İrəvan yanır: Serj qiyamçılarla niyə yumşaqdır? - Analiz

 
 
İrəvanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstə polis avtobusunu yandırıb. Ölkədə qiyamın miqyası getdikcə genişlənir. Ermənistanın dinc siyasi müxalifətini silahlı mübarizə aparanlar əvəzləyib
 
Bu hadisələrə şəhər gerilyası adını verməkdə hələ ki tələsmək lazım deyil. Lakin proseslərin gedişatından çıxan nəticə belədir: Serj Sərkisyan rejimi silahlı müxalifətlə davranışda olduqca ehtiyatlıdır.
 
Politika.Az-ın analitik şöbəsi xəbər verir ki, Sərkisyan hakimiyyəti gözlənilməz vəziyyətlə qarşılaşıb və ilk dəfə önünə çıxan heç də dinc nümayişlər keçirən siyasi müxalifət partiyaları deyil.
 
Bəlkə də Serj rejiminin qiyamı yatırmaq və silahlıları zərərsizləşdirmək iqtidarı var. Sadəcə, aqressiv müdaxilənin doğuracağı iğtişaşlardan ehtiyatlanan hökumət məsələni danışıqlar yolu ilə həll etmək istəyir.
 
Sərksiyan iqtidarı yeni olmasa da, son dövrlərə qədər susqun görünən yeni etiraz gücü ilə qarşılaşa bilər. Çünki Sarkisyan hakimiyyətinə siyasi müxalifətin süstlüyü keçmiş döyüşçülərdən ibarət əli silahlı qüvvənin meydana çıxmasına fürsət yaradıb.
 
Polis şöbəsinin binasının tutulması isə bu qüvvənin ilk aksiyasıdır. Aksiya iştirakçılarnın əsas tələbi keçmiş döyüşçü Jirayr Səfilyanın azadlığa buraxılması idi.
 
Bundan sonra yeni tələblər Serj Sarkisyanın istefasına qədər bir-birini əvəzləyib. Silahlı müxalifət sanki öz gücünü hiss edirmiş kimi siyasi müxalifəti proseslərdən kənarlaşdırmaq istəyir.
 
Belə ki, silahlılar bir sıra erməni müxalif siyasətçinin vasitəçiliyindən imtina edib və hətta onları satqın adlandırıb. Ermənistan müxalifətinin öndə gedən simalarından Nikol Paşinyanın aksiya iştirakçıları tərəfindən qovulması da bunu göstərir. Prosesə Qarabağ quldurlarından Vitaliy Balasanyan qoşulub.
 
Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyan da bütün danışıqları bu şəxslər vasitəsilə həyata keçirir. Vitali Balasanyanın sözlərinə görə, Kutoyan ona Ermənsitan prezidenti Serj Sarkisyanın Jirayr Səfliyanla görüşəcəyini və onun istəklərini dinləyəcəyinə söz verib.
 
Vitali Balsanyan bu səbəbdən silahlı qiyamçıları silahlarını yerə qoymağa çağırıb. Lakin bundan sonra silahlı şəxslərlə dialoqa üçüncü bir şəxs- Sisakan batalyonun keçmiş komandiri Aşot Minasyan da qatılıb. Bu şəxs Kəlbəcərin işğalında iştirak edib.