İran səfiri: 'Qarabağ münaqişəsi Fələstin məsələsinə bənzəmir'

"Azərbaycan parlamentinin son iclasında parlamentarilər ümumilikdə İran-Azərbaycan münasibətinə müsbət yanaşıblar. Yalnız üç deputat tənqidi danışıb. Amma biz bunları nəzərə alaraq, parlamenti İran-Azərbaycan münasibətlərinə xələl gətirəcək qurum kimi təqdim etməməliyik".
APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Ermənistanla viza rejimini ləğv etdiyinə, eləcə də münasibətlərin dərinləşməsinə yönəlik addımlar atdığı üçün Milli Məclisin son iclasında deputatların İranın ünvanına səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.
 Səfir bildirib ki, Azərbaycan Milli Məclisi iki ölkə münasibətlərinə ümumilikdə müsbət yanaşıb.
 "Parlamentdə İranla imzalanmış sənədlərin təsdiq olunması da münasibətlərə müsbət yanaşmanın olduğunu göstərir", - deyə o qeyd edib.
 Diplomat İranın Qarabağ münaqişəsi ilə bağlı ikili mövqe nümayiş etdirdiyini düşünmədiyini vurğulayıb: "Bizim uzun illər ərzində münaqişə ilə bağlı mövqeyimiz eyni olub. Biz beynəlxalq təşkilatlarda daim Azərbaycanın yanında olmuşuq. İranın prinsipial mövqeyi ondan ibarətdir ki, bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik, regionda müharibənin yenidən alovlanmasını istəmirik. Çünki bu, regionun da xeyrinə deyil. İsrail rejimi isə Fələstin torpaqlarını işğal edib, oradakı əhaliyə işgəncələr verir, zülmə məruz qoyur. Fələstin və Qarabağ məsələsi tamamilə fərqlidir. Biz düşünürük ki, İsrail rejimi saxta rejimdir və bütün dünya üçün təhlükədir. Bu səbəbdən də bu rejim dəyişməli, Fələstin xalqı öz torpaqlarına sahib olmalıdır. Bu gün Qəzza əhalisi blokada şəraitindədir. İsrail rejimi onlara qida və dərmanların çatdırılmasına mane olur. Eləcə də İordaniya çayının qərb sahillərində əhali İsrailin təzyiqləri ilə üz-üzə qalıb. Mən hesab edirəm ki, bu iki münaqişəsini müqayisə etmək düzgün deyil. Biz dünyanın istənilən yerində müsəlman qadın və uşaqların öldürülməsinə görə narahat oluruq, bunun qarşısını almaq üçün cəhdlər edirik.
 Bir daha qeyd edim ki, Qarabağ münaqişəsi Fələstin münaqişəsinə bənzəmir. İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülümlər Qarabağda baş verən hadisələrlə müqayisə olunmaz dərəcədədir. Başqa məsələ ondan ibarətdir ki, Qarabağ münaqişəsinin həlli üçün ölkə rəhbərləri danışıqlar aparırlar və biz ümid edirik ki, bu danışıqlar bəhrə verəcək. Fələstin məsələsinin isə sülh yolu ilə həll olunacağını görmürük və buna inanmırıq".