İranlı xanım deputatın selfi şəkli onu mandatsız qoya bilər

“The Guardian” yazır ki, öz selfilərini internetdə paylaşması iranlı qadın deputatı mandatsız qoya bilər.
Məqalədə deyilir ki, İsfahandan İran Məclisinə seçilmiş Minu Xalegi israr edir ki, ona “siyasi motivlərlə” şər atılır və fotolar ondan xəbərsiz paylaşılıb.
Məsələ burasındadır ki, sosial mediada dolaşan bu fotolarda xanım Xalegi hicabsızdır.
Sözü gedən fotoların Avropa və Çinə səfər zamanı çəkildiyi bildirilir.
İran Məclisinin etika komitəsi qadınlar üçün şəriət geyim qaydalarının pozulmasına çox ciddi yanaşır.
“The Guardian” yazır ki, İranda minlərlə “ədəb polisi” geyim qaydalarına necə riayət olunduğuna göz qoyur.
Məqalədə deyilir ki, sözü gedən şəkilləri qərəz məqsədilə Telegram aplikasiyasında yaymaqda şübhəli bilinən bir kişi xeylağı artıq həbs edilib.
İranın qüdrətli Nəzarət Şurası bundan əvvəl xanım Xaleginin topladığı 193 min səsi ləğv etmək barədə qərar qəbul edib.
Şuranın mühafizəkar üzvlərindən Əhməd Cənnəti deyib ki, qurum namizədlərin davranışına seçkinin bütün mərhələlərində nəzarət edir.
“The Guardian” yazır ki, Xaleginin seçildiyi dairədə 12 min nəfərin namizədliyini ləğv etmişdilər.
Məqalədə deyilir ki, xanım Xalegi islahatpərəst namizədlərin “Ümid siyahısı”na daxil idi.
Deputat israr edir ki, fotolar onun xəbəri olmadan “siyasi motivlərlə” paylaşılıb.
Prezident Həsən Ruhani bu qadının seçki qələbəsini şəxsən göndərdiyi tvitlə təbrik etmişdi. Bu il İran parlamentinə rekord sayda – 18 qadın seçilib.
İnsan haqları kampaniyaçıları deyirlər ki, bu qalmaqal seçkidə məğlub olmuş mühafizəkarların qisasından başqa bir şey deyildir.
“Onlar seçki qutularından ala bilmədiklərini, seçki sonrası manevrlərlə almağa çalışırlar” - deyib insan haqları müdafiəçisi Hadi Qayemi (BBC).