​İMİŞLİDƏ MƏSKUNLAŞMIŞ MƏCBURİ KÖÇKÜN: “MƏMİ ATAKİŞİYEV BİZİ İNTİHAR ETMƏYƏ MƏCBUR EDİR” - AUDİO MÜSAHİBƏ

 
 
 Məcburi köçkün ağlayaraq imdad diləyir.
 
Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucova qarşı təzyiqlər hələ də davam edir. Xatırladaq ki, bir müddət əvvəl oğlu, II qrup əlil Orucov Elgün Yaqub oğlunun təqaüdünün kəsiləcəyi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyev tərəfindən təhdidə və təzyiqə məruz qalan Yaqub Orucov, bu dəfə İmişli RİH başçısının, İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmi Atakişiyevin təhdid və təzyiqlərinə məruz qalıb. Xatırladaq ki, uzun illər İmişli pambıq zavodu kimi tanınan “İmişli-Pambıq” ASC-yə rəhbərlik etmiş Məmi Atakişiyev rayonun ən imkanlı şəxslərindən biri kimi tanınır. Y.Orucov Conflict.az-a verdiyi audio – müsahibəsində bildirir ki, Məmi Atakişiyevin əməlləri ilə bağlı hətta mərhum prezident Heydər Əliyevə də şikayət xarakterli rəsmi müraciət göndərsə də, İmişli RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinə kimsə təsir etmək gücündə deyil. Bunu Məmi Atakişiyevin daha yüksək vəzifədə çalışan qohumlarının olması ilə əlaqələndirən məcburi köçkün, çarəsizlikdən bütün ailə üzvləri ilə birlikdə intihar etməyi düşünürlər. Əməkdaşımızın “İmşli rayon İcra Hakmiyyətinin başçısının bu məsələyə münasibəti necədir” – sualına, Y.Orucov “Məmi Atakişiyevin mənə qarşı olan münasibətini başçı hər kəsdən daha yaxşı bilir.” – deyə cavab verdi. Bəs elə isə Prezidentin: "Hər bir vətəndaşın hüququnun qorunması bizim üçün çox önəmlidir. Vətəndaşlarımızın təhlükəsizliyi də dövlət tərəfindən təmin edilir və bundan sonra da ediləcəkdir" – sözlərinə İmişlidə nədən əməl edilmir?
Və ya cənab Prezidentin: "Qaçqınlar və məcburi köçkünlər Azərbaycanda ən ağır vəziyyətdə yaşayan insanlardır. Bizim hamımızın vəzifəsi ondan ibarətdir ki, həm dövlət tərəfindən, eyni zamanda qeyri-hökumət təşkilatları tərəfindən, özəl sektor tərəfindən onlara öz köməyimizi göstərək"- tezisi necə, budamı unudulub? Məcburi köçkünü şəxsi mənfətlərinə görə intihara sürükləyən məmuru hələ də görəvində saxlamaq dövlətə xidmətdirmi? Nədən İmişli RİH-nin sıradan bir məmuru on minlərlə əhalisi olan rayonda fironluq edir? Axı Azərbaycan Respublikası Konstitusiyasının tələblərindən biri də - “ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək”dir. Məcburi köçkünün ağlayaraq imdad diləməsi, intihara məcbur edilməsi bəyəm ədalətdirmi?
Redaksiya, Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış II qrup əlil Yaqub Orucovun audio – müsahibəsini təqdim edir.

Загрузка...
Загрузка...