​İnflyasiya gəliri yeyir, böhran dərinləşir: bədbinləşən xalqın gözü büdcədə - Faktlar

 
Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir. İnsanlar gündəlik həyatında problemlərin dərinləşdiyini, dolanışığın əzaba çevrildiyini, borcların artdığını və qiymətlərin günbəgün bahalaşdığını hiss etməkdədir. Bu da cəmiyyətdə bir depressiya, ovqatsızlıq və yeni ilə ümidsizlik yaradıb...
 
Politika.Az-ın xəbərinə görə, ictimai nəqliyyatda qiymət artımı anonsu və məcburi köçkünlərin telefonlarının borc üzündən kəsilməsi gedişatın daha da dramatik xarakter aldığına dəlalət edir.
 
İnflyasiyanın pul qazananların gəlirini yediyi, böhranın onsuz da məhdud olan iş yerlərini əjdaha kimi udduğu dövrdə cəmiyyətin büdcədən gözləntiləri birə iki artır. Büdcədən maaş, pensiya, müavinət alanlar üçün əsas sual bu olur: büdcə onların sosial qayğısını nəzərə alıbmı?
 
Xüsusilə də nəzərə almaq lazımdır ki, son 2 ildə 2 dəfədən çox ucuzlaşan milli valyuta insanların ən zəruri istehlak xərclərini ən azı 40-45% artırıb. Bunun müqabilində büdcə işçilərinin maaşları 2015-2016-cı illərdə cəmi 10% artmışdı.
 
İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, gələn ilin büdcəsində maaşların artımı üçün 245 mln. manat nəzərdə tutulur. 2016-cı ilin yenidən baxılan büdcəsində əmək haqqı fondu üçün 3.833 mlrd. manat nəzərdə tutulmuşdu, 2017-nin proqnozunda 4.077 mlrd. manat nəzərdə tutulur.
 
Öz növbəsində, 2016-cı ilin yenidən baxılan büdcəsində təhsil sektorunda əmək haqqı xərci kimi 1.229 mlrd. manat nəzərdə tutulmuşdu, gələn il üzrə göstərici 1.247 mlrd. manatdır.
 
Səhiyyə bölməsi üzrə yenidən baxılan büdcədə 396 mln. manat nəzərdə tutulmuşdu, 2017-də 386 mln. manat proqnoz edilir.
 
Məhkəmə və hüquq-mühafizə bölməsi üzrə əmək ödənişi xərcləri 2016-da 740 mln. nəzərdə tutulmuşdu, 2017-də 814 mln. manat proqnoz edilir. 2016-cı ilin yenidən baxılan büdcəsində sosial müdafiə bölməsində təqaüd və sosial müavinətlər üçün 1.974 mlrd. manat nəzərdə tutulmuşdu, 2017-də 1.966 mlrd. manat proqnoz edilir.
 
Politika.Az xəbər verir ki, hökumət ölkədə iqtisadi böhranı etiraf eləmir, amma çox ciddi iqtisadi böhran var.
 
Elə bu qaydada infrastruktur böhranını da etiraf etmir, amma çox ciddi infrastruktur böhranı var. Məsələn, bir gün Xırdalanda qaz ümumiyyətlə olmadı, işıq təxminən 7 saat, telefon-internet 2 saat olmayıb.
 
Dövlət idarə eləyə bilmədiyi infrastrukturu təcili olaraq uzunmüddətli müqavilə əsasında peşəkar və sərmayə imkanları olan, ixtisaslaşmış xarici şirkətlərin idarəetməsinə vermək üçün tələsməlidir. Ekspertlər hesab edir ki, əks halda bu böhran daha da dərinləşəcək. Hərçənd bunu etmək üçün neft pulları dövrü ən əlverişli dövr idi.