​İndira Qandinin azərbaycanlı sürücüsü kim olub?

 
Ötən gün sosial şəbəkədə maraqlı bir xəbər yayılıb. Xəbərə görə, 1970-ci ilin əvvəllərində öz dövründə dünya siyasətçiləri arasında xüsusi yeri və çəkisi olan Hindistanın qətlə yetirilən baş naziri İndra Qandi SSRİ-yə səfəri çərçivəsində Bakıya gəlib. Belə ki, həmin səfər zamanı baş nazirin Bakıya gəlməkdə məqsədi Atəşgah məbədini ziyarət etmək olub. Onun üçün bu şərait yaradılıb. Lakin həmin vaxt Bakıda İndira Qandini ziyarətə aparmaq üçün qadın sürücü lazım olub. Bu səbəbdən də paytaxtda sürücülüyü peşəkarcasına bacaran xanım axtarışına çıxılıb. Bir neçə sürücü xanım tapılıb. İddiaya görə, bu xanımlardan biri də 1990-cı ildən sonra Azərbaycan xalqının daha yaxından tanıdığı ictimai-siyasi xadim, professor Lalə Şövkət Hacıyeva olub. Hətta iddia edilir ki, Lalə Şövkət həmin vaxt ən yaxşı sürücü olaraq seçilib.
 
Bu iddianın nə dərəcədə gerçək olduğunu dəqiqləşdirmək üçün Teleqraf.com-un əməkdaşı Lalə Şövkətin nümayəndəsi, Liberal Partiyanın sədri Əvəz Temirxanla əlaqə saxlayıb.
 
Lakin Temirxanın məsələyə reaksiyası bir qədər kəskin olub: “Siz bu yazını mənə təqdim edin, baxım və sonra fikrimi deyim. Bu uydurmadır”.
 
Əvəz Temirxan daha sonra bəyan edib ki, o zaman Dövlət Avtomobil Müfəttişliyinin rəisi olan Fətullah Hüseynov öz müsahibəsində hər şeyə aydınlıq gətirib: “İndi görünür, köhnə palanı açıb tökmək kiməsə lazımdır. Kim bunu yazıb? Mən bu haqda oxumamışam. Oxumadığım bir şeyə əlavə şərh verə bilmərəm”.