İqbal Ağazadənin səlahiyyətli nümayəndələri təhdid ediliblər - FOTOLAR

Ümid Partiyasının sədr müavini, 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd olan Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Tamilla Qulaminin AGXEBER.COM-a verdiyi məlumata əsasən imzatoplama prosesi zamanı insident yaşanıb.
Belə ki, Anar İsayev, Elman Abbasov və Tamilla Qulami 90 saylı Ağdaş Seçki Dairəsindən parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak üçün imzatoplama kampaniyasında Ağdaşın Yuxarı Ləki kəndində təzyiqlə üzləşiblər.
90 VD 228 nömrə nişanlı "Mercedes" markalı maşınla 4 naməlum şəxs yaxınlaşıb, onlardan kəndi tərk etməyi tələb ediblər. Buna etiraz edildikdəsə, onlar təhdidlərlə üzləşiblər.
Naməlum şəxslər səlahiyyətli nümayəndələrə hətta rüşvət də təklif ediblər. Rüşvətdən imtina edildiyini görüncə, onlara qarşı ciddi təzyiqlərin olunacağı ilə bağlı təhdidlərə əl atıblar.
Elman Abbasov və Tamilla Qulami "102 - qaynar xətti"nə zəng ediblər. Məlum nömrə nişanlı maşın səlahiyyətli nümayəndələri getdikləri bütün istiqamətlərdə təqib edib.