İlhamə Quliyevanın əşyaları satışa çıxarılıb?

Müğənninin “Primaddona” adlı mağazaları olduğu barədə iddialar yayılıb
Mərhum xalq artisti İlhamə Quliyevanın geyim əşyaları satışa çıxarılıb. Bu barədə Jam.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, mərhum müğənniyə aid paltarlar və ayaqqabılar Bakıdakı mağazalardan birinə verilib. İddialara görə, satışa çıxarılan həmin geyim əşyaları müğənniyə məxsusdur və dünyasını dəyişdikdən sonra isə satışa çıxarılıb. Bu səbəbdən müştərilərin əksəriyyəti əşyaları almaqdan çəkinirlər. Bəziləri isə həmin geyim əşyalarına sahib olmaq üçün qoyulan qiyməti ödəməkdən çəkinmir. Məlumatda o da vurğulanır ki, müğənninin geyim əşyalarının satıldığı dükanlar şəbəkəsinin adı  “Primaddona”dır. İddialara görə, həmin dükanlar şəbəkəsi mərhum müğənniyə məxsusdur.
Hələ qırx mərasimi çıxmayan mərhum sənətkarın tələsik şəkildə geyim əşyalarının satılması xəbəri ictimaiyyətdə, sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, müzakirələrə səbəb olub.
Məsələ ilə əlaqədar müğənninin bacısı Gülbahar Quliyeva ilə əlaqə saxladıq. Müğənninin bacısı “Yeni Müsavat”a istinadən Turaninfo.az-a açıqlamasında olayı təkzib edib: “Bu cür boş-boş söhbətlər yığışdırılsın, xahiş edirəm”.
İlhamə Quliyevanın oğulluğunun vəkili Habil Vəliyev də adı çəkilən mağazalar barəsində xəbərsiz olduğunu deyib: “Onun hansı mağazası var? Əşyaları harada, niyə, kimlər tərəfindən satışa çıxarılıb? Bu haqda mənim heç bir məlumatım yoxdur”.
Müğənninin oğulluğu, adı tez-tez miras qalmaqalında hallanan Orxan Nadirov da “Yeni Müsavat”a danışaraq məsələyə aydınlıq gətirib: “Heç nəyi satışa çıxarmamışam. Hələ onun qırxı çıxmayıb, nə dərəcədə doğru olardı ki, onun əşyalarını satışa çıxaraq? İkincisi, belə bir mağazamız yoxdur.
Üç gün bundan əvvəl yaymışdılar ki, Orxan ölüb. Hansı ağılla yazmışdılar, mən indi də düşünürəm”.
Orxan Nadirov barəsində yayılan yalan xəbərlər ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət etməsindən də söz açıb: “Müraciət etmişəm, nəticəsini gözləyirəm. İnşallah, nəticəsi yaxşı olacaq”.