İnsanı 10 dəqiqədə yaxalayan kabus: Hamamda qadınları, qarajda sevgililəri öldürür- DİQQƏT

Baxış sayı: 
222
0  
0  

 
 
Havaların soyuması ilə daha bir təhlükə yaxınlaşır- dəm qazı kabusu. Bu kabus illərdir ölkənin üstündə dolaşır, neçə-neçə insanın həyatına son qoyur, xəbərdarlıqlar, mütəxəssis müraciətləri nəticəsiz qalır. Dəm qazından zəhərlənənlərin və hətta ölənlərin sayında azalma hiss edilmir. Payızın ilk günlərindən başlayaraq yazın son günlərinədək davam edəm dəm qazı kabusu bəzən hətta kütləvi ölümlərə belə səbəb olur. Xırdalanda ötən il 5 nəfərin ölümü ilə nəticələnən faciəvi hadisə hələ unudulmayıb. Mingəçevirdə bir ailənin 6 üzvünün dəm qazından zəhərlənməsi də o cümlədən...
 
“Əsl kasıb malıdır”
 
Mütəxəssislər həyəcan təbili çalır. Dəm qazından zəhərlənmələrin qarşısını almaq üçün çox sadə üsullardan istifadəni tövsiyə edir. Ancaq görünür, bu tövsiyələr bəzilərinin ya cibinə, ya da düşüncəsinə uyğun gəlmir və hadisələr azalmır. Məsələn, “ceyran peçi” adlanan sobadan istifadə təhlükəli hesab edilir. Bununla bağlı dəfələrlə xəbərdarlıq edilib. Ancaq evində 13 ildir ki, “ceyran peçi”ndən istifadə etdiyini deyən Qəşəm Ağayevi buna inandırmaq mümkün olmayıb:
 
“Evə qaz çəkiləndən “ceyran peçi” qoymuşuq. Heç yayda da çıxartmırıq. Evdəkilər üstünə bir şey atır, qalır. İndiyə qədər də zəhərlənmə-zad olmayıb. Əsl kasıb malidir. Düzdür, gec qızır, amma gec də soyuyur. Qazı da çox aparmır. Qızımgilə gedəndə soyuqdan donuruq. Onlarda nəsə bər-bəzəkli bir peç var. Deyir ki, təhlükəsizdir, sertifikatı da var, amma heç istiliyi yoxdur”.
 
 
 
Hamamda və...qadınlar
 
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov “Cümhuriyət”ə bildirib ki, dəm qazından zəhərlənmə hadisələri Azərbaycanda əsasən hamam otaqlarında baş verir:
 
“Bizə daxil olan müraciətlərin araşdırılması göstərir ki, hadisələr əsasən hamam otaqlarında baş verir. Zəhərlənənlərin də əksəriyyəti qadınlar və yaxud onların hamama apardıqları azyaşlılar olur. Çünki hamam otaqlarında təhlükəsizlik qaydalarına əməl edilmir. Qapının altında müəyyən qədər açıq yer saxlamaqla dəm qazından zəhərlənmə təhlükəsini aradan qaldırmaq olar. Yaxud qıza hazırlıq zamanı evlərdə bacaların təmizlənməsi aparılmır. Halbuki bu, çox vacibdir. Bəzən dəm qazı zəhərlənmə zamanı ürək bulanması, üz nahiyəsində qızarma, baş ağrıları qısa müddətli olur. Zəhərlənən şəxs bunu hiss etməyə də macal tapmır. Otaq qapalı olduğundan dəm qazından boğulma zamanı ölüm anında baş verir. Çünki isti hava damarlarda qanın hərəkətini intensivləşdirir. Beyinin zərərli qanla təchizi insan həyatına təhlükə yaradır. Huşunu itirən insan heç kimi köməyə çağıra bilmir".
 
 
 
“Əvvəllər hər gün 50-60 evi yoxlayırdıq, indi isə...”
 
Uzun illər “Azəriqaz” sistemində çalışmış ekspert Nüsrət Qasımov isə ölümlərin əsas səbəbini diqqətsizlik və məsuliyyətsizlikdə görür. Onun fikrincə, əvvəlki dövrlərdə olan ciddi nəzarət yenidən bərpa edilməlidir. Sovet dönəmində hər ayda bir dəfə mənzillərdə qaz təhlükəsizliyinin yoxlanıldığını deyən ekspert bildirib ki, bu, bədbəxt hadisələrin qarşısını almağa yardım edirdi. Öz təcrübəsindən çıxış edərək gündə azı 50-60 mənzilə baxış keçirildiyini və problemlərin vaxtında müəyyənləşdirildiyini deyən mütəxəssizin sözlərinə görə, məhz bu səbəbdən ölüm halları minimuma enirdi. Hazırda mənzillərdə qaz təhlükəszliyinə nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Əməkdaşlar mənzillərdə qaz cihazlarını, qaz xətlərini yoxlayır. Ancaq əsas problem insanların onlara edilən irad və təkliflərə reaksiya verməməsi, sanki özlərinin təhlükədən sığortalanmış hesab etməsidir:
 
“Hər 3 aydan bir su qızdırıcıları da daxil olmaqla bütün qızdırıcı avadanlıqların tüstü bacaları təmizlənməlidir. Əvvəllər hətta bacatəmizləyənlər vardı. Standartlara görə, qızdırıcının baş hissəsi ilə birinci dirsəyə qədər olan məsafə 50 sm olmalıdır. Əlaqədar qurumlaırn məlumatı olmadan mənzildə qaz cihazının yerini dəyişmək, qaz cihazı quraşdırmaq olmaz. Ancaq Azərbaycanda özünü usta adlandıranlar var və əhali ucuz başa gəlir deyə bu şəxsləri çağıraraq qaz təminatındakı məsələləri onlara həvalə edir. Nəticədə də nəzarətsiz mühit yaranır”.
 
 
 
Qazı kəsəndə
bildiriş göndərilsin
 
Ekspertlər bildirir ki, qaz sayğaclarının quraşdırıldığı mənzillərdə karbon-oksidin səviyyəsini göstərən xüsusi cihazlar saxlamaq olar. Bu cihazı asan əldə etmək mümkündür və qiymət bazarda 20-40 manat arasında dəyişir. Bundan başqa çıxış yolu kimi qazın kəsilməsi və yenidən verilişi zamanı əhaliyə xəbərdarlığın daha intensiv edilməsidir. İndiki halda əlaqədar qurumlar KİV vasitəsilə bu məlumatı yayır. Ancaq hər kəsin KİV-ə çıxış imkanının olmadığını nəzərə alsaq, bələdiyyə, məhəllə “JEK”lər vasitəsilə və ya bildirişlərlə əhalini vəziyyətdən xəbərdar etmək daha məqsədəuyğundur. Çünki qəzalar istisna olmaqla, təmir, yenidənqurma və ya yoxlamaların qrafiki əvvəlcədən müəyyənləşdirilir və bu qrafikə əsasən abonentləri yaranacaq vəziyyətdən bildirişlər vasitəsilə xəbərdar etmək olar.
 
Ölüm siyahısında 4-cü yerdə
 
Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır.
Dəm qazı natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən, təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur. Havanı təmizləyən bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur. Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında 4-cü yeri tutur. İlk 3 yeri isə alkoqol, dərman preparatları və narkotik maddələrlə zəhərlənmə bölüşdürür.
 
Necə öldürür?
 
Həkim Elnur Zamanov bildiri ki, dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen azlığı) başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərın toxumaları hipoksiyaya daha çox həssasdır. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur.
 
Sevgililəri qarajda 10 dəqiqədə yaxalayan ölüm
 
Azərbaycanda dəm qazından ölüm hallarının avtomobillərdə baş verməsi hadisələri də az deyil. Qış mövsümündə gənc sevgililərin və ya tanışların qarajdakı avtomobildə zəhərləndiyinə dair məlumatlar yayılır. Mütəxəssislər qarajda təhlükənin son həddə çatması üçün 10 dəqiqənin kifayət etdiyini deyir. Belə ki, bu müddətdə avtomobilin qarajda işlək vəziyyətdə olması zamanı nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər.
 
Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.
 
UNUTMAYIN: Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməlidir. sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir. Dəm qazı olan şəraitdə işlədikdə xüsusi əleyhqazlardan istifadə edilməlidir. Həyatınız qiymətlidir.
 
Sevil Ağazadə
 
Cebhe.info

Загрузка...
Загрузка...