İqtisadçıdan bədbin PROQNOZ: “Su və benzin də bahalaşacaq”

 
İqtisadçı Qubad İbadoğlu Tarif Şurasının 28 noyabr tarixli qərarını şərh edib. Məlumata görə, ekspert sözügedən qərarın digər təsirlərinin olacağını və yeni bahalaşmaların baş verəcəyini proqnozlaşdırb.
Q.İbadoğlunun şərhi..
Hansı qiymətlər qalxıb?
Qaz və işığın satış qiymətləri diffensiasiyası (istehlak səviyyəsinə görə fərqləndirilməsi) və artırılıb. Belə ki, Tarif Şurasının dünənki iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının qiymətlərini bahalaşdırıb. Şuranın iclasında həmçinin, yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilmiş, mövcud dərman vasitələrinin qiymətləri artırılıb.
Beləliklə də ölkədə 1 gündə təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağın və dərma peraparatlarının qiymətində bahalaşmaya qərar verilib.
 
Qiymətlər nə qədər artıb?
Əhali üzrə qazın qiyməti illik istehlak həcmi 1500 kubmetrədək çox olan istehlakçılar əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox – 20 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir isehlakçı istifadə etdiyi qaza görə hər ay orta hesabla 20 manat, ildə 240 manat xərcləyirdisə, yanvarın 1-dən sonra o ildə ayda 7 manat 50 qəpik, ildə isə 90 manat çox, bütövlükdə isə 1 il üçün 330 manat ödəyəcək, əgər başqa bir istehlakçı istifadə etdiyi qaza görə hər ay 30 manat, ildə 360 manat xərcləyirdisə, yanvarın 1-dən sonra ildə o ayda 17 manat 50 qəpik, ildə isə 210 manat çox, bütövlükdə isə 1 il üçün 570 manat ödəyəcək, ayda 40 manat, ildə 480 manat ödəyənlər isə gələn ildən ayda 27 manat 50 qəpik, ildə isə 330 manat çox, bütövlükdə isə 1 il üçün 810 manat ödəyəcəkdir.
Əhali üzrə işığın qiymətinə gəlincə, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatdan çox olan istehlakçılar əlavə hər 1 kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 1,6 dəfə çox – 11 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir isehlakçı istifadə etdiyi işığa görə hər ay orta hesabla ayda 21 manat, ildə 252 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 26 manat 50 qəpik, ildə 318 manat ödəyəcək, başqa bir istehlakçı ayda 28 manat, ildə 336 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 44 manat 50 qəpik, ildə isə 534 manat ödəyəcək, digər istehlakçı hər ay 35 manat, ildə 420 manat xərcləyirdisə, dekabrın 1-dən sonra ildə o ayda 62 manat 50 qəpik, ildə isə 750 manat ödəyəcəkdir.
Göründüyü kimi, illik 1500 kub metrdən çox qaz, 3000 kilovat-saatdan çox işıq istehlak edənlər üçün qiymətlər əhəmiyyətli dərəcəcə bahalaşır.
 
Bahalaşması nə ilə əsaslandırılıb?
Tarif Şurasının açıqlamasına görə, qiymətlər Dövlət Neft Şirkətinin və “Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətləri əsasında bahalaşdırılıb. Dövlət Neft Şirkəti bunu zəruri edən səbəb kimi son illərdə şirkət tərəfindən investisiyanın qoyulması, xidmətin keyfiyyətinin artırılması, satdığı qazın bir hissəsinin əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınmasını əsas göstərib. Eyni zamanda təklif edib ki, bütün istehlakçılar üçün təbii qaz tarifi hər min kubmetr üçün 180 manata qaldırılsın.
“Azərenerji” ASC və “Azərişıq” ASC-nin müraciətlərində də sərmayə qoyuluşunu artırdığına görə, elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik qaldırmağı təklif edib.
Tarif Şurası da əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə, yeni tarif tənzimlənməsində diferensial tarif yanaşmasına qərar verib.
Bu şirkətlərin əsaslandırmaları əsassızdır, çünki, qaz təhcizatı sahəsində xidmətin keyfiyyəti barədə danışmağa dəyməz, əməliyyat şirkətlərindən alınan qazın qyməti də neftin qiymətinə konvertasiya olunduğundan istənilən halda ucuzlaşmalı idi, sərmayə qoyuluşuna gəlincə, qaz indiyədək pulsuz verilməyib ki, onunun satışından yığılan pullar investisiya qouluşlarının maliyyələşdirilməsinə gedib. Eyni məntiqinə elektrik enerjisi istehsalı və təhcizatına da sərmayə qoyuluşu satışdan gələn gəlirlər hesabına maliyyələşdirilib.
 
Bu qərarın hansı bazarlara təsirləri ola bilər?
Bu qərarın həm psixoloji və həm də iqtisadi təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzun müddətli və davamlıdır. Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Daha çox təsirə məruz qalan çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq. Çox güman ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək.