''İlham Rəhimova qarşı etdiyim haqsızlığa görə üzr istəyirəm'' - Aslan İsmayılovdan nümunə kimi jest

"Professor İlham Rəhimov haqqında bilməyərəkdən haqsızlıq etdiyimi etiraf edirəm"
Turaninfo.az Moderator.az-a istinadən xəbər verir ki, tanınmış hüquqşunas Aslan İsmayılov aprelin 8-i cəbhədəki olaylara səssiz qalanlarla bağlı paylaşdığı bir yazıda professor İlham Rəhimovu da suçladığı üçün ondan üzr istəyib:
"8 aprel tarixdə Facebook səhifəmdə “Rüstəm İbrahimbəyov, Tahir Salahov, İlham Rəhimov, Vahid Ələkbərov, Araz Ağalarov, İsgəndər Xəlilov və digəriləri, haradasınız, niyə səsiniz çıxmır? Səsiniz ancaq Azərbaycandan nə isə umandamı çıxacaq?! Əgər Vətənin bu günkü dar durumunda da susacaqsınızsa, deməli var dövlət Sizin üçün Vətəndən daha önəmlidir!” məzmunda yazı olub. Bu günə qədər kiminsə haqqında bilərəkdən haqsızlıq etməmişəm və etmərəm. Bu adlar arasında uzun illər tanıdığım və bəziləri ilə bu günə qədər yaxşı münasibətlərim olanlar da var. Hadisələrin Vətənim üçün ciddiliyi münasibətlərdən asılı olmayaraq bu yazıya səbəb olmuşdur. Bu gün də haqlı olduğum qənaətindəyəm. Çünki İlham Rəhimovdan savayı bu hadisələrə adı çəkilənlərdən heç kim münasibət bildirməyib. Sadəcə, professor İlham Rəhimov haqqında bilməyərəkdən haqsızlıq etdiyimi etiraf edirəm. Ancaq bu gün sırf təsadüf nəticəsində yazımdan 12 dəqiqə əvvəl professor İlham Rəhimovun “Yeni Musavat” qəzetində məhz Qarabağ hadisələri ilə bağlı çox dəyərli müsahibəsinin olduğunu öyrəndim. İlham Rəhimov Rüstəm
İbrahimbəyovdan fərqli olaraq heç vaxt “millət xilaskarı” kimi təqdim olunmasa da, Vətənin dar günündə Rusiya hakimiyyət rəhbərliyi ilə çox yaxın münasibətlərinin olmasına baxmayaraq həqiqətən bu Vətənin oğlu olduğunu, Vətənini hər şeydən üstün tutduğunu, Qarabağın nəinki bu günü, gələcəyi ilə bağlı da narahat olduğunu bu qısa müsahibədə çox konkret şəkildə bildirib. Buna görə də bu məsələdə sırf İlham Rəhimova qarşı haqsızlıq etdiyimə görə üzr istəyib müsahibəsinin əhəmiyyətinə görə tanış olmanız üçün paylaşıram".