdə Ermənistan Azərbaycanla yanaşı Gürcüstandakı erməniləri də mərkəzi hökumətə qarşı qiyama qaldırmaq istəyib. Ancaq daha sonra fikirləşdilər ki, Ermənistan eyni zamanda həm Türkiyə, həm Azərbaycan, həm də Gürcüstanla düşmən ola bilməz. İndi isə görünür, yenidən köhnə planlarına qayıdırlar. Gürcüstandakı ermənilərin fəallaşdırılması Rusiyadakı bəzi mərkəzlərin planı da ola bilər.
 
İkinci səbəb. Rusiya və Ermənistan Azərbaycanın reallaşdırdığı enerji və nəqliyyat layihələrindən narahatdır. Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi də başa çatıb və bu dəmiryolu Gürcüstanda ermənilərin kompakt yaşadığı ərazidən də keçəcək. Bu layihələr Ermənistanı daha çox təcrid vəziyyətinə salır. Görünür, İrəvan və Moskva Sergey Minasyan və Gürcüstanda yaşayan ermənilər vasitəsilə bu layihələrə qarşı da fəallaşmaq istəyirlər.
 
Tiflis bu təxribatçı planların qarşısını aldı. İndi İrəvanın iki yolu var. Ermənistan hakimiyyəti Sergey Minasyanın namizədliyində israr edərsə, Gürcüstanla münasibətləri daha da gərginləşdirəcək. Ya da İrəvan bir müddətdən sonra Minasyanı başqa namizədlə əvəz etmək məcburiyyətində qalacaq. Ancaq bu halda geri addım atan Ermənistan hakimiyyəti millətçi müxalifətin ciddi etirazı ilə üzləşəcək”.
 
Müəllif: Səxavət

Загрузка...
Загрузка...