İradə Tuncay: “Həyatımla bağlı yanlış təsəvvürlər var” – BRİFİNQ

 
Teleqraf.com-un Brifinq layihəsinin bu dəfəki qonağı “Ədalət” qəzetinin baş redaktoru, tanınmış publisist İradə Tuncaydır.
 
İradə xanımla söhbət həm də görkəmli mərhum şair Məmməd Arazın doğum günü ərəfəsinə –14 oktyabra təsadüf etdi. Beləliklə, ilk suallar İradə xanıma mərhum atasıyla bağlı verildi.   
 
Mövlud Mövlud: İradə xanım, Məmməd Arazın doğum gününə planlaşdırılan tədbirin hazırlıqları necə gedir?
 
-Bu, yubiley tədbiri deyil. Bu il Məmməd Arazın 83 illiyidir. Ancaq müəyyən ənənənin əsasını qoymaq istəyirik. “Məmməd Araz ədəbiyyat günləri”nə start vermək niyyətindəyik. Sovet dövründə Sabir poeziya günləri vardı, Rəsul Rza ilə bağlı tədbirlər keçiridilər, indi belə mərasimlər bir az sönük təşkil olunur... Görək layihəmiz necə inkişaf edəcək.
 
Bundan başqa, anam Məmməd Arazın Qarabağla bağlı yazılarını toplayıb. Atamın publisistik yazılarından ibarət “Qarabağ simfoniyası” adlı kitab çıxarmışıq.
 
Mövlud Mövlud: Adının verildiyi küçə ilə bağlı məsələ qaldırmışdınız. Xatirəsinin əbədiləşdirilməsi gecikdirilirdi, çağırışınıza reaksiya verildimi?
 
-Problem aradan qaldırıldı. Deməzdim ki, mənim sözümə görə reaksiya oldu. Neçə il idi prezident sərəncam imzalamışdı, sadəcə məsələ gecikdirilirdi. Məmməd Araz küçəsi hələ də köhnə adıyla qeyd edilirdi. Bilirsiniz də hansı küçədir, “Milyonerlər məhəlləsi”ndən keçən küçə... Paradoksal bir şeydir, kasıb şairin adını milyonçular məhəlləsinə keçən küçəyə veriblər.
 
Mövlud Mövlud: Bəlkə də müstəqil ölkənin milyonçuları bilməlidirlər ki, onları zənginliyə aparan müstəqil ölkə o şairlərin çiynində qurulub. Bilmirik dəyərini bilirlər, yoxsa yox...
 
-Deyə bilmərəm... Bizdə əldə silahla istiqlaliyyət uğrunda döyüş getməyib. Döyüşümüz ədəbiyyat müstəvisində olub, döyüşçülərdən biri də Məmməd Araz idi.
 
Qurban Yaquboğlu: Məmməd Arazın təvəllüd günü məncə, 14 oktyabr deyil...
 
-Əslində yazda doğulub.
 
Qurban Yaquboğlu: “14 oktyabr 49 yaşım...” Belə bir şeiri var...
 
-"Görüşdük onunla xəstəxanada..." Hə,var, elə bir şeiri var. Əvvəllər kənddə doğulan uşaqların doğum gününü vaxtında yazdıran adam yox idi, ümid anaların yaddaşına qalırdı. Analar da deyirdi ki, məsələn, sel gələndə anadan olmusan, yaxud biçin vaxtı doğulmusan. Məmməd Arazın böyük qardaşı xatirələrində bu barədə yazıb.
 
Yazır ki, dedilər, qardaşın olub, sevindim. Çünki qardaşım yox idi deyə kənddə uşaqlar məni döyürdülər, fikirləşdim nə yaxşı mənim də qardaşım olacaq. Xatirələrində kəndi də təsvir edib:“Qardaşımı qucağımda çölə çıxardım, yaz vaxtı idi, baxdım ki, balaca qara uşaq...Mənə nə qardaşlıq edəcək? (Gülür)
 
Qurban Yaquboğlu:Məmməd Arazın şeirləri mənim şeir anlayışımda xüsusi rol oynayıb. Bir şeirinin misraları hələ də qulaqlarımda cingildəyir: “Sizə yetim deyən olsa, qızlarım...”
 
-Siz məni söhbətin əvvəlindən ağlatmaq istəyirsiniz?
 
Qurban Yaquboğlu: Bu şeir necə yaranmışdı, yəqin tarixçəsi vardı...
 
-Atam məlumat vermirdi axı,filan şeir niyə yazılıb, necə yazılıb. Yadımdadır, o şeiri oxuyanda tələbə idim.
 
Qurban Yaquboğlu: Səhv eləmirəmsə, 80-ci illərin şeiriydi.
 
-1976-77-ci illərdə yazmışdı.
 
Qurban Yaquboğlu: Tarixini də xatırlayırsınız...
 
-Atama aid hər şeyi bilirəm. Şeiri oxudum...(Kövrəlir).
 
Qurban Yaquboğlu: Görünür, kritik məqamda yazılıbmış... Bəs siz nə vaxt yazmağa başladınız?
 
-Məktəbdə oxuyanda yaxşı inşalar yazırdım. Elə inşalar yazırdım, indi heç jurnalistlər elə yaza bilmir. (Gülür). Çox mütaliəli olmuşam. Hərfləri öyrənəndən əlimdən kitab düşməyib. Oxuduğum kitablar beynimə həkk olunurdu, oxuduqlarımla dünyanın etnoqrafik mənzərəsini, toponimikasını, tarixini əxz eləyirdim.    Qəribədi, balaca uşaq idim, amma eşitdiyim yad sözün hansı dilə mənsub olduğunu ayırd edə bilirdim. İndi asan görünə bilər, 12 yaşında hansısa kinoda ad, söz eşidəndə onun mənşəyi mənə aydın olurdu. İnanın, indi heç böyüklər onu bilmir.
 
Qurban Yaquboğlu: Oxuduğunuz kitablar atanızın kitabxanasından idi? Məmməd Araz, səhv etmirəmsə, coğrafiyaçı idi...
 
-Hə, atamın kitabxanasından idi. Məmməd Araz o vaxtkı APİ-nin coğrafiya fakültəsini bitirmişdi, kənddə müəllim çatışmazlığından kimya, riyaziyyat dərslərini deyib. O vaxt təyinatla öz kəndlərinə göndəriblər, 2 il kənddə işləyib. Bakıya qayıdanda çox yerdə çalışıb. Gecə məktəbində də dərs deyib.
 
Qurban Yaquboğlu: Daxili dramanız sakitləşsin, Məmməd Arazın qızlarına yazdığı şeir barədə də danışarsınız...
 
-O, bizə çox şeyi hiss elətdirmirdi. Görünür, nə isə onu incidib, qızlarının taleyindən narahatlıq keçirdiyi üçün belə şeir yazıb.
 
Qurban Yaquboğlu: Onda hələ xəstələnməmişdi?
 
-Xəstə idi... Atam xəstələnəndə mənim 14,özünün 41 yaşı vardı, hələ cavan idi.
 
Qurban Yaquboğlu:Məmməd Arazın xəstələnməyi ilə müxtəlif fikirlər yazılır, mənbənin özündən bilmək daha düzgün olar. Onun xəstəliyini çox vaxt “Ədəbiyyat qəzeti”ndə Nəriman Nərimanovun şəklinin verilməsi ilə əlaqələndirirlər. Bunun əsası varmı?
 
-Stresdir də, stresdən hər xəstəlik yarana bilər. Bəli, atam o materialdan sonra xəstələndi.Ümumiyyətlə, Məmməd Arazın ədəbiyyatdakı yolu, özünə yer tutması çox çətinliklərdən keçib. Arxasında duran adamı olmayıb, heç kim hamilik etməyib. O vaxtkı ədəbi dəstələrin heç birinə qoşulmayıb, tək olub, yalquzaq olub. Kitabları gec-gec nəşr edilirdi. Senzuranın çapa icazə vermədiyi şeirləri vardı. Layiq olduğu yerə onu yox, başqasını gətirirdilər. Arxayın deyildilər ki, Məmməd Araz baş əyəcək, təzim edəcək. Ona görə də uğurlu karyerası olmayıb. Kənardan baxıb istedadını görürdülər, ona görə hər vəchlə qarşısına sədd çəkirdilər.
 
Güclü stress yaşamışdı, bu, məlumdu. Amma xəstəlik... Kim bilir nədən əmələ gəlib, beyinin sirrini heç kəs bilmir. Bəlkə uşaqlıqdan rüşeymi olur, zəmin yaranan kimi inkişaf edir. Nə bilim...
 
Qurban Yaquboğlu: Bəs o şeiri oxuyanda reaksiyanız necə oldu?
 
- Oxudum, möhkəm ağladım...
 
Qurban Yaquboğlu: Soruşmadınız ki, bu, nə şeirdir?
 
-Yox, soruşmadım, çünki biz evdə çalışırdıq ki, onu qoruyaq. Yeri gəlmişkən, adamların mənim həyatım haqqında yanlış təsəvvürləri var. Atamın arxamda durmağa imkanı olmadı... (Kövrəlir).
 
Sevinc Fədai: Siz sosial şəbəkədə nəsə yazırsınız, paylaşım edirsiniz, dostlarla səmimi münasibətiniz var, xüsusən sizi tanıyan insanlar hərdən yazırlar ki, Məmməd Arazın qızı bunu eləməməlidir, ona yaraşmır. Belə yanaşmalar sizi qıcıqlandırmır ki? Yəni mən İradə Tuncayam, ətrafım, dostlarım, öz fikirlərim var – deyə düşünmürsüz ki?
 
-Üstəgəl bəlli yaşım var... Ancaq elə yazan, o cür mövqedə olan adamlara fikir vermirəm. Bunun heç kimə  dəxli yoxdu...
 
Nərgiz Ehlamqızı: Bir dəfə etiraz da etmişdiniz ki, jurnalistlər sizə ya Məmməd Arazdan ya da Aqil Abbasdan sual verirlər...
 
-İnsanlar məni tanıya bilmirlər də.
 
Mövlud Mövlud: Ailənizə “KQB”nin təzyiqini hiss etmisiniz?
 
-Yox elə bir təzyiq görməmişəm. Ola bilər, tapşırılıb ki, filan idarə Məmməd Arazı işə götürməsin, yaxud filan məsələyə icazə verilməsin. Amma deyim ki, atamı çağırıb sorğu-suala çəkiblər, yox, belə şey olmayıb.
 
Mövlud Mövlud: Bu da təzyiqin başqa forması sayıla bilər: aparıb güllələmirdilər, ancaq işdən çıxarırdılar. Bildiyim qədəri ləbu təzyiqlər Məmməd müəllimlə başlamayıb, babanıza da təzyiqlər olub.
 
-Təzyiq deyəndə ki... 1945-ci ildə babamı sürgün ediblər. Kənddə bir hadisə baş verib, 1944-cü ildə almanlar Qafqaza yaxınlaşanda deyiblər ki, bir təşkilat yaradaq, guya biz almanları sevirik, onların yolunu gözləyirik. Təxminən 7-8 ailəni bu hadisəyə görə sürgün ediblər. Məncə, erməni ailələri  olub onlar. Çünki atamgilin kəndində ermənilər yaşayırdı, erməni kilsəsi də vardı, indi xarabalıqları qalıb. Atam erməni dilini təmiz bilirdi.
 
Həmin vaxt babama deyiblər ki, sən də bunların üzünə dur, de, bu söhbət mənim yanımda olub. Babam da qayıdıb ki, mən eşitməmişəm, adımı yaza bilmirəm, savadsız adamam, bu yaşımda adam üzünə durmağı öyrənim? Onda onu sürgünə göndəriblər. Təxminən 1945-ci ildə olub, 55-ci ildə qayıdıb, Tiflisdən bəraət kağızı göndəriblərmış. Atam xatirələrində yazır ki, niyə Tiflisdən göndərdiklərinidə bilmədik.
 
Atamın xatirələrində var, yazıb ki, evimizdə əmlakımızı müsadirə etməyə gəldilər, amma insaflı adamlar idi, 2 inəyimiz, 3 danamız vardı, qardaşı həmin vaxt müharibədə olduğuna görə qeyd ediblər ki, əmlak onunkudur. Deyir, atam sürgün olunandan sonra adamları tanımağa başladım. Fermada bizi işə götürmürdülər, müharibə gedirdi, aclıq idi, o vaxt bizi xalq düşməninin ailəsi kimi tanıyırdılar, deyirdilər onları biçinə götürmək olmaz. İnsaflı bir kişi varmış, adını yazmışdı da, o, deyir, işiniz yoxdu, mən ona nəzarət edəcəyəm, işləsin.
 
Yazır ki, biçin ağrılı işdi, “vay belim” deyən kimi kişinin yazığı gəlirdi, dərhal səhəngi götürüb deyirdi ki, get, su gətir,səhəng günün altında qızıb...Suya göndərirmiş ki, işdən aralanıb belini azca dikəltsin.
 
Atamın “Komsomola keçdiyim gün” adlı bir şeiri var. Deyir, komsomola  keçməyə  qoymurdular ,o qədər ağlamışdım ki, mənə dedilər xalq düşməninin oğludur, mən də əlaçı idim, katibin yazığı gəldi. Katibin adı səhv etmirəmsə, İbrahim Səfərov idi, deyib oğul ataya cavabdeh deyil.
 
Qurban Yaquboğlu: Bir yandan Məmməd Arazın qızı, digər tərəfdən Aqil Abbasın həyat yoldaşı...İki təzyiqin arasında yaradıcı insan kimi necə üzə çıxdınız? Şeir heç yazmamısınız?
 
-Görün, nə güclü adamam mən, iki ağır yükün arasından çıxa bildim... Mən şeir yazsam ayıb olar, bəzən yazıram, amma üzə çıxarmağı xoşlamıram. Bu yaxınlarda Strasburqda yağış təəssüratımı şeirləyazdım, sosial şəbəkədə paylaşmışdım da. Məmməd Arazdan yaxşı yazsaydım, üzə çıxarardım...
 
Mövlud Mövlud: Publisistikanız sizin şeirinizdi...
 
-Publisistikada çox iddialıyam.
 
Mövlud Mövlud: Aqil Abbasdan yaxşı yazdığınıza iddialısınız?
 
-Hə, iddialıyam.
 
Nemət Orucov: Belə çıxır ki, Aqil bəydən yaxşı deputat olmağa da iddialı ola bilərsiniz...
 
-Yox, yox, qətiyyən! Çünki iclasları sevmirəm, məktəbdə də, universitetdə də iclaslardan qaçırdım. Rəsmi durumları xoşlamıram, ona görə heç o barədə düşünmürəm də.
 
Nemət Orucov: Sizin nəslin nümayəndələri arasında bir neçə nəfər deputat olmaq istəyirdi...
 
-Ola bilər kimsə istəyir, hamı bir-birinə cavabdeh deyil. Azərbaycan əhalisinin bəlkə 80 faizi deputat olmaq istəyir, amma ola bilirmi?
 
Nemət Orucov: Deputatlığa namizədliyini vermiş qohumunuz Qorxmaz İbrahimli ilə münasibətiniz necədir?
 
- Çox gözəldir. Kiçik yaşlarından bir yerdə olmuşuq, yaşca məndən kiçikdir, ancaq qardaşım kimi onunla yaxşı münasibətim olub.
 
Nemət Orucov: Sosial şəbəkədə belə fikirlər vardı ki, Qorxmaz İbrahimlinin də, Aqil Abbasın da namizədliyini irəli sürməsi aralıqda hansısa problemlər yaradıb.
 
-Boş söhbətlərdir.
 
Mövlud Mövlud: Sizdə həmişə sovet hakimiyyətinə, o dövrə xoş nostalgiya hiss edirəm. Bir dəfə sovetlər haqda feysbukda tənqid yazmışdım, etiraz etmişdiniz.
 
-İnsafsızcasına yazırsınız. Sovet dövrünün, əlbəttə, pis şeyləri də vardı, bir çərçivə qurmuşdu, idarəetməsi ideologiyaya əsaslanırdı. Amma təhsil də verirdi axı... Bizim nənələrimiz, babalarımız hamısı oxuyub-yaza bilirdi. Oğlum danışır ki, Türkiyədə təhsil alanda tələbə yoldaşımın anasına zəng elədim, dedim, bir şey söyləyəcəm, qeyd aparın, oğlunuz gələndə çatdırarsınız. Qadın qayıtdı ki, mən yazmağı bacarmıram. Deyir fikirləşdim ki, mənim nənəm müəllimədir, anamın bibiləri, dayıları, əmiləri hamısı oxumuş adamlardır.
 
Bəs bunların hamısı haradan gəlir? Rus imperiyasının tərkibində olmağımızdan, onların təhsilə verdikləri önəmdən...Məsələyə bir az insafla yanaşın. Rusu söyməyə nə var ki? Rusları söymək asandır. Müqayisə edin, biz haradan qopmuşuq? İran dövlətinin bir parçasıyıq, o vaxt müharibədə uduzublar, biz bu tərəfə gəlmişik. Böyük ictimai-ədəbi xadimlərimizƏhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə rus dilində təhsil alsalar da, gedib Osmanlının içində  türkçülüyün əsasını yaratdılar. Sovet dövründə ədəbi dilimiz formalaşdı. Rus pisdir, olsun pis, bəs yaxşı şeylərini niyə unudursunuz ki? İndi də eləsinlər də onu, niyə bacarmırlar?
 
Bu cür danışanda belə çıxır ki, mən ruspərəstəm? Yox, elə deyil! Sovet dövründə Azərbaycanın milli məktəblərini qorumaq üçün ziyalı kəsimdən ancaq yazıçıların uşaqları Azərbaycan məktəblərində oxuyurdu. Diqqət edin, rəssamlar, bəstəkarlar azərbaycanca danışa bilmirlər. Bu, o demək deyil onlar milli deyillər. Mən o cür yanaşmıram. Statistikaya baxın, indi heç kəs uşağını Azərbaycan bölməsində oxutmaq istəmir. Çünki dünya qloballaşıb kiçik xalqların dilləri , dil ancaq evdə danışmaqdan ötrüdür.
 
Atılıb düşürlər ki, İranda Azərbaycan dilində təhsil olmalıdır.  Evində danışır da... Tatarlar beş yüz ildi  rusun içindədirlər, heç məktəbləri də yoxdur, dillərini unudublar? Yox! Amma bütün Rusiya tatarların əlindədir. Elmi də, idmanı da əllərinə götürüblər. Bəlkə elə deyil?
 
Nemət Orucov: SSRİ-nin Macarıstandan tutmuş Çexiyaya qədər qoşun yeritməsindən danışdınız. Onda SSRİ-nin 20 yanvarda Bakıya ordu yeritməsini də normal qəbul etməliyik?
 
-Buna dövlət  siyasəti nəzəriylə  baxaq
 
Nemət Orucov: Yəni haqq qazandırmalıyıq ki, özünü müdafiə elədi?
 
-Biz çox siyasi söhbətlərə getdik. Qorbaçov Qərbin adamı idi, əvvəlcədən “stavka” olunmuşdu, hakimiyyətə məhz onu gətirdilər. Siyasi büronun qərarları qüvvələr nisbətinə uyğun çıxarılır , kimin adamı güclüdürsə, onu yuxarı başda oturdurdular. Qərb SSRİ-ni dağıtmaq üçün Qorbaçovun hakimiyyətə yolunu açdı və o, öz missiyasını yerinə yetirdi. Həmin dövrdə oxşar hadisələr çox oldu, imperiya ordusu Gürcüstana, Latviyaya, Litvaya girdi, hamısından əvvəl Qazaxıstan hadisələri baş verdi. Bu, xalqı narazı salmaq üçün bir vasitə idi.
 
Mən Bakıdakı 20 yanvar hadisələrini gözümlə görmüşəm. Hər hansı dövlətin sərhədləri təhlükəyə düşəndə o müvafiq addımlar atır. Naxçıvanda İranla sərhəddəki məftilləri sökdülər. SSRİ-ni bir kənara qoyaq, İran ölüb bəyəm? Bu hadisələr hamısı hazırlandı. Dövlət başçısı bilərəkdən mərkəzi hakimiyyətə insanlarda nifrət yaratmaq istədi. Halbuki yığışan insanları su maşını ilə dağıtmaq olardı.
 
Dövlət öz xalqına xəyanət elədi. Bunu ayrı-ayrı şəxslər elədilər. Müstəqilliyin , bayrağımızın uşaqlıqdan həsrətini çəkmişəm. Ancaq bizim kimi balaca ölkənin müstəqil yaşaması asan deyil. Mütləq kimsə ətrafında olmalıdır.
 
Mövlud Mövlud: Böyük dövlətlərdən hansının yanımızdan olmasını istərdiniz? Yanımızda kim olsa, müstəqilliyimiz üçün daha təhlükəsiz olar?
 
-Süleyman Dəmirəlin məşhur sözü var: siyasətdə dün dündür, bu gün bu gün... Bu gün bizi qoruyacaq kim varsa, o, mənim üçün məqbuldur.Heç kim latın əlifbasını bilməyəndə, türkcə oxumayanda, uşaqlıqda öyrənib oxuyurdum. Məlum hadisə olanda bizi ruspərəstlikdə ittiham etməyə başladılar. Mən haqqın tərəfindəyəm. Bu gün nə mənə xeyirdisə, qoy o olsun. Məşhur Bizans siyasəti amlayışı  var, Bizans son dönəmlərində çox zəifləyir və siyasi manevrlər etməyə başlayır. Kim güclüdürsə, onun tərəfində dayanır. Dünyanın qüdrətinə  qarşı  çıxmaq  mümkün deyil.
 
Nemət Orucov: Siz uzun müddətdir Bakıda yaşayırsınız. Sovetin Bakısını da görmüş adamsınız. Sizcə, Bakı 80-ci illərdə yaxşıydı, yoxsa indi? Nəzərə alsaq ki, 80-ci illər Bakısında ruslar, ermənilər, yəhudilər daha çox idi.
 
-Valideynlərim danışırdılar ki, onlar 50-ci illərdə Bakıya oxumağa gələndə burda azərbaycanlıların sayı azıdı. Azərbaycanlıların böyük əksəriyyəti Bakı kəndlərində yaşayırdı. Bakının mərkəzinə azərbaycanlı axını 50-ci illərdən sonra burda təhsil almaq üçün gələn tələbələrlə baş verdi. Burda fabrik-zavodlar açıldı, işə düzəltdilər və təbii ki, bu bir siyasət idi. Bunun sayəsində şəhərin balansı azərbaycanlıların xeyrinə dəyişdi.
Şəhərə daha böyük axın Heydər Əliyevin hakimiyyətə gəlişindən sonraya təsadüf etdi. Zavodların tikilişi və başqa tikinti işləri buna şərait yaratdı.
 
İmperiya siyasətində əhali monoetnik olmur. Fikir verin, Osmanlı imperiyasında nə qədər millətlər yaşayıb. Ona görə İstanbul ən kosmopolit şəhərlərdən biridir.
 
Monoetnik mühit yaxşı hal deyil. Millətlərin rəngarəngliyi mozaika yaradır və bu mülki həyatı maraqlı edir. Müxtəlif millətlərin bir yerdə, dinc yaşamasının nəyi pisdir? Sovet hökuməti çökdü, müharibə oldu, bundan nə qazandıq? Nə biz, nə də ermənilər fayda götürdü. Bu prosesdə ermənilər sadəcə alətdir, vasitədir. Hərçənd ermənin yaxşısı da var pisi də...Müharibə isə öz qanunları ilə baş verir. O qanunlara da uymalısan.
Amma indi deyə bilmərəm ki, Bakı o vaxt yaxşı idi, yoxsa indi daha yaxşıdır. Tikinti işlərinə baxsaq, deyə bilərik ki, bəli, Bakı dünyanın qəşəng şəhərlərindən biridir.
 
Nərgiz Cavadzadə: Son günlərin gündəmi futboldur. Futbolla aranız necədir?
 
-Mən futbola məcbur baxıram. Çünki evdə Aqil baxır. O baxanda yanında oturmalıyam. Başqa yerə gedəndə narazılıq edir. Onunla bərabər azarkeşlik etməliyəm, dediyi sözlərə, söyüşlərə qulaq asmalıyam. Aqil müəllim futbolu çox gözəl bilir. Onunla bərabər bu 35 ildə mən də futbolu öyrənmişəm.
 
Nərgiz Cavadzadə: Aqil müəllim demişdi ki, “Qarabağ”ın oyununa baxanda həyəcanından televizoru söndürür, hətta üstünə təcili yardım da gəlir.
 
-Futbola baxanda çox həyəcanlanır, ürəyi bərk-bərk döyünür. Ona görə bəzən dramatik məqamlarda televizoru söndürür. Əvvəllər belə deyildi, yaşı artdıqca həyəcana dözə bilmir. O vaxtlar oyunları gedib stadionda izləyərdi.
 
Nərgiz Cavadzadə: Bəs sizi heç stadiona aparıb?
 
-Bir dəfə söz vermişdi ki, aparacaq. Amma sonra kişilər narazılıq ediblər ki, xanım gəlsə söyüş söyə bilməyəcəyik. Ona görə gedəsi olmadım.
 
Sevinc Fədai: Son vaxtlar səyahətə daha çox vaxt ayırırsınız. Dünyanı görməyə, araşdırmağa meyllisiniz.
 
-Mən getdiyim yerlərdə istirahət eləmirəm, demək olar ki, bütün günü ora-bura qaçıram. Aktiv istirahəti sevirəm. Getdiyim yerdə bir dəqiqə də oturmuram.
 
Mövlud Mövlud: Hərənin bir istirahət anlayışı var. Adam var şopinq zamanı istirahət edir.
 
-Şopinqdən heç xoşum gəlmir. Amma deyirlər, bəzi qadınlar şopinq zamanı dincəlir. Ona şopinq-terapiya da deyirlər. Mən isə mağazaya girdim, gözüm tutanları, xoşuma gələnləri alıram, çıxıram.
 
Nərgiz Cavadzadə: Çox zövqlü geyinirsiniz.
 
-Sizə deyim ki, mən çox bahalı geyinmirəm. Sadəcə özümə yaraşanı seçə bilirəm. Zövq  deyək ...Atam Moskvada oxuyanda biz bir müddət orda yazıçılar yataqxanasında yaşamışıq. O zaman çox balacaydım. Anamın dediyinə görə, balaca, şirin qız olduğuma görə SSRİ dövrünün məşhur yazıçılarının hamısı məni qucağında gəzdirirmiş. Mən də onları seçirəmmiş. Qəşəng olan, qəşəng geyinən yazıçıların qucağına daha tez gedirəmmiş. Yəni zövqüm o vaxtdan var.
 
Tarixi gözəl bilirəm. Ən diqqətlə oxuduğum fənn tarix olub. O vaxtlar xəritədə gördüklərimiindi gedib canlı görürəm. Və bu hiss mənə çox maraqlı gəlir.
 
Strasburqda “Notrdam kilsəsi”nə getmişdim. Bilirsiniz də “Notrdam” Məryəm ana məbədləri deməkdir. O məbədlərdən Milan və Parisdə də var. Memarlıq etibarı ilə bu məbədlər bir-birilərinə çox bənzəyirlər. Amma mən Strasburqda olan kilsənin hər xırda fraqmentinə heyranlıqla baxırdım. Heykəltəraş onu necə incəliklə işləyib...
 
Avropanı gəzərkən başa düşdüm ki, niyə Şərq sonralar Qərbdən geridə qalıb. Şərq rəssamlığı, memarlığı inkişaf etdirə bilmədi. Biz perspektiv hissini özümüzdə inkişaf etdirə bilmədik. Deyirlər ki, İstanbulda tikilmiş məşhur camilərin hamısı dönmə yunanlar düzəldiblər. Adını qoyublar ki, islamı qəbul ediblər. Biz söz deyim, insan dinini dəyişə bilməz. Bir şey ki, uşaqlıqdan sənin qanına hopur, onu necə dəyişə bilərsən? Mən qorxanda “bismillah” deyirəm. Bunu nənəmdən, anamdan eşitmişəm və elə də nəvələrimə öyrədirəm. İndi bundan sonra qorxanda xaç çəkəcəm? Yox. Boynumdan xaç assam da mən xristian ola bilmərəm. Din insanın içinə məişətlə gəlir. Dindar deyiləm, namaz qılıb, oruc tutmuram, amma Allaha  bağlı  biriyəm. Ona görə də indi hansısa ritualların qadağan edildiyini eşidəndə mənə qəribə gəlir.
 
Avropada çox olmuşam, hər yerdə kilsə var və bütün adamlar kilsəyə ianə verirlər. Əgər ianə vermirsənsə sənin ölün ortalıqda qalır. Qayda budur. Hər yarım saatdan bir kilsə zəng çalır, hər saatın tamamında da saatın olduğu qədər çalır. Və heç kim narazılıq etmir ki, kilsənin zəngi məni yatmağa qoymur.
 
Zahid Nurəliyev: Avropa ölkələrində turistlərin ən çox getdiyi yerlərdən biri kilsələrdir.  Amma bizimkilər Avropaya, yaxud hansısa müsəlman ölkəsinə gedəndə nadir hallarda yollarını məsciddən, kilsədən salarlar.
 
-Mən İstanbulda bütün cameləri  gəzmişəm.
 
Zahid Nurəliyev: Əksəriyyəti nəzərdə tuturdum.
 
-Bizimkilər Avropada olanda bəyəm harasa gedirlər?
 
Mövlud Mövlud: Məncə, sizdə razılaşarsınız ki, Avropada din milli hadisədir. Biz dinimizi milli hadisəyə çevirə bilməmişik.
 
-Bir daha deyirəm. Bizim memarlığımızın, rəssamlığımızın inkişaf etməməyi bizi geridə qoyub. Onlar dayanmadan tikirlər, inkişaf edirlər. Biz bir torpağın hissəsiyik. Bizi ordan qopardıblar. Bura böyük şəhərlər məskəni olmayıb.
 
Nərgiz Cavadzadə: İstirahət edəndə kimləri dinləyirsiniz?
 
-Sezen Aksu deyəcəm, deyəcəklər, ermənipərəstdir. Ümumilikdə rus, türk, Avropa mahnılarını çox dinləyirəm. Bizdən Xumar Qədimovanı çox bəyənirəm. Bizim də gözəl sənətkarlar olub. Bu gün ölkədə toydan başqa sənaye olmadığına görə musiqi də ancaq toya xidmət edir. Gözəl mahnılarımızı toy üslubunda oynamaq üçün oxuyurlar. O gün görürəm, Polad Bülbüloğlunun mahnılarını toy üslubunda işləyiblər. Dəhşət...Çox təzadlı ölkəyik. Həmişə zəmin, istedad olub, fərdlər yetişib. Baxın, 60-cı illərdə incəsənətdə böyük intibah dövrü yaşadıq. Fikrət Əmirovun əsərlərini Boston Simfonik orkestri ifa edirdi. Bu təbii ki, kiçik xalqlara böyük dövlətlərin diqqət siyasətidir, amma əsərin özü də möhtəşəm olmalıdır, layiq görülməlidir.
 
Biz yalnız heykəltəraşlıqda gürcülərdən geri qalırıq. Amma rəssamlığımız çox güclüdür. Dediyim kimi təzadlı ölkəyik...Həm müstəmləkə altında olmuşuq, həm tarixi qopmalarımız çox olub, sonra bərpa prosesinə, yeni rejimə uyğunlaşmaq və bunun içində də istedadlı insanların yetişməsi...
 
Azərbaycanda sənaye inkişaf etməlidir, iqtisadiyyat güclü olmalıdır. Bu gün ölkədə işlək iqtisadiyyat ancaq toydur. Televiziyada əsasən restoranların reklamları efirə verilir. Salonlar, geyim sənayesi ancaq toylara xidmət edir. Ölkənin iqtisadiyyatı ikinşaf etdikcə bütün sahələr inkişaf edəcək. Bu zəncirvari bir-birinə bağlıdır.
 
Qurban Yaquboğlu: Azərbaycanın gələcək taleyi haqda nə düşünürsüz? Nikbinsiz, yoxsa...
 
-Mən Azərbaycanın gələcəyini müsbət görürəm. Çünki Azərbaycan bütün dünyaya lazımdır.
 
Rəqsanə Həsənova: Çox güclü qadınsınız. Aqil bəy ailə daxilində sizə nələrdə güzəşt edir?
 
-Güzəştə həmişə mən getmişəm.
 
Mövlud Mövlud: Axı siz azad qadınsınız...
-Mən azad olub neyləmişəm, atam? Məni hansısa restoranda təkbaşına yeyib-içən görmüsünüz?
 
Mövlud Mövlud: Bunu etmirsiniz, çünki içinizdən gəlmir.
 
-Mən 50 yaşı adlamış qadınam, amma indiyə kimi ərimdən icazəsiz heç yerə gedə bilmərəm.
 
Nərgiz Cavadzadə: Feysbuk statuslarını da məsləhətləşib yazırsınız?
 
-Yox, yazıda elə deyil. Yazıda özümün senzuram var. Fikirləşirəm ki, yazdığımdan bizə nə zərbə dəyə bilər.
 
Mövlud Mövlud: Amma İradə xanım biz sizi azad qadın kimi təqdim etmək istəyirdik.
 
-Kənardan elə görünür... İnanın, indiyə kimi pul saya bilmədiyimə görə mənə gülürlər. Anam mənə heç vaxt pul vermirdi. Tələbə vaxtı bütün tələbə təqaüdümü əlimdən alırdı. Ərə getdim, uzun müddət pul olmadı, pul olandan sonra da o pulu mən görmədim. Mənim heç vaxt pulum olmayıb.   Pul olmasa  azadlıq da  yoxdu...
 
Sevinc Fədai: Ən çox nəyə pul xərcləyirsiniz?
 
-Kosmetikaya. Bahalı kosmetika işlədirəm. Çünki dərimə ziyan verən ucuz kosmetikadan qaçıram. Ola bilər çantanın ucuzunu alım, amma kosmetikaya çox pul xərcləyirəm.
 
Rəqsanə Həsənova: Bizdə qadın yazarlar, publisistlər niyə yetişmir?
 
-Publisistika xalqa yönəlik janr olduğundan orda nəsə demək və onun arxasında durmaq çox çətindir. Gərək balansı gözləyəsən. Xalqın sənə deyəcəyi sözlərə dözmək asan deyil. Ümumiyyətlə, qadınların ictimailəşməsi çox çətin prosesdir. Və bu bütün dünyada 19-cu əsrin sonlarında başlayıb. Çünki ictimailəşmək üçün ya hərbdə, ya dində, ya da dövlət siyasətində çıxışların olsun. Bunlar da qadınlara uzaq sahələrdir. Amma tarixdə məşhur siyasətçi qadınlar da olub. Onlar da kişi kimi siyasət yürütdüklərinə görə tarixdə qalıblar.
 
Bu subyektiv fikrimdir. Mən hesab edirəm qadınlardan heç vaxt böyük şair ola bilməz... Nahaq şeir yazırlar.
 
Sevinc Fədai: Yalnız bizdə, yoxsa ümumiyyətlə?
 
-Ümumiyyətlə...Amma bəzi istisnaları çıxmaq şərtilə... Kişilər çox istedadlıdır. Allah onları elə yaradıb. Qadın ona köməkçi vasitə kimi gəlib. İstisnalar həmişə mövcuddur, amma onlar ümumi qaydanı pozmur. Məsələn, yapon ədəbiyyatını iki qadın yaradıb.
 
Bizdə də qadın yaradıcılığı var: sayaçı nəğmələr, bayatılar...Amma ümumiyyətlə, qadın ədəbiyyatı zəifdir, sönükdür. Hətta oxuyanda bilirsən ki, bunu qadın yazıb. Kişi yazıda bütün müstəvilərdə yarada bilir. Amma qadın ancaq qadın kimi yazır.
 
Mənim qarşımı kəsən nüanslar olub, olur. Mən əvvəl atamı nəzərə alırdım, sonra ərim və atamı, indi də oğullarım...Hələ bununla belə deyirlər ki, azad təfəkkürlüyəm.
 
Sevinc Fədai: Niyə az-az yazırsınız?
 
-Elə bir dönəm vardı ki, hər həftə nəsə yazırdım. İndi özümü toparlaya bilmirəm.
 
Nərgiz Cavadzadə: Mətbəxlə aranız necədir?
 
-Əvvəl çox yaxşı, indi demək olar ki, mətbəxə girmirəm.
 
Mövlud Mövlud: Qonaq sevənsiniz?
 
-Sevdiyim qonaqları sevirəm. Yeni ailə quranda Aqillə harasa gedəndə deyirdi ki, qaşın açılsın,üzün gülsün, camaat səndən qorxur. İndi öyrəşib, bilir ki, kimdənsə xoşum gəlmirsə o adam da onu hiss edəcək.
 
Mövlud Mövlud: Məmməd Arazın sözlərinə yazılmış hansı mahnıları sevirsiniz?
 
-Böyük əksəriyyəti duyğuludur. Akif İslamzadənin ifasında “Mənim qəlbim”, Brilliant Dadaşovanın ifasında  “Dünya gözəl dünyadı” mahnısı çox gözəldir. Onun şən mahnılarında qəribə nisgil var. Bütün şeirlərindən ağrı  süzülür...