​İntihar edən azərbaycanlı MƏŞHURLAR - müəmmalı məqamlar

 
Heç bir ölümün arxasında intiharda olduğu qədər sirr, müəmma yoxdur.
 
Turaninfo.Az sputnik-ə istinadla bildirir ki, dünya elmi və mədəniyyəti tarixində saysız-hesabsız intihar edən şəxsiyyətlər tanıyırıq. Bunlardan Sokrat, Edqar Allan Po, Ernest Heminquey, Stefan Sveyq, Henrix von Kleist, Cek London, Valter Benjamin, Virciniya Vulf, Vladimir Mayakovski, Silviya Plat, Sergey Yesenin, Van Qoq, Merilin Monro, Dalida, Lüdviq Bolsman, Alan Türniq və başqalarını misal göstərmək olar.
 
Ölümlərin arasında ən çox diqqət çəkən də elə intihardır. Heç bir ölümün arxasında intiharda olduğu qədər sirr, müəmma yoxdur. İntihar kimilərinə görə, ruhi xəstəlik, acizlik, günah, kimilərinə görə isə cəsarət və qəhrəmanlıqdır. Əlbəttə, mənə görə də bunlardan biri doğrudur. Amma hansını doğru bildiyim özümdə qalsın, çünki heç birinin mütləq olmadığına əminəm. Axı həyatda mütləq olan tək bir şey varsa, o da heç bir şeyin mütləq olmamasıdır. Bizim coğrafiyamızda şəxsiyyətlərin çox az bir qismi intihar edib. Çünki onlar ya intihar edəcək həddə çatmadan öldürülüblər, ya da ölümdən qorxduqları üçün bütün üstün təbəqələrə yarınmaq kimi rahat yolla gediblər. Hərçənd, ikincinin mənəvi baxımdan nə dərəcədə rahat olduğunu bilmirəm. İntihar edən şəxsiyyətlərimizdən biri Rəşid Axundovdur. O, mühəndis, tərcüməçi olmasına rəğmən, daha çox Mirzə Fətəli Axundovun oğlu kimi tanınır. Avropada təhsil aldığı müddətdə ailəsi ilə məktublaşması "Brüsseldən məktublar" adlı tarixi əsərə çevrilir, həm də dildən-dilə dolaşıb əfsanələşir. 1909-cu ildə özünü tapança ilə vuraraq intihar edir. İntihar etməsinə səbəb kimi ruhi sarsıntıları, depressiya göstərilir. Digər intihar isə heç bir ruhi sarsıntıya söykənməyib. Tamamilə dəyərlərə və mal-mülk itirmək qorxusuna görə baş verdiyini düşünə bilərik. Bu, məşhur neft sahibkarı, Bakı milyonçusu Murtuza Muxtarovun intiharıdır. Qızıl Ordunun Bakını işğalı zamanı iki bolşevikin onun sarayına daxil olmasını özünə təhqir sayır. Öz silahı ilə bir bolşeviki, daha sonra özünü vurur.
 
1963-cü ildə daha bir intihar hadisəsi Azərbaycan tarixinə düşür. "Bəxtiyar", "Qızmar günəş altında", "Leyli və Məcnun" filmləri ilə tanınan rejissor Lətif Səfərov özünü ov tüfəngi ilə vurur. 43 yaşında intihar edən rejissor tanınmış sənətkarımız Şövkət Ələkbərovanın həyat yoldaşı olmuşdur. Bu hadisənin heç bir mənbədə göstərilməyən, amma sənət adamları arasında geniş yayılan bir variantı da var. İntihar etmək fikrinə düşən rejissor Lətif Səfərov xanımı Şövkət Ələkbərovanı o qədər sevir ki, onun əli ilə ölmək istəyir. Buna görə də ov tüfənginin tətiyini iplə qapının dəstəyinə bağlayır. Şövkət xanım qapını açmaq istəyəndə tətik çəkilir və Lətif Səfərov həyatını itirir.
 
Yazıçı Məsud Əlioğlu da intihar edən şəxsiyyətlərimiz siyahısındadır. O, Sovet dövründə Hüseyn Cavidə bəraət qazandıran məqalələr yazmış, Hüseyn Cavid haqqında monoqrafiyalar çap etdirmişdir. Buna görə də rejimin düşməninə çevrilən yazıçı təqib olunmuşdur. Çap olunmamaq, təqib olunmaq, ailəsini təhlükəyə atmaq kimi problemlərlə üz-üzə qalan yazıçı bunlara dözməyərək 44 yaşında intihar etmişdir. Məsud Əlioğludan iki il sonra şair Sərdar Əsəd də intihar edir. İçkiyə qurşanan, işsizlikdən əziyyət çəkən, əsəbləri pozulan şair Sərdar Əsəd 45 yaşında həyatına son verir. Onun da intiharına səbəb kimi Sovet rejiminin senzurası, təqibləri göstərilir.
 
Ən müəmmalı intiharlardan biri isə aktyor Çingiz Şərifovun intiharıdır. "Aşkarsızlıq şəraitində", "Özgə ömür", "Şahid qız", "Zirzəmi" filmlərindəki rolları ilə məşhurlaşan aktyor 1990-cı ilin 31 dekabrında özünü dənizə ataraq intihar edir. Onun ölümünün səbəbləri, təfərrüatları haqqında heç bir məlumat yoxdur. Hətta müasir dövrdə Çingiz Şərifov haqqında məlumat əldə etmək üçün axtarılacaq mənbə tapmaq müşkül məsələdir. Bu intihar hadisəsi, çox güman ki, Azərbaycan tarixinin ən müəmmalı intihar hadisəsidir.
 
Müasir dövrdə də tanınmış sənət adamlarının intihar xəbərləri tez-tez gündəmi zəbt etdi. Bunlardan biri 2014-cü ilin avqust ayının 24-də özünü asan gənc müğənni Sura Əsgərlinin, digər isə 2015-ci ilin dekabr ayının 25-də gecə saatlarında özünü yaşadığı binadan atan Elvin Ordubadlının intiharıdır. Hər iki gənc sənətçinin intihar səbəbləri hələ də müəmma olaraq qalmaqdadır.

Загрузка...
Загрузка...