İrandan sərt xəbərdarlıq: “Bir də bizim ərazimizə mərmi düşsə...”

İranın rəsmi strukturları Qarabağda, Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə erməni silahlı qüvvələri tərəfindən atılan mərmilərin bir neçəsinin bu ölkə ərazisinə düşməsi ilə bağlı sərt xəbərdarlıq edib.
Turaninfo.az Virtualaz.org-a istinadən  xəbər verir ki, İran rəsmiləri insidentə görə konkret tərəfi ittiham etməsə də belə halın yenidən təkrarlanacağı halda “sərt cavab veriləcəyini” bildirib.
“Azərbaycanla Ermənistan arasında gedən döyüş əməliyyatları zamanı atılan üç minomyot mərmisi İranın Qarabağla həmsərhəd kəndlərindən birinin ərazisinə düşüb” - İranın Şərqi Azərbaycan əyalətinin qubernatoru deyib. Onun sözlərinə görə, İran sərhədçiləri Azərbaycan və Ermənistana xəbərdarlıq edib ki, İran ərazisinə atəş açmasınlar.
“Hər iki tərəf bu cür səhvlərin təkrarlanmayacağını bildirib. Hazırda Şərqi Azərbaycan əyalətininin sərhəd ərazilərində təhlükəsizlik təmin olunub. Lakin biz ərazimizə istənilən təcavüzə qarşı sərt reaksiya verəcəyik” - qubernator qeyd edib.
Xatırladaq ki, işğalçı qüvvələrin mövqelərindən atılan üç minomyot mərmisi İran ərazisinə düşüb. İnternetdə bu insidentə dair videokadrlar yayılıb.