İrəvanda Qarabağ danışıqları: Lavrovdan bədbin proqnoz - CANLI YAYIM - YENİLƏNDİ

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Bakıda aparılan söhbətlərlə erməni tərəfini tanış edib.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov İrəvanda erməni həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Lavrov qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şəraitin yaradılması istiqamətində səylərimizi davam etdirəcək.
Rusiya xarici siyasət idarəsinin başçısının sözlərinə görə, 2007-ci ildən etibarən münaqişənin həlli ilə bağlı bütün komponentlər bir sıra sənədlərdə öz əksini tapıb. Bütün həmsədrlərin təkliflərinin masa üzərində olduğunu deyən Lavrov bunların paket şəklində oldğunu qeyd edib: “Bunlardan bir və ya ikisini götürmək və bu istiqamətdə müzakirə aparmaq çətindir. Çünki o zaman balans itir. Belə olan halda müsbət nəticə verməyəcək”.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı qeyd edib ki, bu mərhələdə xüsusi optimizm göstərmək lazım deyil, çünki Dağlıq Qarabağ mürəkkəb problemdir və həlli vaxt tələb edir.
“Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, tezliklə başa çatmayacaq”, - o deyib.
***
İrəvanda Rusiya və Ermənistan Xarici İşlər Nazirliyinin başçıları - Sergey Lavrov və Edvard Nalbandyan arasında görüş başlanıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, görüş mətbuat üçün qapalı formatda keçirilir.
İkitərəfli danışıqların gündəliyinə Rusiya və Ermənistanın Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və MDB çərçivəsində münasibətləri, BMT çərçivəsində mövqelərin koordinasiyası və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi daxildir.
Xatırladaq ki, Rusiya xarici siyasət idarəsinin başçısı 19-20 noyabr tarixlərində Bakıda səfərdə olub. Lavrov Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Загрузка...
Загрузка...