İlyas Tapdıq: ''Onda vətənpərvərlik bizdən də güclü idi''

Xalq şairi İlyas Tapdıq şair dostu Söhrab Tahirin ölümü ilə bağlı “Yeni Müsavat”a danışıb. İlyas Tapdığın mərhum şair haqqında dedikləri:
“Söhrab Tahir bizim ən görkəmli şairlərimizdən biridir. Onda vətənpərvərlik bizdən də güclü idi. O, bir başa vətəni sevmiş, yaşadığı vətənin itirib gəlmişdir. Baxmayaraq ki, Söhrab Tahir Moskvada və digər yerlərdə də yaşadı, Azərbaycanın hər bölgəsində oldu. Lakin çəkdiyi dərd bizimkindən artıq oldu. Ona görə ki, Söhrab Tahir uşaqlıq illərində gəzdiyi yerləri bir daha gəzib görə, anasının görüşünə gedə bilmədi. Anası onun görüşünə gəldi. Həmin zaman Söhrab Tahirə “Semaşko” xəstəxanasının yanında bir otaqlı ev vermişdilər. Onun anası gələndə biz həmin evi ziyarətgah etdik. Biz neçə gün anası orda qaldı. Daha sonra biz anasını Lənkərandan yola saldıq...
Söhrab Tahir bizə qardaş, cəbhə yoldaşı oldu. Çəkdiyimiz hər hansı bir planda nə işlərimiz oldusa hamısına Söhrab Tahir sinə gəldi, bizə də kömək etdi. Buna görə də Söhrab Tahiri biz özümüzə qardaş kimi qəbul etdik....
Bu gün biz əziz qardaşımızı sevimli torpağında dəfn edirik. Şərəfli ölüm hər şeydən şərəflidir. O, Azərbaycan xalqının çox sevimli oğludur. Mən Söhrab Tahirə rəhmət diləyirəm. Söhrab Tahir, sən bu torpaqda əbədi yaşayacaqsan. Sənin taleyin mübarizə taleyi oldu. Adın həmişə çəkiləcək, adın dillərdə olacaq”.
Musavat.com