​İqbal Ağazadə: "O mənim intim dünyamdır, sizə niyə deyim ki...?" — MÜSAHİBƏ

 
Ölkə.Az saytı "Şəxsən mən" adlı rubrikasını davam etdirir. Məqsədimiz oxucularımıza siyasətçilərin, ictimai xadimlərin, elm adamlarının başqa üzünü də göstərməkdir.
 
Layihəmizin bu dəfəki qonağı Ümid Partiyasının sədri İqbal Ağazadədir:
 
 
 
- Şəxsən mən siyasətçi olmasaydım...
 
- Əgər Qarabağ problemi olmasaydı, SSRİ dağılmasaydı sadə sovet uşaqlarından biri olardım. Sovet uşağı, ağlı, zəkası, təhsili, diplomu olan, şərqşünaslıq kimi bir yerdə oxuyan bir tələbənin prespektivləri nə ola bilərdisə, o olardım. Xəyallar başqadır. Bəlkə yenə siyasətçi olardım. Kommunist partiyasının üzvü olardım, kommunist tərbiyəsi görmüş partiya strukturlarında işləyən biri olardım. Bəlkə alim olardım. BDU-nu qırmızı diplomla bitirmişəm. 53 imtahan vermişəm bir dənə də 4 qiymətim olmayıb. Bəlkə yaxşı pedaqoq olardım, hansısa bir kənddə müəllim olardım. Hər-halda SSRİ dağıldı və biz yeni formasiyanın uşaqları kimi ortaya çıxdıq. Bizim koordinal həyatımızda dəyişiklik edən əslində elə SSRİ-nin dağılaması oldu. SSRİ dağılmasaydı həyatımızda və peşələrimizdə koordinal dəyişikliklər olmazdı.
 
- Şəxsən mən uşaqlıq arzularıma qovuşsaydım...
 
- Bizim uşaqlığımız sovet dönəmində olub deyə, arzularımız başqa olub. Mənim də arzularım olub. Demirəm arzulayırdım ki, deputat olum, amma cəmiyyət üçün faydalı adam olmaq istəyirdim. Bu gün çox az dövlətlərdə bizim kimi adamlar var ki, bir formasiyada yaşayaraq uşaqlıq arzuları olub, sonra isə fərqli şeylərlə qarşılaşıb. 90-cı illərin uşaqlarının arzuları rahatdır. Çünki onlar müstəqil dövlətin vətəndaşlarıdırlar. Onlar kommunist, pioner, komsomol, oktyabryat olmayıblar, onlar kollektiv təsərrüfat görməyiblər. Onlar Lenin, Marks ideologiyası görməyiblər. Ona görə də, uşaqlıq arzularımız formasiyanın dağılması ilə içimizə gömülüb. Yeni müstəqil dövlətin vətəndaşları kimi yeni arzularla yaşamışıq. 90-cı ildə doğulsaydım arzularım başqa olardı.
 
- Sovet dönəmində yaşamısınız. Sovetlər arzularınızla birgə dağıldı. Şəxsən mən Qarbaçov olsaydım...
 
- Mən Qarbaçov ola bilməzdim. Keçmiş SSRİ-nin rəhbəri Stalindən sonra heç zaman rus millətindən başqa şəxslər olmayıb. Qarbaçov olmağı arzulamamışam, ancaq nəzəri cəhətdən hər şeyi təsəvvür etmək mümkündür. Nəzəri təsəvvürlərin arxasınca qaçan adam deyiləm.
 
 
 
- Şəxsən mən dünya çempionatının finalında qələbə qolunu vursaydım...
 
- Qələbə qolu vurmağı arzulamamışam və təsəvvür də etmirəm. Çox istərdim ki, Azərbaycan və Türkiyə futbolu inkişaf etsin. Daha çox Türkiyə futbolu pəncərəsindən baxmışam dünya futboluna. Çox istərdim ki, Beşiktaş, Qalatasaray, Fənərbaxça, o cümlədən Türkiyə milli komandası dünya çapında olan klublarla bərabər səviyyədə mübarizə apara bilsin. Özümü futbolçu görməmişəm, arzu etməmişəm. Xarakter olaraq belə bir insanam ki, olmadığım yerdə özümü arzu etmirəm. Olur ki, faciəvi hadisələr, məğlubiyyət faciələri olur. Qələbədə təsəvvür etməsəm belə məğlubiyyətdə acı çəkən insanlara baxıb təsəvvür edirəm ki, mən onun yerinə olsaydım nə edərdim. Özüm olmadığım, təsəvvürümdə olmayan məni təsəvvür etmək arzusunda olmamışam.
 
- Şəxsən mənə nazirlik təklif olunsa...
 
- Müzakirə edərəm. Bu xəyal deyil. Bu hətta sabah gerçəkləşə biləcək bir şeydir. Bunu partiyadaşlarımızla müzakirə edərəm. Müzakirə etdikdən sonra təklif bizim prinsip və dəyərlərlə nə dərəcə üst-üstə düşür, biz orada millət, cəmiyyət, xalq üçün nələr edə bilərik onu hesablayardıq. Biz düşünərdik ki, fayda verəcəyikmi, yoxsa biyabır olacağıq. Mənə elə bir sahə təklif edə bilərlər ki, o sahə üzrə peşəkar komandam olmaz. Siyasi postların hamısında təşkilatçılıq önəmlidir. Hesab edirəm ki, təşkilatçılıq baxımından kifayət qədər qabiliyyət və bacarığımız var və biz onları yerinə yetirə bilərik. Çünki nazirin işi təşkil etməkdir. Nazirin işi mütəxəssis olmaq deyil. Bu təklif bizim rastlaşa biləcəyimiz, masamızın üzərinə gələ biləcək bir təklifdir. Bu bizim üçün xəyal deyil. Ola bilər ki, Azərbaycan hökuməti iqtisadi və siyasi çətinliklərdən dolayı ortaqlıq təklif edər və yaxud yeni bir sistemə keçid edər, cəmiyyətdə tamamilə fərqli münasibətlər formalaşdırmağa çalışar. Bu birdən baş verəcək məsələ deyil. Sabah seçkilər ola bilər və biz qalib ola bilərik. Birdən prezident seçilərik, nazir olaram, deputat olaram anlayışı yoxdur. Biz bunun üçün çalışırıq.
 
- Şəxsən mən vahid lider olsaydım...
 
- Mən vahid liderəm, ancaq mənə inananların və mənim partiyamda olanların. Dəyərlərin birləşdirilməsində isə vahid lider anlayışı Azərbaycan cəmiyyətində çox müzakirə edilən olsa da, dünya siyasətində bu aktual deyil. Demokratiya uğrunda mübarizə aparmaq üçün vahid liderə yox, vahid düşüncəyə ehtiyac var. Demokratiyanı haradan haraya daşıya bilərik. O düşüncənin içərisindən də yola çıxırsan. Biri az töhfə verir, biri çox töhfə verir. Seçkilər olanda isə sənin xalqa yanaşman səni digərlərindən bir baş üstünə çevirə bilir. Buna da vahid lider yox, vahid namizəd demək mümkündür. Liderlik bir az siyasi təşkilat, ideologiya ilə bağlı olan məsələdir. Vahid namizəd isə maraqların kontekstindən çıxış edərək irəli sürülən fəlsəfədir. Ona görə də, vahid namizəd olmaq çox rahatdır, ancaq Azərbaycanda heç kim vahid lider ola bilməz. Məmməd Əminin, Elçibəyin, Heydər Əliyevin Azərbaycan tarixindəki rolu başqadır. Bu şəxsiyyətlərin üçündən birini vahid lider etmək üçün hökmən üçünü də bir araya gətirmək lazımdır. Ayrı ayrılıqda qalanda onlar da komandalara bölünür. Biri qəbul edir, biri qəbul etmir. Mən Məmməd Əmin Rəsulzadəni qəbul edirəm, bir başqası üçün Elçibəy örnəkdir, digəri üçün isə Heydər Əliyev.
 
- Şəxsən mən icra başçısı olsaydım...
 
- İcra başçısı olmazdım. Mən bu günkü statusumda icra başçısı olmazdım. Partiya sədriyəm, prezidentliyə iddialıyam, necə gedim icra başçısı olum? Hətta 5 rayonu birləşdirib versələr yenə icra başçısı olmaram. Adi bir vətəndaş olsaydım, partiya sədri olmasaydım, komanda formalaşdırıb ortaya iddia qoymasaydım çox normal şəkildə icra başçısı olardım.
 
 
 
- Şəxsən mən bu klubların tərəfdarıyam...
 
- Beşiktaş və Qarabağ azarkeşiyəm. Azərbaycanda Neftçiyə azarkeşlik edirəm, baxmayaraq ki, Neftçi çox bərbad gündədir. Beynəlxalq aləmdə istənilən türk komandası oynayanda Beşiktaş azarkeşi olsam da, Qalatasaraya, Fənərbaxçaya da azarkeşlik edirəm. İspaniyada Barselonanı sevirəm, ancaq bir türk klubu, hətta Osmanlısporla Barselona oynasa Osmanlıya azarkeşlik edəcəm. Traxtora azarkeşlik edirəm. Bilmirəm ki, Traxtorla Qarabağ oynasa, kimə azarkeşlik edərəm. Heç-heçə olmasını istərdim. Almaniyadan Borussiya Dortmundu sevirəm. Bəlkə də Əmrə Mor orada oynayır deyədir. Arsenalı Məsud Özülə görə sevirəm. Bir də Maurinyonun rəhbəri olduğu komandaların oyunlarına baxıram.
 
- Şəxsən mən bu janrda mahnıları sevirəm...
 
- Musiqi zövq, hal, ruh məsələsidir. Peşəkardan başqa heç bir insan deyə bilməz ki, mən daim caza, roka, repə, popa qulaq asıram. Şən mahnıları sevən adam da, əhvalından asılı olaraq lirikanı sevə bilir. İnsanın içində nə varsa, musiqi adamı ona çəkir. 20 il bundan əvvəl başqa şey oxuyurdum, bu gün başqa şey oxuyuram. Oxumaq, öyrənmək elə bir şeydir ki, sən onun istifadəsini düşünürsən. 20 yaşında lirik şeirlər oxuyanlar, onun bir istifadə yeri var idi, onu düşünürdü. İndi soruşsanız, o yaşda olanların böyük əksəriyyəti bir dənə də olsun şeir bilmir. İndi mesencer var, mesaj var. O vaxt isə şeir deyərdilər. Elm də belə bir şeydir. Bu yaşımda romantika da oxuyaram, ancaq bir peşəkar oxucu kimi. Özümü peşəkar oxucu hesab edirəm. Hər gün oxuyuram. Gənclərlə mühazirələrim olur.
 
Elə ola bilər ki, sən heç kimin qulaq asmadığı mahnıya qulaq asa bilərsən və zövq ala bilərsən, çünki ruhun o yerdə olur. Maşında oturursan, elə bir musiqiyə qulaq asırsan ki, sənin yanında əyləşən üzünü, gözünü turşudur. Ancaq o adamın əhvalı da elə olanda o musiqiyə qulaq asacaq. Hər zaman "Bir axşam taksidən düşüb payıza, bilmədim ha yana, haraya gedim"ə qulaq asmaq olmaz. İnsan həmişə o əhvalda olmur. Yaxud həmişə "maral maral"a qulaq asmaq olmaz. Vaqif Mustafazadəni çox sevirəm, Zeynəb Xanlarovanı, müasir və əvvəlki muğam oxuyanları da çox sevirəm. Çox sevə-sevə Joe Dassinə, Pavarottiyə qulaq asıram. Azərbaycandan Elnura qulaq asıram, Röyaya, Sevda Ələkbərzadəyə qulaq asıram. Elə səslər var ki, onlara heç vaxt qulaq asmıram. Hüseynağa Hadıyevə, Oktay Ağayevə qulaq asıram. Ancaq hər zaman hamısına qulaq asmıram. Mən indi deyim ki, Manaf Ağayevə qulaq asmıram? Qulaq asıram axı.
 
- Şəxsən mən aşiq olsaydım...
 
- Hər gün aşiq oluram.
 
- Sevgi məsələsini nəzərədə tuturdum.
 
- Hər gün insan sevirəm. Hər gün yeni insanlarla rastlaşıram və onları sevirəm. Sevməyə başqa anlamdan baxmaq lazımdır. Qadın sevəcəmsə, onu heç zaman sizə demərəm. Mən onu sizə niyə deyim ki? O mənim intim dünyamdır. Ancaq hər gün sevirəm və nəyi sevirəm o da mənə aiddir.
 
 
 
- Gündəmə uyğun olaraq. Şəxsən mən ABŞ vətəndaşı olsaydım, Hillari Klinton, yoxsa Donald Tramp...?
 
- Deyə bilmərəm. ABŞ vətəndaşı olsaydım vətəndaş kimi problemin nə olduğunu bilərdim və ondan yola çıxıb səs verərdim. Azərbaycandan baxanda Hillari Klintona səs verərdim. Hümanizmi daha çox sevirəm, aqressiyanı, sərtliyi sevmirəm. Donald Trampda bu yox idi.
 
- Şəxsən mən səyyah olsaydım...
 
- Səyyahlığı sevmirəm, heç arzulamıram da. Bu günkü gündə səyyah olsaydım və imkanım olsaydı, Qarabağa gedərdim. Oranı vətəndaş və əsgər olaraq ala bilmirəmsə, siyasətçi olaraq ala bilmirəmsə və Tanrı mənə səyyahlıq qismət edibsə Qarabağa gedərdim. Ən azı özümün böyüdüyüm yurda, yuvaya bir səyyah kimi baş çəkərdim. Oranın hər qarışını gəzərdim. Şuşaya, Laçına, Kəlbəcərə gedərdim.
 
- Şəxsən mən fotoqraf olsaydım...
 
- Daha çox romantik şeyləri çəkərdim. Tək ağacın altında yağışdan islanmış bir qadını çəkmək gözəl olardı.
 
- Şəxsən mən yazıçı olsaydım...
 
- Mənə elə gəlir ki, sənətkarlar çox böyük adamlardır. Yazıçılar, şairlər o qədər böyükdürlər ki, özümü heç zaman o səviyyədə hesab etmirəm. Onların yazdıqlarına baxıram ki, hamısını bilirəm. Tutaq ki:
 
Yenə bu şəhərdə gəldik üz-üzə,
Neynəyək ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik xəbərimiz yox.
 
Deyirəm, bunun hamısını mən də bilirəm. Bəs mən niyə yaza bilmirəm bunu? Və yaxud:
 
Bu nə gözəllikdir küçədən keçir,
Elə bil işıqdır gecədən keçir.
Onu kim yaradıb, harda yaradıb,
Harda sığallanıb, harda daranıb.
 
Bu sözlərin hamısını bilirəm, ədəbiyyatı da bilirəm. Necə olur Bunu Musa yaqub yaza bilir, mən yaza bilmirəm?
 
 
 
Aysel Əlizadə, Aqşin Yenisey, Seymur Baycan, Şəhriyarın yazdıqlarını oxuyuram və bunları bilirəm. O zaman deyirəm ki, mənim çatmadığım elə bir yer var ki, onlar oradadır. Ona görə də, onlar yazıçıdır, şairdir. Seyran Səxavətin, Anarın əsərlərinə baxıram və deyirəm, bu sujeti mən bilirəm axı. Niyə mən bunu yaza bilmirəm? Yaza bilməməyimin səbəbi odur ki, o sənətkarlıq başqa bir haldır, başqa bir ruhdur. O ruh halına heç vaxt çata bilmərəm. Yazıçıların da bəzi qəribəliklərini çox rahatca həzm edə bilirəm. Hərəkətləri fərqli ola bilir. Bəzən çılğın ola bilirlər. Bəzən adi bir şeyə fərqli reaksiya verirlər. Bəzən bizim gördüyümüz şeyə başqa cür baxırlar. Fuad Poladov fitri istedaddır. Qacar rolunu kimlər yaradıb, hamısını oxumuşam. Fuad Poladovdan çox oxumuşam Qacarı, ancaq Fuad Poladov qədər Qacar obrazına girə bilmirəmsə demək adam dahidir. Demək onun elə bir ruh halı var ki, o ruh halını orada yaşaya bilir. Mən yaşaya bilmirəm onu. Sənətkar olmaq başqa məziyyətlər istəyir, o məndə yoxdur.
 
- Şəxsən mənə bu təklif gəlsə siyasətdən gedərəm...
 
- Desələr ki, köç get Qarabağda itirdiyin torpaqlarda yaşa, oralar işğaldan azad olundu və siyasətdən get. Heç kimə heç nə demədən hər şeyimi qoltuğuma vurub otağımdan gedərəm. Bir kəlmə deyərəm ki, sağ olun, mən siyasətdə yoxam. Əslində daha yaxşı insanlar, yeni qüvvə, yeni gənclik siyasətə gəlsə, özüm gedərəm. Özümün də gedə biləcəyim zamanlar və yerlər var. Görsəm ki, artıq mənim dediklərimdən cəmiyyət daha az fayda görür, daha çox fayda gördükləri yer var, o zaman gedərəm. Azad cəmiyyət, düşüncə görsəm çox rahat siyasətdən gedərəm.
 
- Şəxsən mən əlimdə imkanım olsa idi, bunları dəyişərdim...
 
- Münasibətləri dəyişərdim. Bizim bütün problemlərimizin kökündə münasibətlərin düzgün qurulmamasıdır. İnsani münasibətlərimiz bərbad gündədir. Biz bir-birimizə hörmət etməyi bacarmırıq. Hər kəs öz üstünlüyünü nümayiş etdirməyə çalışır. Adi müdirdən tutmuş, ən yuxarıya qədər. Hər kəs bu mənəm, bu üstünlüklərim var deyir. Hamının bir-birinə insanı münasibət göstərməsini, insanlar arasında münasibətin sevgi üzərində qurulmasını istəyərdim. Azərbaycanda bir-birinə gülümsəyən çox az insan görərsiniz. Bu faciədir. Başa düşürəm, problemləri də, çətinlikləri də başa düşürəm, ancaq can deməklə candan can əskik olmaz. İnsanlar bunu da düşünməlidirlər. Gözəl insan görməyin özü belə xoşbəxtçilikdir.
 
Bir qədər də tərbiyəmizdə qüsur var. Oğlan uşaqlarını evdə böyüdəndə gülürsə "kişisən, bir az ciddi ol" deyirlər. Bizdə heç vaxt ciddiliyin düşüncədə olmasını düşünməyiblər. Həmişə ciddiliyi qaş-qabaqlı olmaqda görüblər. Kim qaşqabaqlıdırsa o daha ciddi adamdır. Kim gülmürsə, o daha ciddi adamdır. Ancaq bunun başqa adı var, qaraqabaq.
 
- Şəxsən mən milyonçu olsaydım...
 
- Milyonçuyam, milyarderəm. Mənim o qədər mənəvi milyonlarım, milyardlarım var ki, onu heç nə ilə əvəz edə bilmərəm. Mənim üçün 5 milyonla 5 milyardın arasında fərq yoxdur. Fərd olaraq 5 milyona nə ala bilərəmsə, 5 milyarda da onu ala bilərəm. Ev-eşik, maşın alaram, ancaq heç vaxt özümə təyyarə almaram. Neynirəm təyyarəni? Təyyarə ilə işə getmirəm axı. Hansısa ölkəyə uçacamsa reyslər var. İnsan nə edə bilərsə 5 milyonla edə bilər. 5 milyarda ehtiyac yoxdur. Mənim üçün milyonçuluq, milyarderlik mənəviyyatla ölçülən bir məsələdir. Pul olaraq 5 milyonum yoxdur. 5 milyonum olsa belə babamın babasına da bəsdir. Doymuş şirin yanından keçsən heç adama tərəf çönüb baxmaz. Ancaq bir ömür boyu axtarır. Pul olanda da, olmayanda da, tox olanda da, olmayanda da axtarır. Bəşəriyyət doymur, doya bilmir. Bir insan düşünməlidir ki, bu qədər pulla nə edəcəm? Bir banka külli miqdarda pul yığdın. Səndən başqa hamı ondan xeyir götürür. Bank faizini götürür, pul götürən işini düzüb-qoşur.
 
 
 
- Şəxsən mən zamanı geri qaytara bilsəydim...
 
- Zamanı geri qaytara bilsəydim və ya başqa zamanda doğulmuş olsaydım çox şey edə bilərdim. 88-ci il hadisələri zamanı siyasətdə olsaydım, hökmən meydanda olardım. O insanların qarşısında olardım və heç zaman Qarabağın itirilməsinə yol verməzdim. Zamanında doğulsaydım, heç bir zaman Azərbaycanın bu qədər acı çəkməsinə imkan verməzdim. Dünən ABŞ tarixini vərəqləyirdim. İnsanlar heç nədən bir dövlət qurublar. ABŞ-da prezident seçkiləri günü dedilər ki, ABŞ özünə prezident seçir. Dedim, yox, bu gün dünya özünə prezident seçir. ABŞ bir dünyadır. Bir gənc var idi, danışırdı biz, biz, biz. Dedim, qalx ayağa, soyun desəm əynində Azərbaycana aid bir şey tapa bilmərsən. Heç bir şey Azərbaycanın deyil. Bəziləri deyir "amerikapərəstsən". Qətiyyən, adamlar düzgün inkişafın, adam kimi yaşamağın yolunu tapıblar. Ona qibtə edirəm və onun kimi olmaq istəyirəm. Gedim ruspərəst olum? Axı onların nəyi var onlara oxşayım? Mən gedib ruslara oxşasam indikindən bir qədər fərqlənəcəm, axı daha yaxşı insan olmaq istəyirəm. Daha böyük olmaq istəyirəm. ona görə də, almanı, fransızı, italyanı örnək seçirəm. Əlimdə olsaydı nə qədər investisiyamız var, hamısını insana qoyardım. Bu gün heç bir insan sağlamlığı üçün ölkədən qırağa getməzdi. Məktəblər yaradardım. Hər sahə üzrə 5 insan yetişdirsəydim onlar indi mütəxəssis idilər. İnsana qoyulan pul dövlətə ancaq xeyir verərdi. Biz hər şeyə investisiya qoyduq, bir insandan başqa. Bir kiloqram xammalın dünya bazarında satış qiyməti 5 dollardır. Bir kiloqram istehsal məhsulunun qiyməti 100 dollardır, ancaq bir kiloqram əqli məhsulun qiyməti 1 milyon dollardır. Dünya bizə 1 milyona satır, biz isə 5 dollara. Fərqimiz bu qədərdir. Heç vaxt neftdən gələn pulları xərcləməzdim. O pulların hamısını valyuta şəklində Mərkəzi Bankda saxlayıb ölkəni borclandırardım. Dünyada puldan ucuz heç nə yoxdur. O gətirdiyim pulun hesabına ölkə vətəndaşını qazandırardım, kreditləri də ödəyərdim, öz pulum da yerində qalardı. 50 milyard pulun olanda sənə ən pis halda 25 milyard pul verə bilən dövlətlər var. Zamanında dünyaya gəlsəydim çox şeylər edərdim. Ancaq gec deyil. İnanıram ki, bundan sonra da çox şey edəcəyik.
 
- Sonda şans veririk ki, şəxsən sən...
 
- Olarmı mən də sual verim?
 
- Olar.
 
- Şəxsən sən azərbaycanlı Səxavət bəy olaraq bütün bu problemləri görürsənmi?
 
- Bəli.
 
- Onda bir sual çıxır ortalığa. Şəxsən sən Səxavət, imzası tanınan, qələminə hörmət etdiyim bir şəxs, problemlərə bu qədər açıq gözlə baxan bir şəxs kimi niyə heç zaman siyasi mövqeyini ortaya qoymursan?
 
- Jurnalist tərəfsiz olmalıdır.
 
- Axı jurnalist olaraq sizin sabah övladlarınız sizin çəkdiklərinizi çəkəcək, sırf siz mövqe qoymadığınız üçün. Biz siyasətlə ona görə məşğuluq ki, bura İraqa, Suriyaya çevrilməsin. Adam kimi yaşayaq, adam kimi münasibətdə olaq. Bu sizlərin siyasətə gəlişinizdən asılıdır.