​İqtidar inqilabi projenin düyməsini basır: Nazirliklər Bakıdan köçürülür - Təcili

 
Bakıda demoqrafik partlayış və urbanizasiya səviyyəsinin artması paytaxtın köçürülməsini yenidən gündəmə gətirib
 
Politika.Az-ın xəbərinə görə, hakimiyyətin inqilabi layihəsi olan bu projenin reallaşması aktualdır.
 
İqtisadi vəziyyət paytaxtın köçürülməsini şərtləndirir. Bakıdakı sıxlıq, insanların yeganə qazanc yerinin bu şəhər olması, bütün nazirliklərin, komitələrin, universitetlərin paytaxtda yerləşməsi dözülməz bir şərait yaradıb.
 
Hazırda bu layihənin reallaşması üstündə baş sındırılır. Hakimiyyətin siyasi qanadı ilə paralel işləyən iqtisadi blokdakı məmurlar, arxitekturlar, mütəxəssislər və alimlər təkliflərini irəli sürməkdədir.
 
Bakının yüngülləşdirilməsi üçün bəzi nazirliklərin və komitələrin şəhərdən çıxarılması nəzərdə tutulur. Bu plan Avropada da sınadan keçirilib.
 
Həm ekoloji çirkənmənin qarşısını almaq, həm tıxacların aradan qaldırmaq, həm işsizliyin kökündən məhvi, həm regionların inkişaf etdirilməsi baxımdan paytaxtın köçürülməsi və bu da olmazsa, ən yaxşı halda nazirliklərin köçürülməsi plandadır.
 
Politika.Az-a daxil olan xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxın şəhərlərə - Mingəçevir, Quba, Salyan və ya Şamaxıya köçürülə bilər.
 
Eyni zamanda Səhiyyə Nazirliyi, Vergilər Nazirliyi Gəncə və ya Sumqayıta köçə bilər. Dövlət Əmlak Komitəsi, Azərsu ASC, Su və Meliorasiya ASC və s. qurumların köçürülməsi mümkündür.
 
Hökumət bu layihəni həyata keçirməklə böyük bir yükü həm özünün, həm Bakının üzərindən qaldırmış olacaq. Habelə, bəzi ali məktəblərin də köçürülməsi realdır. Məsələn, Dövlət Pedaqoji Universiteti İsmayıllıya, Dövlət Neft Akademiyası Sumqayıta köçürülə bilər.
 
Politika.Az xəbər verir ki, Bakı az qala 4 milyona çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara-yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli deyil.
 
Bakının yolları bir neçə milyard dollar investisiyanı “udmasına” baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaçılmaz edir. Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib.
 
Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir.
 
Məlumdur ki, “Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilə qədər olan dövrü əhatə edir ki, plana əsasən, iri sənaye müəssisələrinin, ali məktəblərin, bəzi nazirliklərin paytaxtdan köçürülməsi planlaşdırılır.

Загрузка...
Загрузка...