İlyas İsmayılov: “ Onları lənətləyirəm” - MÜSAHİBƏ

Teleqraf.com sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılovla müsahibəni təqdim edir.
- İlyas müəllim, İstanbulun Atatürk hava limanında baş verən terror hadisəsi haqda sizin fikriniz və mövqeyiniz nədən ibarətdir?
-Terrora münasibət və ona qiymət verilməsi məlumdur. Terroru lənətləmək lazımdır. Onu kimin törətməsindən, hansı məqsəd və motivlə etməsindən asılı olmayaraq, nə qədər ki, günahsız insanları məhv edirlər, bütün dünya belə addımları lənətləməlidir. Bunun başqa yolu yoxdur. Mən də onları lənətləyirəm.
 - Sizcə, niyə terror məhz Türkiyənin bir sıra mühüm addımlar atdığı məqamda baş verdi?
- Bununla bağlı münəccimlik etmək istəməzdim. Amma təbii ki, müxtəlif versiyalar irəli sürülür. Rusiyada bu terrorla bağlı müxtəlif fikirlər söylənildi, Azərbaycandan da müəyyən fikirlər söyləyən insanlar oldu. Qeyd olunur ki, bu, Rusiya-Türkiyə yaxınlaşmasının əleyhinə olan akt idi. İndi bilmirik ki, terror bu məqsədlə törədilib, ya yox. Ancaq hər halda çox murdar bir akt idi, bunu edən insanlara lənət olsun. Türkiyə kimi dövləti nüfuzdan salmaq istəyirlər. Bizim hamımız belə hallara qarşı çıxmalıyıq.
- Terrorla bağlı bir neçə fərziyyə səsləndirilib. Təcrübəli hüquqşünas kimi siz hansı versiyanın üzərində durardınız?
- Mən nağıl söyləyə bilmərəm. Hüquqşünas kimi işin materialları ilə tanış olduqdan sonra fikrimi açıqlaya bilərəm.
- Türkiyə-İsrail yaxınlaşması da müşahidə olunur. Türkiyənin Rusiya və İsraillə əlaqələrini yenidən qurmasını necə qarşılayırsınız?
- Çox müsbət və pozitiv addımdır. Məncə, İsraillə və Rusiya ilə yaxınlaşma doğru addımdır. Bunu təqdir edirəm. Fikrimcə, bir çox məsələlər aradan qalxacaq, bəzi problemlər həll ediləcək, həmçinin insanların vəziyyəti yaxşılaşacaq, iqtisadi məsələlər həllini tapacaq. Mən bu kimi addımları alqışlayıram.
- Türkiyənin bu iki dövlətlə əlaqələrinin yenidən istiləşməsi Türkiyənin daxili ab-havasına, ələlxüsus PKK-nın fəaliyyətinə təsir göstərə bilərmi?
- Mən hesab edirəm ki, münasibətlərin bu mərhələdə istiləşdirilməsi siz qeyd etdiyiniz sahələrə müsbət təsir göstərməlidir. Məsələn, Moskvada daima Azərbaycan və Türkiyənin əleyhinə çıxış edən erməni Baqdasarov var. Bu adam hər çıxışı zamanı deyirdi ki, PKK, kürdlər bizimkidir. Bu mənada hesab edirəm ki, iki dövlət arasında yaxınlaşmadan sonra PKK-nın nüfuzu müəyyən qədər aşağı düşər. Rusiya ilə barışıqdan sonra yəqin ki, kimlərsə PKK-nın ipini müəyyən qədər çəkər.
- Türkiyə-Rusiya yaxınlaşması Azərbaycana necə təsir göstərəcək?
- Şübhəsiz ki, ancaq müsbət təsir göstərəcək. Bakı istəyir ki, Rusiya-Türkiyə münasibətləri qaydasında olsun. Türkiyə xarici işlər naziri Çavuşoğlu Azərbaycan və Qazaxıstan prezidentlərinə bu istiqamətdə göstərdikləri fəaliyyətə görə təşəkkür etdi. Hər halda Türkiyə bizə qardaş dövlətdir. Rusiya isə bizim qonşu dövlətdir. Bu iki dövlətin münasibətlərinin qaydasında olması bizə ancaq xeyir gətirər. Ancaq qeyd edim ki, burada ən çox itirən ermənilər oldu. Bu münasibətlər pozulanda Rusiyada çoxlu sayda erməni təxribatçılar istəyirdi ki, Moskvanın vasitəsilə Türkiyəyə ziyan vursunlar. Ancaq buna nail ola bilmədilər. Hadisələr çox müsbət istiqamətə doğru inkişaf etdi və biz buna görə sevinməliyik.
- Türkiyədə son illər terror aktlarının ardı-arası kəsilmir. Bu problemin birdəfəlik həlli variantı yoxdurmu?
- Hər şeyin həlli imkanı var, amma birdəfəlik məsələsi fərqlidir. Çünki bir sıra dövlətlərin marağı olur, çoxları istəyir ki, Türkiyə zəifləsin, regional dövlət olmasın. Mənim qənaətim budur ki, Türkiyə daha da güclənəcək, bu imtahandan da çıxacaq, çoxları da səhvini başa düşəcək. Türkiyə böyük dövlətdir və Allah etsin daha ciddi sürətlə inkişaf etsin. Terror hadisələri də yəqin ki, zəifləyər. Türkiyə dövləti bu terror hadisələrinin üzərinə qətiyyətlə getməkdə davam etməlidir.
- Türkiyədə sonuncu dəhşətli terror aktını həyata keçirən 3 terrorçu Rusiya, Qırğızıstan və Özbəkistan vətəndaşldrıdır. Bunu necə qəbul etmək lazım gəlir?
- Hər halda bu terrorçuların haradan olmasından asılı olmayaraq İŞİD adlı terrorçu qurumun yolunu gedirlər. Yəni məsələnin əsas tərəfi budur. Bu adamlar İŞİD-ə bağlıdırlar. Məsələn, Rusiya vətəndaşı dediyiniz şəxs çeçendir. Televiziyada həmin çeçenin anasının çıxışına baxdım. Onun qardaşı da itib. Bu adamlar başqa ideologiyanın təsiri altına düşərək hətta özünü öldürür. Şübhəsiz ki, onlar səhv yoldadır və insanları öldürmək faktını heç nə ilə əsaslandırmaq mümkün deyil. Dünya da bunu görür. Məncə, bu hadisədən sonra dünya dövlətləri terrorizmə qarşı mübarizəni daha da gücləndirməlidir.