"İndi nə istəyirlər, desinlər" – Qvardiola

"Komandamla fəxr edirəm. Futbolçularım əla oyun sərgilədi. Ancaq təəssüf ki, lazım olan qolu vura bilmədik. Hərçənd oyun ərzində xeyli qol imkanlarımız oldu".
Turaninfo.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri "Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinal mərhələsində "Atletiko" ilə keçirilən cavab görüşündən sonra deyib.
Münhen təmsilçisi evdə "Atletiko"nu 2:1 hesabı ilə məğlub etsə də, bu finala çıxmaq üçün kifayət etməyib. İlk oyunda rəqibinə 0:1 uduzan "Bavariya" yarımfinalda mübarizəni dayandırıb. Cavab oyunu haqda danışan Qvardiola Madrid təmsilçisinin finala yüksəlməyə layiq olduğunu bildirib:
"Hakimlik haqda danışmaq istəmirəm. Məni yalnız futbol maraqlandırır. "Bavariya"da məni hər şey qane edir. Məqsədimiz Çempionlar Liqasının finalına çıxmaq idi. Bunun üçün əlimizdən gələni etdik. Lakin alınmadı. Çempionlar Liqasında finala çıxa bilmədiyimiz üçün məni tənqid edəcəklər. İndi haqqımda nə istəyirlər, desinlər. "Bavariya" kimi bir klubda çalışmaq mənim üçün böyük şərəfdir".
Qeyd edək ki, "Bavariya" Qvardiolanın rəhbərliyi altında ardıcıl üçüncü dəfə Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırıb.