İntihar edən MTN polkovnikinin milyonluq mülkləri ilə bağlı – Son qərar

Baxış sayı: 
144

 
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəis müavini olmuş, polkovnik İlqar Əliyevə və ailə üzvlərinə məxsus olan əmlakların geri qaytarılması barədə verilən apelyasiya şikayəti üzrə qərar açıqlanıb.
 
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə İlqar Əliyevin ailə üzvlərinin şikayəti araşdırılıb.
 
Hakim heyəti əmlakın onlara qaytarılması barədə şikayəti əsassız hesab edib.
 
Bu səbəbdən İlqar Əliyevin ailə üzvlərinin şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.
 
Qeyd edək ki, İlqar Əliyevin ailə üzvləri Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barəsində Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən narazı qalıblar.
 
Məhkəmə hökm çıxaran zaman cinayət işində adı keçən İlqar Əliyevə və ailə üzvlərinə məxsus mülklərlə bağlı da qərar qəbul edib.
 
Məhkəmə İlqar Əliyev və onun ailə üzvlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə edilməsi barədə qərar qəbul edib.
 
Qərarda qeyd olunub ki, İlqar Əliyev və onun ailə üzvlərinə məxsus əmlaklar cinayət yolu ilə əldə edilib.
 
Qeyd edək ki, İlqar Əliyev 2015-ci ilin oktyabrında həbs edilib. O, həmin il dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib.
 
Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, onun işi üzrə istintaq hərəkətləri prokurorluqda davam etdirilib.
 
İlqar Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakaların üzərinə həbs qoyulub.
 
İlqar Əliyev intihar edəndən bir neçə gün sonra Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barəsində cinayət işi başlanıb.
 
İlqar Əliyevin cinayət işi üzrə adı keçən zərərçəkmişlərin işi Elçin Əliyevin cinayət işi ilə birləşdirilib.
 
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər.
 
Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edilib.
 
Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
 
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.
 
Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi isə general Elçin Quliyev cavabdeh olaraq tanınıb.
 
Elçin Quliyevə məxsus 90 TT 757 nömrəli “Mercedes BENZ GL 500” (105 min manat), 90 HH 757 nömrəli “Mercedes BENZ C200” (64 min manat), Mərdəkan qəsəbəsində bağ sahəsi (172 min manat), Ceyranbatan qəsəbəsində torpaq sahəsi (27 min 500 manat), Nabranda torpaq sahəsi (12 min manat) olan əmlakların üzərinə həbs qoyulub.
 
Elcin Quliyev Bakı Hərbi Məhkəməsində çıxarılan hökmün ləğvini və ona bəraət verilməsini istəyib. O, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklarının da özünə qaytarılmasını tələb edib.
 
Azər Mehdiyev də apelyasiya şikayətində bəraət istəyib.
 
Elçin Quliyev və Azər Mehdiyev ittihamlarla razılaşmayıb. Onlar günahsız olduqlarını deyiblər.
 
Bu iş üzrə zərərçəkmişlərdən yalnız iş adamı Maqsud Mahmudov apelyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manata yaxın mülki iddia qaldırıb.
 
Bakı Apelyasiya Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı ilə Elçin Quliyev və Azər Mehdiyevin, eləcə də zərərçəkmiş Maqsud Mahmudovun apelyasiya şikayəti təmin edilməyib.
 
İttihama görə, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəliblər, onlardan külli miqdarda pul alıblar.
 
İstintaq sənədlərinə görə, Elçin Quliyev və digər şəxslər MTN polkovniki Malik Mustafayevi intihar həddinə çatdırıblar. Malik Mustafayev xidməti vəzifəsi başında intihar edib. Onun qardaşı Mətləb Mustafayev MTN tərəfindən şərlənərək həbs edilib. Bundan sonra şantaj olunan Malik Mustafayev özünü öldürüb.
 
Cinayət işi üzrə ümumilikdə 18 nəfər zərərçəkmiş var.
 
Xatırladaq ki, İlqar Əliyevin intihar etməsi ilə bağlı cinayət işinə xitam verilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...