​İraq konfederasiyaya çevrilir: Növbədə Suriya və Türkiyədir

 
 
 
İraqın baş naziri Heydər əl-Abadi rəhbərlik etdiyi hökumətin Kürdüstan Regional Rəhbərliyi ilə hər hansı bir danışığa getməyəcəyini açıqlayıb.
 
Dövlət televiziyasında çıxış edən Abadi "Referendum konstitusiyaya zidd olduğu üçün onun nəticələrini müzakirəyə və ya bir dialoqa girməyə hazır deyilik"- deyə bildirib.
 
Xatırladaq ki, İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani rəsmi Bağdadla danışıq aparmağa hazır olduğunu bəyan edib. İraq hökumətinin Bərzani hökumətinə sərhədlərə və hava limanlarına nəzarəti təhvil vermək üçün ayırdığı möhlət başa çatıb. Rəsmi Ərbilin itaətsizlik göstərməsi İraqı vəziyyətə hərbi müdaxilə etməyə məcbur edib. İraq Məclisinin çıxartdığı qərarla orduya Kərkükə girmək səlahiyyəti verilib. Bundan sonra bununla bağlı bütün qərarları vermək səlahiyyəti baş nazir Heydər əl-Əbadiyə məxsus olacaq.
 
Hadisələrin hansı nəticə doğuracağını konkret proqnozlaşdırmaq çətindir. Çünki İraq Kürd Regional hökumətinin də tabeliyində kifayət qədər silahlı “peşmərgə” qüvvələri var. Əgər İraq ordusuna qarşı silahlı müqavimət göstərilsə, o zaman Türkiyə və İranın da “peşmərgələr”ə qarşı hərbi əməliyyatlara başlayacağı ehtimalı yüksəkdir. Ancaq Məsud Bərzani münaqişənin baş verməməsi üçün ikinci varianta da əl ata bilər. Artıq Kürd Muxtariyyətinin baş naziri Neçrivan Bərzani referendumdan dərhal sonra müstəqil dövlətin elan olunmayacağı haqda açıqlama verib. Bu açıqlamanın arxasında hansı siyasi mesajın dayandığına getdikcə aydınlıq gəlməyə başlayıb.
 
Türkiyənin “Bir gün” qəzetinin yazdığına görə, əgər kürdlərin müstəqil dövlət qurmaq ideyası baş tutmasa, o zaman İraqın federativ strukturlarının konfederativ sistemə çevrilməsi təklif edilə bilər. Yəni kürdlərin konfederativ idarəetmə sisteminə keçmək şərti ilə İraqın tərkibində qalmağa razılıq verəcəyi gözlənilir. Bunun üçün İraq Kürd Muxtariyyətinin konfederasiya daxilində ayrıca parlamentinin, ordusunun, kəşfiyyat sisteminin, polis təşkilatının, müftiliyinin, məktəblərinin, təhsil sisteminin olması şərtləri təklif edilir.
 
Siyasi müşahidəçilərin rəyinə görə, İraq ərazisində müstəqil kürd dövlətinin yaradılması planı baş tutmasa, o zaman M.Bərzani tərəfindən konfederasiyanın yaradılması variantı gündəmə gətirilə bilər. Referendumun nəticələri isə Bərzani hökumətinin əlində müstəqillik iddiasını reallaşdırmaq üçün İraq da daxil olmaqla bölgədəki dövlətlərə təzyiq vasitəsi olaraq qalacaq. Digər ehtimallara görə, İraqın konfederasiyaya çevrilməsi müstəqil kürd dövlətinin yaradılması istiqamətində birinci mərhələ rolunu oynayacaq. Kürdüstan planının müəllifləri isə bu dövlətin yaradılması üçün əlverişli situasiyanın yaranmasını gözləyəcək. Bu baxımdan, sentyabrın 25-də keçirilmiş referendumun nəticələri hüquqi status kimi istifadə oluna bilər.
 
“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İraqın konfederativ dövlətə çevrilməsi planının əvvəldən masa üzərində olduğunu deyir:
 
“Konfederativ idarəetmə təklifini Fransa prezidenti Emmanuel Makron verib. O, bir neçə gün əvvəl Məsud Bərzaniyə referendumu dayandırıb rəsmi Bağdadla danışıqlara getməyi təklif etmişdi. Lakin Bərzani bu təklifdən imtina edib referenduma getməyi qərara aldı. Sentyabrın 26-da İraqın şimalındakı Kürd Muxtariyyətinin təmsilçiləri referendum keçirməklə müstəqil kürd dövləti qurmaq niyyətində olmadıqlarını bəyan etdilər. Artıq ox yaydan çıxıb və İraq Regional Hökuməti nə arxalandıqları ABŞ-a, nə Fransaya, nə İraqın şimalına 4 milyard dollar sərmayə qoymağı planlaşdıran Rusiyaya, nə qonşuluqdakı Türkiyəyə, nə İrana məhəl qoymadan bu aksiyanı həyata keçirdilər. İndi isə BMT, Avropa İttifaqı başda olmaqla qonşu dövlətlər, regionda marağı olan ölkələr bu referenduma etiraz etdilər. İndi çıxış yolu axtarılır. Referendumu keçirən yüz il öncə Osmanlı İmperiyasını parçalayıb, onun yerində ayrı-ayrı dövlətləri quranlardır. İndi də həmin dövlətləri bölüb özlərinə tabe olan etnik qruplara bağlı dövlət qurmaq istəyirlər. Onlardan da biri İraqın şimalındakı yerli hökumətin təmsilçiləridir. Bu baxımdan, çıxış yollarından biri konfederativ quruluşa keçməkdir. Əgər İraq, Türkiyə, İran sərhədləri bağlayıb regional kürd muxtariyyətinə sanksiya tətbiq etsə, onlar necə dolana bilər? Amerika hərbçiləri onlara yardım etməklə də süni bir dövlət yarada bilməz. Bütün dünya görəcək ki, ABŞ, İsrail İraqın şimalında bir terrorçu qrupu dəstəkləyir. Ona görə də çıxış yolu axtarılır. Şimali İraqdakı qüvvələrə dərhal müstəqilliyi elan etməməyi, rəsmi Bağdadla da danışıqları dayandırmamağı tövsiyə edirlər. İraq hökuməti ilə danışıqlarda əsas yeri sərhəd, su təchizatı, kommunikasiya məsələləri tutur. Mərkəzi Bağdad hökuməti də bildirib ki, Regional Kürd Muxtariyyəti sərhədlərə nəzarəti təhvil verməsə, ölkənin hava məkanını bağlayacaq. Vəziyyət getdikcə mürəkkəbləşir. Bəlkə də hadisələrin bu şəkil alacağını gözləmirdilər. Hər halda, Kürd Regional Muxtariyyəti beynəlxalq ictimaiyyətin reaksiyasını yoxladı. İndi danışıqlara getməli olacaq. Bu, konfederasiya da ola bilər, yüksək statuslu muxtariyyət də. Ola bilsin ki, forma qalsın, məzmun dəyişsin. Yəni Kərkük və həmin ərazidəki neft yataqları Kürd Muxtar Vilayətinin tərkibinə qatılması və İraqın şimalındakı hökumətə tabe edilsin. Odur ki, konfederasiya sistemi Bərzaninin və onun dəstəkçilərinin vəziyyətdən çıxmaq üçün axtardırları yollardan biridir. Əks halda, növbəti plan İranın və Türkiyənin parçalanmasıdır. Suriyanın xarici işlər naziri Valid Muallim bəyan edib ki, kürdlərə muxtariyyət verməyə hazırdırlar. İranda da Kürdüstan adlı vilayət var. Rəsmi Ankara isə bəyan edir ki, Türkiyədə belə bir əyalət olmayıb və olmayacaq. Türkiyə və İran ölkənin parçalanması, təməl prinsiplərinin pozulduğunu gördüyü üçün sanksiyaları sərtləşdirəcək. Artıq Türkiyə Şimali İraqa beş mərhələdən ibarət sanksiyanın tətbiq edilməsi barədə qərar qəbul edib. Həmin qadağalar sırasına Şimali İraqdan neft idxalının dayandırılması da daxildir. Bu məsələyə Qərb etiraz etsə də Türkiyə ərazi bütövlüyünü qorumaq üçün bu addımı atmaq məcburiyyətindədir. Türkiyənin quru sərhəddinin ən böyük hissəsi İraq və Suriyanı ayıran ərazilərdir. Türkiyə terrordan, separatizmdən, zorakılıqdan qorunmaq üçün istənilən addımı ata bilər. Bu da beynəlxalq hüququn prinsiplərinə uyğundur ”.
 
“Bərzaninin hakimiyyəti müvəqqətidir”
 
Qeyd edək ki, İraq Kürd Muxtariyyəti referendumdan dərhal sonra ABŞ başda olmaqla Qərbin səsvermənin nəticələrini legitim elan edərək tanıyacağına ciddi ümidlər var idi. Ancaq ABŞ və Avropa dövlətləri referendumu tənqid edərək İraqın ərazi bütövlyünü dəstəklədiyini bəyan etdi. Birləşmiş Ştatların ehtiyatlı mövqe nümayiş etdirməsi və bir qədər geri çəkilməsi Yaxın və Orta Şərqdəki vəziyyətlə izah olunur. Sədrəddin Soltan hesab edir ki, ABŞ İŞİD terroruna qarşı mübarizədə daha çox Suriya ərazisindəki PYD/YPG qüvvələri ilə əməkdaşlığa üstünlük verir:
 
“Kobanidə və Aynan əl-Arabiyyədə ərazinin İŞİD-dən təmizlənib kürdlərə verilməsi vəziyyəti dəyişdirdi. Qərb elə zənn etdi ki, əraziləri terrorçulardan bu şəkildə azad edə bilirsə, Türkiyə və İranı razı sala biləcək. Türkiyəyə edilən təzyiqlərdən biri də İraqın şimalındakı kürdlərlə bağlıdır. Xatırladım ki, ABŞ qoşunları 2003-cü ildə Səddam Hüseyni devirəndə İraqın şiələr, sünnilər və kürdlərdən ibarət üç hissəyə bölünməsi planı var idi. Eyni prinsiplə indi Suriyanı da bölmək istəyirlər. Lakin müqavimətin bu qədər güclü olacağını gözləmirdilər. Bu təzyiqi yumşaltmaq üçün İraqın şiələr, sünnilər və kürdlərdən ibarət konfederativ dövlətə çevrilməsini təklif edirlər. Yəni kürdlərin iştirakı ilə yeni sınaq aparılır. Əgər baş tutarsa, bunu Suriyada da, Türkiyədə də həyata keçirməyə çalışacaqlar”.
 
İraqda, Türkiyədə və Suriyada yaşayan kürdlər arasındakı rəqabətdən söz açan politolıoq onu da bildirdi ki, adıçəkilən etnosun lideri sayılmır. Sabiq prezident, Kürd Vətənpərvərlər İttifaqının lideri Cəlal Tələbaninin hakimiyyətdən getməsindən sonra Məsud Bərzani İraq kürdlərinin lideri kimi çıxış edir.
 
“Amma o, bütün kürdlərin lideri deyil. Sadəcə olaraq, o, İraqdakı mövcud prosesin rəhbəridir. Həm də bərzanilər İraqın şimalında sülalə hakimiyyəti qurub. Əgər İraqda demokratik dövlət quruluşu olarsa, bu tayfa hakimiyyətinə yer qalmayacaq. Çünki kürdlər millət deyil, etnik qrupdur. Kürdlərin öz milli dövləti olmayıb. Onlar aşirət qaydaları ilə idarə olunub. İraqın şimalında da bərzanilər tayfası hakimdir. Ancaq müəyyən dövrdən sonra Bərzani sülaləsinin hakimiyyəti zəifləməyə başlayacaq. Dövləti qurmaq məsələsində ziddiyyətlər ortaya çıxacaq. Neft gəlirlərinin, ərazilərin, səlahiyyətlərin bölünməsi uğrunda mübarizə başlayacaq. Ona görə də Bərzaninin hakimiyyəti keçici bir prosesdir”.
 
Müşfiq Abdulla
Cebhe.info

Загрузка...
Загрузка...