İlhamə Quliyevanın oğlunun həbsi xəbəri yayıldı (Yenilənib)

Orxan Nadirov: "Yalandır"
Mərhum xalq artisti İlhamə Quliyevanın oğlunun həbsi xəbəri yayılıb. Məlumata görə, dələduzluqda ittiham olunan Orxan Nadirov barəsində bir neçə gün əvvəl həbs-qətimkan tədbiri seçilib.
Bu barədə xural.com saytına adının çəkilməsini istəməyən və həmin vaxt başqa işlə əlaqədar məhkəmədə olan vəkillərdən biri məlumat verib. O.Nadirovun Bakıda yaşayan bir neçə nəfərin dələduzluq yolu ilə əmlakını ələ keçirdiyi üçün ona Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham verildiyi bildirilir.
Musavat.com-un əməkdaşı Orxan Nadirovla əlaqə saxlayıb. O, bildirib ki, həbs edilməsi barədə məlumatlar həqiəti əks etdirmir.
Qeyd edək ki, bu ilin yanvar ayında da O.Nadirov tanışı Vüqar Bəşirovla birgə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında saxlanılaraq, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilmişdi. Həmin vaxt Binəqədi Rayon Polis İdarəsindən mətbuata açıqlama verilmişdi ki, hər iki şəxsdən heç yerə getməmək haqda iltizam alınıb.
Musavat.com-dan: Mərhum İlhamə Quliyevanın oğlu barəsində bu cür məlumatlar vaxtaşırı yayılır, sonra isə təkzib olunur. Xatırladaq ki, bir müddət əvvəl saytlardan biri onun ölümü barədə də məlumat yaymışdı.