İrəvan qayğılarını Kremlin üstünə atır, Rusiya... - Seşentsev

Maraqlarını hərb gücünə müdafiə etməyə hazır olan Azərbaycan özünü getdikcə daha ağır çəkili regional oyunçu hiss edir.
 Axar.az xəbər verir ki, bu sözləri “Vneşnyaya politika” agentliyinin rəhbəri, Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun dosenti Andrey Suşentsov “Dağlıq Qarabağ münaqişəsində status-kvo Rusiyaya və onun müttəfiqlərinə ziyan vurur” sərlövhəli analitik məqaləsində yazıb. Məqalə Rusiyanın “RİA Novosti” agentliyində yer alıb. Müəllif yazır:
 “Zəif olduğunu hiss edən İrəvan 1991-1994-cü illər münaqişəsində qələbəsinin nəticələrinin saxlanılması qayğılarını Moskvanın üzərinə qoymağa çalışır, Rusiya bunu etməyəndə qıcıqlanır”.
 Məqalədə deyilir ki, Qarabağ münaqişəsinin həlli Rusiya xarici siyasətinin əsas prioritetləri sırasındadır. Moskva ən böyük təhlükəni hərbi əməliyyatların yenidən başlanmasında və perspektivdə genişlənərək, üçüncü ölkələrin, ilk növbədə Rusiyanın və Türkiyənin regional müharibəyə cəlb olunduğu regional müharibəyə çevrilməsində görür. Başqa bir təhlükə də az əhəmiyyət daşımır: qarşıdurmanın uzanması Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləməsinə gətirib çıxarır.
 Rusiya silahlarının Azərbaycana satılmasını ikitərəfli etimad və hərbi transparentlik tədbirləri kimi nəzərdən keçirən Andrey Suşentsov yazır: “Rusiya Azərbaycan ilə qarşılıqlı hərbi-texniki fəaliyyəti dayandırmağa tələsmir, çünki bu qarşılıqlı fəaliyyət iki ölkənin çoxşaxəli əməkdaşlığının karkasıdır. Bu karkasın sındırılması Bakını Rusiyadan yan keçməklə və ona qarşı qoymaqla öz problemlərinin, o cümlədən Qarabağ probleminin həllini axtarmağa məcbur edəcək”.
 Müəllifin fikrincə, Dağlıq Qarabağın status-kvosu Ermənistana da ziyan vurur. Məqalədə deyilir: “Nizamasalma məsələsində maksimalist mövqe tutan İrəvan özünü yavaş-yavaş düşmənindən geri qalmağa məhkum edir və Rusiyanın hərəkətlərinə getdikcə daha çox qıcıqlanır, çünki onun fikrincə, Ermənistanın problemini Rusiya həll etməlidir. Rusiya ilə ümumi sərhədinin, yaxud dənizə çıxışının olmamasını, Türkiyə tərəfindən blokadaya alınmasını, habelə Ermənistanın əsas regional nəqliyyat və energetika infrastrukturlarından coğrafi təcridini nəzərə alsaq, İrəvan vaxt keçdikcə daha da pisləşən iqtisadi duruma düşdüyünü görür. Problemi hətta Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü də həll etməyəcək: ölkənin iqtisadiyyatı ləng inkişaf edəcək, iqtisadi mühacirət əvvəlki kimi yüksək olacaq. Münaqişənin həll edilməməsi Ermənistanın regional təcridini dərinləşdirir və ölkənin uzunmüddətli inkişafı yolunda başlıca maneəyə çevrilir”.
 “Bu meyil Ermənistanı 2050-ci üçün hara gətirib çıxaracaq? Ölkə əsrin ortalarına nə qədər əhali, hansı miqyasda iqtisadiyyat ilə gəlib çıxacaq” suallarına cavab verən politoloq hesab edir ki, İrəvan üçün status-kvo indikindən xeyli əlverişsiz olacaq. Müharibədən sonrakı status-kvonun müdafiə olunması, yəni təcrid müqabilində ərazi əldə olunması İrəvanı yavaş-yavaş durğunluğa və regional qüvvələrin tarixi rəqabətindən geri qalmağa düçar edir.
 Danışıqlar prosesində Bakının mövqeyini də “radikal” sayan A.Suşentsov yazır: “Amma Rusiya və İran ilə əməkdaşlıq quran, öz təsirini Gürcüstana yayan və Türkiyə ilə tandem yaradan Azərbaycan Ermənistandan fərqli olaraq, bütün qonşuları ilə rəvan münasibətlərini qoruyub saxlayıb”.
 Politoloq yazır: “Azərbaycan iqtisadiyyatının və demoqrafiyasının uzunmüddətli perspektivləri hətta neftin qiymətlərinin ucuzlaşması nəzərə alınsa belə, Ermənistanınkından daha əlverişlidir. Azərbaycan dəmir yolu, avtomobil və boru kəmərlərini əhatə edən transregional tranzit layihələrinin çoxunu özündə birləşdirir. Nəhayət, Bakı yavaş-yavaş Ermənistan və “dqr” üzərində hərbi üstünlüyə doğru hərəkət edir. Cəmiyyətdə aprel ayının hərbi toqquşmaları ilə bağlı ruh yüksəkliyi hökm sürür, itkilər isə əbəs sayılmır.
 Azərbaycan “dqr”in və Ermənistanın 1991-1994-cü illər müharibəsinin nailiyyətlərini müdafiə etməyə nə dərəcədə hazır olduqlarını vaxtaşırı sınamaq üçün özünü yetərincə inamlı hiss edir. Hər il baş verən kiçik miqyaslı hərbi toqquşmalar və təmas xəttinin korreksiya olunması Dağlıq Qarabağda yeni status-kvo elementinə çevrilə bilər. Status-kvo getdikcə daha kövrək olur və daim lokal və regional müharibə təhlükəsi, Cənubi Qafqazda Moskvanın mövqelərinin zəifləməsi, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatı birliyinin zəifləməsi ilə müşayiət olunur. Rusiya münaqişəni həll etməklə, Qafqazda permanent müharibə təhlükəsini aradan qaldıra, regiondakı təsirini gücləndirə, müttəfiqi olan Ermənistanın vəziyyətini yaxşılaşdıra və Azərbaycanı daha sıx əməkdaşlığa cəlb edə bilərdi”.
 A.Suşentsov sonda yazır: “Məsələlər plankası Moskva üçün yetərincə yüksəkdir. Amma nəticələr Rusiyanın Dağlıq Qarabağda sülh yaradılmasına sərf etdiyi səyləri xeyli üstələyə bilər”.