İqtidarın mistik personajı: bəstəkar-nazirin fövqəlgücü nədədir? - KÖŞƏ

 
 
İqtidarın mistik personajı: bəstəkar-nazirin fövqəlgücü nədədir?O, Azərbaycan hakimiyyətinin ən mistik və gizlinlərlə cəlbedici personasıdır. Elə bir çəkici və qapalı personajdır ki haqqında hamı danışır - kimisi yaradıcılığından, kimisi şəxsi keyfiyyətlərindən, kimisi idarəçilik prinsiplərindən.
 
Və az qala əfsanəyə çevriləcək müzakirələr o personajı heç də tamamilə xarakterizə edə bilmir. Hələ də iqtidarın fövqəlgücə malik veteran kadrından mübhəm və sirr dolu söhbətlər gəzir. Hətta həmkarları belə onun xarakterini tam səciyyələndirə bilməyiblər.
 
O da var ki, hakimiyyətin yuxarı eşelonunda ona qısqanclığı olanlar və həsəd aparanlar persona non-qrant kimi baxırlar. Bu hissi gizlədə bilmirlər. Çünki iqtidarın ən sədaqətli və ən etibar etdiyi bu kadr elə haçansa gələcək yeni hökumətə də lazımdır. Əgər bir obyektiv sorğu keçirilsə, müxalifət də iqtidar olacağı halda həmin fövqəlgüc persona ilə işləmək istədiyini etiraf edər.
 
Politika.Az xəbər verir ki, söhbət bəstəkar-nazir Kamaləddin Heydərovdan gedir.
 
Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamalındır. Fövqəladə hallar naziri Kamaləddin Heydərov bəstələdiyi mahnılara məhz bu imzanı qoyur. Bəlkə də bu, kimlərəsə təəccüblü görünə bilər.
 
Ancaq Azərbaycanda hakim komandanın aparıcı fiqurlarından olan Kamaləddin Heydərov musiqi istedadını belə demək mümkünsə, vəzifəyə qurban verməyib.
 
Halbuki, ölkədə nazir, rektor, səfir kürsüsünə əyləşən bir sıra incəsənət xadimləri məmurluğun onların yaradıcılığına ciddi şəkildə mane olduğunu bəhanə gətiriblər. FHN rəhbəri isə mühüm bir dövlət postunda belə populyar mahnılar bəstələməyə macal tapır. Heyrətamizdir!
 
Politika.Az yada salır ki, Kamaləddin Heydərov 1961-ci ildə Naxçıvanda doğulub. Ötən ayın 15-də 55 yaşını qeyd elədi - təm-təraqsız, səs-küysüz, heç bir şayiə yayılmadı. Hərçənd, elə nazirlər var ki dəbdəbəli məclislər təşkil edib fotolarını mediada tirajlayır. Görməmişliyin göstəricisi...
 
Tanıyanlar danışır ki, bu xarakter nazirə ailədən gəlib. Gözütox, tamahdan uzaq və səbrli bir insan olan Heydərov aldığı ailə tərbiyəsini öz övladlarına da təlqin edib.
Nə vaxtsa nazir oğlu Taleh Heydərovun yersiz bir fotosunu, qeyri-etik çıxışını, qalmaqallı hadisəsini, avtoxuliqanlığını, hər hansı jurnalisti qoçularına döydürməsini, əyləncə məkanlarından əttökən şəkillər çəkdirməsini görməzsiniz.
 
Yəni, prezident müşavirədə harınlamış məmur balalarına xəbərdarlıq edəndə bunun Heydərovlara bir mesajı deyildi. Kimə idi, ictimaiyyət gözəl bilir...
 
Bu, Heydərovlar ailəsinin tərbiyə kontekstində prioritet tələbidir. FHN şefi nə nəqliyyat naziri Ziya Məmmədovun oğlu, nə keçmiş əmək və əhalini sosial müdafiəsi naziri Füzuli Ələkbərovun övladı kimi bir övlad yetişdirib. T.Heydərovun çevrəsində olanlar da qeyri-rəsmi məclislərdə söz düşəndə bu faktorun məz ailədən gəldiyini danışırlar.

Politika.Az xatırladır ki, Kamaləddin Heydərovun atası Fəttah Heydərov Heydər Əliyevin yaxın tərəfdarı kimi tanınıb. Elə K.Heydərov iqtidar komandasına gətiriləndə də çoxları Fəttah Heydərovun oğlu kimi tanıyırdı. Qəribədir ki, indi Fəttah Heydərovu fövqəladə hallar nazirinin atası kimi tanıyırlar. Uğurun bir resepti...
Hətta onun barəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, müxalifətçi Sərdar Cəlaloğlu danışıb ki, K.Heydərovu Naxçıvandan tanıyır.

Sovetlər rejimi dağılandan sonra Heydərov “Dağ Çiçəyi” assosiasiyası yaradıb. ADP sədrinin sözlərinə görə, o zaman assosiasiya Naxçıvandakı demokratik qüvvələrə maliyyə dəstəyi ayırırmış. Elə o illərdən Kamaləddin Heydərovun təşkilatçılıq və maliyyə vəsaitlərini idarəetmə qabiliyyəti hakim ailənin diqqətini cəlb edib.
 
Heydər Əliyevin hakimiyyətinin ilk illərində Kamaləddin Heydərov ən strateji postlarından birinə - Gömrük Komitəsinə rəhbər gətirilir. Heydərovun uzun illərdir hakim ailənin sevimli kadrları sırasında qalması onun şəxsi keyfiyyətləri ilə bağlıdır.
 
Təmkinlidir, ona edilən hücumlara tolerant yanaşır. Başqa nazirlər kimi hər sözə reaksiya vermir. Yeganə nazirdir ki, hansı nazirliyə gedirsə həmin strukturu cəmiyyətin aparıcı qurumuna çevirə bilir.
 
Gömrük Komitəsindən sonra yaradılan FHN-ə nazir təyin olunan K.Heydərov çox qısa zamanda bu qurumu instituta çevirə bildi. FHN ölkədə ən vacib bir qurumdur və əgər onun yerinə başqası nazir təyin olunsa, bəlkə də bu sahə əhəmiyyətini itirmiş olar. Çünki arxasında K.Heydərov personası, sanballı və çəkili bir fərd dayanır.
Bu fərdiyyətçilik və qürurun nəticəsidir ki, nazir həm rəhbərlik etdiyi illərdə gömrük sistemində ciddi reformlara həyata keçirdi, həm də naziri olduğu sahədə böyük layihələr reallaşdırdı.
 
Özəlliklə, naziri bəzi həmkarlarından fərqləndirən xüsusiyyət - işçilərinə qarşı həssaslığıdır. K.Heydərov heç zaman imkan vermir ki, ictimai rəydə onun əməkdaşı haqda rüşvətxor, küçələrdə vətəndaşlardan pul yığan imici formalaşsın, rəhbəri olduğu nazirliyə korrupsiya ocağı kimi baxılsın.
 
FHN əməkdaşı haqda bu günə kimi hər hansı neqativ informasiya yoxdur. Vətəndaşlar da belə halla qarşılaşmayıb. Digər nazirliklərdə kifayət qədər neqativ hallar var ki hər gün şikayət və müraciətlər medida ictimailəşdiirlir. Heydərov isə bu mənada da bacarıqlı tərpənib.
 
Onu da danışırlar ki, nazir qəbuluna gələn kimsəni əliboş buraxmaz, xeyriyyəçilik işlərini reklam etməz, nazirliyə işçi götürülməsində heç bir rüşvət amili rol oynaya bilməz. Elə bu qüdrətin sahibi olması Heydərovu hakim ailənin ən etimad göstərdiyi və güvəndiyi personaya çevirib.
 
Son illər yaranan və arxasında güclü maliyyə dayanan bir sıra informasiya agentlikləri, qəzetlər də Kəmaləddin Heydərovun nəzarəti altındadır. Bu da ona olan inamdan irəli gəlir.
 
O, Azərbaycan hakimiyyətinin ən mistik və gizlinlərlə cəlbedici personasıdır. Elə bir çəkici və qapalı personajdır ki haqqında hamı danışır - kimisi yaradıcılığından, kimisi şəxsi keyfiyyətlərindən, kimisi idarəçilik prinsiplərindən.