İntiharın astanasında olan pambıqçıdan Prezidentə MÜRACİƏT...

 
 
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına
                                   
Tərtər şəhər sakini Nizami Yaqub oğlu İsmayılov tərəfindən
 
                                           
MÜRACİƏT
 
Cənab Prezident!
 
Mənim Tərtər rayonu Buruc bələdiyyəsinin Sarıcalı kəndində 4 hektar müqavilə ilə torpaq sahəm var. Neçə illərdir ki, taxıl və yem bitkiləri əkirəm. Bu il bələdiyyə sədri icra başçısı adından bildirdi ki, əgər pambıq əkilməsə müqavilə pozulacaq, torpaq sahəsi əlimdən alınacaq. Mən etiraz edib bildirdim ki, pambığın suvarma dövrü əsasən iyul-avqust aylarına düşür və Tərtərçayın qarşısı ermənilər tərəfindən kəsilir, su olmur. Artezian suları isə bizim sahələri tutmur. Bələdiyyə sədri icra başçısının adından bildirdi ki, suvarma zamanı ilk növbədə pambıq təsərrüfatlarına su veriləcək və heç bir problem yaşanmayacaq. Həm müqavilənin pozulmasından çəkinərək, həm də başçının vədinə etibar etdyimdən “Qarabağ regional MKT İK” MMC ilə müqavilə bağlayıb pambıq əkdim. Mütəxəssislərin rəyinə görə becərdiyim sahədən 44 sentner məhsul gözlənilirdi. Amma, yetişdirdiyim məhsul, rayon rəhbərliyinin vədinə əməl etməməsi səbəbindən məhv oldu. 52 gün ərzində döymədiyim qapı qalmasa da, bu sahəyə cavabdeh olan rayon məmurlarına dəfələrlə müraciət etsəm də suvarma üçün su ayrılmasına şərait yaratmadılar və məhsul məhv olur.
 
Pamıq əkini üçün ayrılan tədavül xərclərini ödəyə bilməyəcəyimdən yəqin ki, növbəti intiharı mən edəcəyəm. Səbəbkarlar da məlumdur. İcra başçısının bu sahəyə baxan köməkçisi Xatirə Əzizova artezian quyusunun vurulmasına ehtiyac olmadığını bildirib pambıq sahələrini məhv etdi. Əgər belə “qayğı” olacaqdısa niyə məni pambıq əkməyə məcbur etdilər? Rayon rəhbərliyi yalnız məni deyil, pambıqçılığın ölkədə inkişaf etdirilməsini nəzərdə tutan respublika rəhbərliyini də aldadıblar.
 
Cənab prezident!
 
4 hektar sahənin suvarılmaması nəticəsində pambığın məhv olması ilə bağlı xüsusi dövlət komissiyasının baxış keçirib rəy bildirməsini və üzərimdən tədavül xərclərinin silinməsini və bu sahə üzərində artezian quyusunun qazılmasına vəsait ayrılmasına göstəriş vermənizi Sizdən xahiş edirəm və köməklik edəcəyinizə inanıram.

Загрузка...
Загрузка...