İran Türkiyənin qaz bazarında Rusiya və Azərbaycana rəqib ola bilərmi?

Türkiyədə səfərdə olan İran prezidenti Həsən Ruhani ölkəsinin Türkiyənin neft və qaz ehtiyaclarını tam qarşılamağa hazır olduğunu bildirib. Türkiyəli həmkarı ilə birgə brifinqdə jurnalistlərin suallarını cavablandıran H.Ruhani İranın Türkiyənin enerji təhlükəsizliyinin təminatı ola biləcəyini bildirib.
Bu açıqlama təbii ki, Türkiyənin enerji bazarının iştirakçıları olan Rusiyan və Azərbaycanı narahat etməyə bilməz. Bəs, görəsən İran qazı Türkiyə bazarında Rusiya və Azərbaycan qazına rəqib ola bilərmi?
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban musavat.com-a bildirdi ki, hazırda İranla Türkiyə arasında olan qaz infrastrukturu ildə 14 milyard kubmetr qaz ixrac etməyə imkan verir: “Söhbət Təbriz-Ərzurum qaz kəmərindən gedir. Ancaq ildə təxminən 9 milyard kubmetr qaz ixrac edilir. Yəni, İran Türkiyəyə qaz ixracını maksimum 5 milyard kubmetrlik həcmdə artıra bilər. İkinci tərəfdən, İranın Türkiyəyə satdığı qaz, Türkiyənin aldığı ən bahalı qazdır. Qiymət məsələsini həll edə bilsələr, o zaman artırmaq imkanı ola bilər. Türkiyə İran qazı hesabına Rusiyadan qaz asılılığını bir qədər azalda bilər. Digər tərəfdən, Rusiya tərəfi açıqlayıb ki, mart ayında ilk dəfə olaraq Türkiyəyə satılan qazın qiyməti 200 dollardan aşağı düşüb. Yəni, bu kifayət qədər rəqabətə davamlı bir qiymətdir. Ancaq İranın öz qazını Türkiyəyə bu qiymətə satacağı inandırıcı deyil. Çünki, İran qazının Türkiyə bazarına çıxması çox baha başa gəlir, orada çoxlu sayda kompressor stansiyaları var. Ona görə də, bu, şübhə altındadır”.
İlham Şaban bildirdi ki, hazırda İran qazının Azərbaycan qazını sıxışdırma ehtimalı yoxdur: “Həm “Şahdəniz 1”, həm də “Şahdəniz 2” layihəsi üzrə uzunmüddətli alqı-satqı müqavilələri imzalanıb. Azərbaycan qazının qiyməti isə kifayət qədər rəqabətə davamlıdır. Türkiyə tərəfi də mütəmadi olaraq, bunu açıqlayır ki, Azərbaycan qazının qiyməti münasibdir. Ona görə də, Türkiyə bazarında Azərbaycan qazına ciddi rəqibin yaranacağı inandırıcı deyil. Üstəlik, Türkiyədə Azərbaycanın öz qaz infrastrukturu mövcuddur. Bu baxımdan Azərbaycanla rəqabətə girəcək bir tərəf yoxdur”. 
Ekspert İranın Türkiyənin qaz bazarına girməsinə Rusiyanın kəskin reaksiya verəcəyini düşünmür: “İran Türkiyəyə maksimum 5 milyard kubmetr artıq qaz verə bilər. Bundan daha artıq ixrac üçün yeni infrastruktur tikməlidir. Əgər bu, baş versə belə, iqtisadi mübarizə gedəcək. İndiyədək də Rusiya ilə İran arasında müxtəlif sahələrdə rəqabət olub. Buna görə də, hansısa tərəf digərinə müharibə elan edə bilməz. Bazarda rəqabət çox önəmlidir. Çünki, bu halda rəqabətə davamlı qiymət ortaya çıxır. Türkiyənin də indi apardığı siyasət məhz öz bazarında rəqabəti genişləndirməkdir. Avropa da eyni siyasəti yürüdür”.