​İlham Rəhimov Bakıda beynəlxalq təşkilat yaratdı

 
Bu gün Bakıda Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın beynəlxalq iclası keçirilir.
 
“Ölkə.az”-ın məlumatına görə, iclasın gündəliyinə Assosiasiyanın qeydiyyatı ilə əlaqədar məlumat, Assosiasiyanın gələcək iş proqramının müzakirəsi və cari məsələlər daxildir. Beynəlxalq toplantıda 15 ölkənin tanınmış hüquqşünasları iştirak edirlər.
 
İclasda çıxış edən Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, professor İlham Rəhimov bildirib ki, iclasın Bakıda keçirilməsi, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın yaradılması ideyası ilk dəfə Bolqarıstanda irəli sürülüb. Onun sözlərinə görə, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyanın təsis toplantısı Bolqarıstanda keçirilib:
 
“Ancaq təşkilat hələ Bolqarıstanda qeydiyyata alınmayıb. Bu gün imzalanacaq protokoldan sonra təşkilatın Bolqarıstanda qeydiyyata alınması nəzərdə tutulur”. 
 
İ.Rəhimov vurğulayıb ki, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası yaxın vaxtlarda Bakıda hüquq ədəbiyyatı kitabxanasını açmaq istəyir.
 
Qaradəniz və Xəzər Regionu Ölkələrinin Fondunun sədri Çingiz Abdullayev isə qeyd edib ki, Bakı Qərblə Şərqin qovşağında yerləşən svilizasiyalar arası dünyəvi şəhərdir:
 
“Mən qonaqları gözəl Bakıda görməkdən çox məmnunam. Hazırda fondumuzun 34 üzvü olan ölkə var. Ancaq hazırda bir sıra ölkələr, o cümlədən Hindistan, Cənubi Afrika Respublikası və digər dövlətlər də fondumuza üzv olmaq istəyirlər. Fondumuzun fəaliyyəti dünyəvidir. Hazırda bir çox ölkələr Fondumuzda birləşməkdə maraqlıdırlar”.
 
Bolqarıstanın Hüquqşünaslar Assosiasiyasının sədri Vladislav Slavov qeyd edib ki, Qaradəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının yaradılması ilə bağlı protokol 16 hüquqşünas tərəfindən imzalanıb:
 
“Həmin hüquqşünaslar Azərbaycan, Türkiyə, Bolqarıstan, Rusiya və digər ölkələri təmsil edir”.
 
Qeyd edək ki, toplantının sonunda 15 ölkənin iştirakı ilə yekun protokolun imzalanması nəzərdə tutulub.