İrəvanda baş verənlər Sərkisyanın oyunudur, yoxsa sonu?

Ekspert: “Ermənistan Dağlıq Qarabağı nəzarətində saxladıqca öz xalqı rahat yaşamayacaq”
Mitinqdə ilk olaraq “Təsis parlamenti”nin üzvü, ASALA terror təşkilatının keçmiş üzvü Alek Yeniqomşyan çıxış edib. O, yeni hökumət qurmaq istədiklərini dilə gətirib. Hadisələr Azərbaycanda da maraqla izlənilir. Ən əsas sual isə Azərbaycanın düşmən ölkədəki qarışıqlıqdan necə yararlanacağı məsələsidir. Bəzi ekspertlər İrəvanda cərəyan edən hadisələrin Azərbaycanın maraqlarına xidmət etdiyini, bəziləri isə bütün bunların Sərkisyanın təşkil etdiyi bir şou olduğunu bildirirlər.
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son vaxtlar Sərkisyan hakimiyyətinə qarşı olan bütün qüvvələr Ermənistanda birləşib: “Bu qüvvələr rəngarəngdir. Aralarında fərqli siyasi cərəyanlar da, liberal qüvvələr də var, Qarabağda savaşan başkəsənlər də. Ona görə də birmənalı demək olmaz ki, bu hadisələrin Azərbaycana nə dərəcədə xeyri və ya müsbət tərəfi ola bilər. Sərkisyan Qarabağda separatçılara rəhbərlik etmiş şəxsdir. Onun Qarabağ danışıqlarında geri addım atacağı gözlənilmir. Bu baxımdan, əlbəttə ki, Ermənistanda qarışıqlıq yaranması, Sərkisyanın mövqelərinin zəifləməsi Azərbaycanın  maraqlarına uyğundur. Bu isə bir daha onu sübut edir ki, Ermənistan Dağlıq Qarabağı nəzarətində saxladıqca, öz ölkəsində xalq rahat yaşamayacaq, sosial-iqtisadi problemlərin artdığı bir vaxtda Qarabağ da onlara əlavə bir yükdür. Həm siyasi baxımdan gərginlik yaradır, həm də maliyyə baxımından Ermənistanın büdcəsinə ağırlıq düşür. Bu yük artıq onlara ağır gəlir. Sərkisyan ölkəni idarə edə bilmir. Belə bir qarışıqlığın yaranması isə bizim xeyrimizədir. Yaxın tarixə qayıtsaq, onlar da vaxtilə bizim problemlərimizdən bizə qarşı çox məharətlə istifadə etməyə çalışdılar. 1993-cü ildə Surət Hüseynov qiyamı, silahlı qüvvələrin Dağlıq Qarabağdan çəkilməsi, Bakıda hakimiyyət uğrunda mübarizə və sair Ermənistan tərəfinin xeyrinə idi və bundan məharətlə istifadə edirdilər. İndi biz də cavab addımı kimi baxmalıyıq ki, Ermənistan hansı nöqtəyə qədər gedir. Bundan gələcəkdə öz məqsədlərimiz üçün istifadə etməliyik”.
 
Politoloqun fikrincə, Sərkisyan hakimiyyətdən gedərsə, onun yerinə gələn adamın Azərbaycanın maraqlarına uyğun hərəkət edəcəyini demək mümkün deyil: “Çünki bilmirik ki, Sərkisyandan sonra hakimiyyətə gələn qüvvə daha çox liberallar olacaq, yoxsa millətçilər. Onlar Sərkisyandan da betərdilər və onun kimi Qarabağın işğalında iştirak ediblər. Liberal qüvvələr hakimiyyətə gəlsə, o zaman  onlarla hər hansı real danışıqlar aparmaq olar. Ancaq indiki situasiyada bizdən tələb olunan Ermənistandakı vəziyyəti diqqətlə izləmək və lazım gələrsə, ondan istifadə etməkdir. İndiki hadisələr məhz aprel döyüşlərindən sonra yarandı. Aprel döyüşləri olmasaydı, bəlkə də indi Ermənistanda sakitlik idi. O döyüşlərdəki məğlubiyyət Ermənistan tərəfini çalxaladı. Gördülər ki, orduda korrupsiya var, hökumətin vəd etdiyi lazımi silahlar yoxdur”.
 
 
 
Elxan Şahinoğlu qeyd etdi ki, əgər Ermənistanda baş verən hadisələr kəskinləşsə ,Sərkisyanın vəziyyəti ağırlaşsa, bu, Qarabağdakı proseslərə də müəyyən qədər təsir edə bilər: “Lakin Azərbaycana qarşı təxribat da baş verə bilər. Çünki Sərkisyan hakimiyyəti diqqəti ölkədaxili vəziyyətdən yayındırmaq istəyə bilər. Əgər cəbhədə toqquşmalar baş versə, bütün diqqət Qarabağa yönələr və belə olan halda müxalifət də anlayış göstərər. Ermənistan müharibə şəraitində olan dövlətdir, buna görə ölkədaxili məsələlər arxa plana keçər. Amma belə bir təxribata əl atsalar, yenə də öz problemlərini dərinləşdirəcəklər. Aprel ayında  olduğu kimi böyük itkilər verəcəklər. Bu, həm Qarabağdakı rejimi, həm də Ermənistan hakimiyyətini  silkələyə bilər”.
 
 
 
Politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”a açıqlamasında bu prosesin Azərbaycanın xeyrinə olduğunu düşünmədiyini bildirdi: “Çünki Sərkisyanın son vaxtlar atdığı addımlar hamısı hakimiyyətin qorunması üçün düşünülmüş addımlardır - məqsədli təşkil olunmuş mitinqlər də, hər hansı qondarma müxalifət nümayəndəsinin mitinqlərə çıxması da. Bütün mitinqlərin başında son addım kimi Qarabağ məsələsində bir addım da geri atmamaq hədəfi durur. Dağlıq Qarabağda yaşayan qadınları, şəhid analarını da oraya yığmaqla göstərmək istəyirlər ki, guya bu mitinqlər də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Sərkisyanın istefası tələbləri də qondarma məsələdir. Çünki 2017-2018-ci illərə qədər o, nəyin bahasına olursa-olsun öz hakimiyyətini qorumağa çalışır. Bununla da Dağlıq Qarabağda status-kvonun saxlanması üçün zəmin yaradır. Sərkisyan hakimiyyətdən getsə, onun yerinə başqa bir adam gəlsə, artıq danışıqlar yenidən başlamalıdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yeni görüşlər keçirilməlidir”.
 
A.Nağıyevin fikrincə, bunlar  hamısı çox yaxşı hazırlanmış bir şoudur: “Düşünürəm ki, Sərkisyan bunu Rusiyaya nümayiş etdirməklə həm hakimiyyətinin qorunması üçün zəmin hazırlayır, həm də özünü sığortalayır ki, əgər Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilsə, xalq ayağa qalxa bilər. Azərbaycan hakimiyyətinə də Sərkisyanın hakimiyyətdə olması sərf edir. Sərkisyanın hakimiyyətdən getməsi bu gün Azərbaycanın xeyrinə deyil”. (musavat.com)
Nərgiz LİFTİYEVA