İran və Türkiyəli “Yeni SSRİ”, İrəvanda tökülən qan...- GÜNÜN SİYASİ XÜLASƏSİ

 
Ötən günlərdə olduğu kimi iyunun 20-də də medianın diqqətində olan əsas mövzular Türkiyədə hərbi çevriliş cəhdindən sonra baş verən proseslər və İrəvanda polis bölməsinin tutulması ətrafında cərəyan edən hadisələr oldu. Bundan başqa, Vladimir Jirinovskinin “Yeni SSRİ” təklifi də maraqla qarşılana bilər.
 
Hərbi çevriliş cəhdinin altıncı günündə
 
Bu gündən Türkiyədə 3 ay müddətində fövqəladə vəziyyət rejimi qüvvəyə minib.
 
Nazirlər Kabinetinin istəyi ilə fövqəladə vəziyyət hər dəfə dörd aydan çox olmamaq şərtilə uzadıla və ya ləğv edilə bilər. Fövqəladə vəziyyət elan olunduqdan sonra ölkədə idarəçilik "Fövqəladə vəziyyət haqqında" qanuna əsasən tənzimlənəcək. Həmin qanuna əsasən küçəyə çıxmaq məhdudlaşdırıla və ya qadağan edilə, müəyyən yerlərdə və ya saatlarda insanların gəzməsi və toplanması qadağan edilə, adamların üzəriləri, avtomobilləri, əşyaları yoxlanıla və əgər cinayət əşyası, dəlil qismində nəsə aşkarlanarsa, müsadirə oluna, fövqəladə vəziyyət elan edilən bölgələrin sakinləri və bu əraziyə xaricdən gələn turistlər üzərlərində şəxsiyyəti təsdiq edən sənəd gəzdirməyə məcbur edilə, qanuna əsasən, hətta sənədli olsa da istənilən növ silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin daşınması və ya ixracı qadağan oluna, hər cür sursat, bombalar, partlayıcı və radioaktif maddələr, hər cür zəhərlər və boğucu qazların saxlanılılması, hazırlanması və daşınması qadağan edilə bilər.
 
İrəvanda silahlar işə düşdü
 
Otən gecə İrəvanda polis alayının binası qarşısında polislə nümayişçilər arasında qarşıdurma baş verib. Polis binanın qarşısında toplaşan nümayişçiləri qovub. Bir neçə yüz polis əməkdaşı ərazini nümayişçilərdən təmizləyib.
 
Nümayişçilər polis alayının binasında girovları saxlayan silahlıların yeməklə təmin edilməsini tələb edirdilər. Qidaları radikallara müxalifət deputatı Nikol Paşinyan çatdırmalı idi. Lakin nümayişçilər rədd cavabı aldıqdan sonra binanın ətrafındakı mühasirəni yarmağa çalışıb. Polis cavab olaraq gözyaşardıcı qazı tətbiq edib və havaya bir neçə atəş açıb. Kiçik fasilədən sonra nümayişçilər polislərə daş atmağa başlayıb. Aksiya iştirakçılarının sözlərinə görə, vəziyyət nümayişçilərdən birinin tutulmasından sonra kəskinləşib.
 
Ermənistanın Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmaların gedişatında 51 nəfər zərər çəkib. Onlardan 28-nin polis əməkdaşı olduğu deyilir. 136 nəfər nümayişçi saxlanılıb. Onların taleyi haqda məlumat verilmir.
 
Qeyd edək ki, ötən bazar günü silahlı insanlar qrupu Ermənistan polisinin post-patrul alayının binasına girib və oradakı bütün insanları girov götürüb. Binanın tutulması zamanı bir polis ölüb, daha altı nəfər yaralanıb.
 
Radikalların əlində hazırda dörd girov var. Silahlılar qanunsuz həbs olunan müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.
 
Jirinovskidən ŞOK TƏKLİF: “İranla və Türkiyə ilə yeni SSRİ yaradaq”
 
Rusiyanın Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski İran və Türkiyə ilə yeni SSRİ-ni yaratmağı təklif edib.
 
Siyasətçi bu fikirlə “Twitter”dəki mikrobloqunda yazıb. “İstəkdən asılı olaraq yenidən SSRİ-ni yaratmaq olar. İttifaqa İranı, Türkiyəni və başqa ölkələri çağırmaq olar”, - liberal-demokratların lideri qeyd edib.
 
Ömər Dağlı
 
Britaniya BMT Təhlükəsizlik Şurasından çıxarıla bilər – SƏNƏD
 
“Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi etibarlılığı şübhə altındadır”.
 
Bu haqda beynəlxalq təşkilatın sənədinə istinadən “Reuters” agentliyi bildirib. Sülh əməliyyatlarının həyata keçirilməsi üzrə BMT idarəsinin daxili istifadə üçün nəzərdə tutulmuş qeydində deyilir ki, Böyük Britaniya, Almaniya və İsveç təşkilatla ilkin konsultasiyalar aparmadan Cənubi Sudandan polislərini çıxarıb. Bildirilir ki, bu addıma sülh və təhlükəsizliyin təmin olunmasında iştiraka hörmətsizlik kimi baxıla bilər.
 
Cənubi Sudanda BMT-nin sülh missiyası 13,5 mindən çox insandan ibarətdir. Onlardan təxminən 1,2 mini polisdir. Ötən həftə BMT paytaxt Cuba şəhərindən sülh missiyasının qismən təxliyyəsinə başlayıb. Burada baş verən toqquşmaların gedişatında 272 nəfər həlak olub.
 
Rusiya Türkiyəni Qarabağa "DƏVƏT ETDİ": "Ankaranın təklifləri..."
 
“Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklifləri müsbət qarşılana bilər”.
 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Türkiyə münaqişənin konstruktiv həllinə töhfə verə bilər.
 
 
“Lakin ümid edirik ki, Rusiya tərəfindən başladılan intensiv danışıqlar dinamikasını itirməyəcək”, - deyə o bildirib.