İrandan xəbərdarlıq: “Əsəbiləşsək, devirəcəyik”

İran əsəbiləşsə, əl-Səud hakimiyyəti məhv olacaq.
 Axar.az xəbər verir ki, bu sözləri öz İnstaqram səhifəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Möhsün Rzai paylaşıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının “münafiqlər”ə (İran rəhbərliyinin Xalq Mücahidlərinə verdiyi ad. – red.) dəstəyi son illər artıb:
 “Bir neçə ay öncə Səudiyyə rəsmiləri Ərbil şəhərində kürd terrorçularla görüşdülər. Biz bu kürd terrorçuların hansı aksiyalarda iştirak etdiyini gördük. Biz gec əsəbiləşirik, amma əsəbiləşsək, Əl-Səud hakimiyyətindən heç bir şey saxlamayacağıq”.
 Qeyd edək ki, bir müddət öncə 1981-ci ildə İrandan sürgün edilən Xalq Mücahidləri Təşkilatı Parisdə “Azad İran” adlı toplantı keçirib. Toplantıya Səudiyyə Ərəbistanının keçmiş kəşfiyyat şefi şahzadə Türki Faysal əl-Səud da qatılıb.
 Ən böyük müxalif qruplardan sayılan İran Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra təşkilatın minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib.