“İlham Əliyevin Heydər Əliyevdən fərqi odur ki...”

”TofiqYaqublu: “Azadlıqda olsaydım maksimum çalışacağdım ki, bu qarşıdurma olmasın...”
Müsahibimiz keçmiş siyasi məhbus, Müsavat Partiyası sədrinin müavini TofiqYaqubludur.

Xatırladaq ki, T.Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs olunaraq, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən T.Yaqublu martın 17-də Azərbaycan prezidentinin sərəncamı ilə azad olunub.
-Tofiq bəy, həbsinizin səbəbi haqda danışmayacağıq, çünki bu barədə artıq kifayət qədər yazılıb və sizin əsassız yerə azadlıqdan məhrum edildiyiniz çoxlarına bəllidir. Maraqlıdır ki, Tofiq Yaqublu həbsxanadan çıxanda Azərbaycandakı siyasi mənzərə onun təsəvvür etdiyi kimi idi?
- Düzünü deyim, Azərbaycandakı siyası mənzərə mən düşündüyümdən də daha pis idi. Əslində, bu obyektiv bir prosesdir. 1993-cü ildə, iyun qiyamı nəticəsində YAP hakimiyyəti ələ keçirəndən sonra Azərbaycandakı azadlıqlar, tək siyasi azalıqlardan söhbət getmir, bütövlükdə insanların azadlığı - həm siyasi, iqtisadi azadlıqlar, həm də vicdan azadlıqları - bu rejim tərəfindən mənimsəndi, yavaş-yavaş daraldılaraq, təsir altına salınaraq, bir çox insanların haqqı əlindən alındı və sonda xalqımız bu mərhələyə gəlib çıxdı. Yəni kölə vəziyyətinə. Amma Heydər Əliyevin dövründə, qiyam yolu ilə hakimiyyətə gəlmişdi deyə, o, beynəlxalq aləmi özünə qarşı çox qıcıqlandırmamaq üçün müəyyən güzəştlərə gedirdi. Və yaxud da onun hansısa anti-demokratik hərəkətləri ilə bağlı beynəlxalq aləmdən bir rəy, təpki gələn kimi dərhal onların dediklərinə əməl edirdi. Məsələn, 2000-ci ildə parlament seçkiləri zamanı, o vaxt proporsional seçki sistemi idi, yəni Seçki Məcəlləsində normativlər vardı ki, imzalar necə vurulmalıdır, onlara necə baxılmalıdır və necə təsdiqlənməlidir və s. Həmin ərəfədə Musavatın imzalarını “saxta” çıxararaq, partiyanı seçkilərə buraxmadılar. Lakin beynəlxalq aləmdən bir təpki gələndən sonra, Heydər Əliyev dərhal Müsavatın seçkilərə qatılması üçün göstərişlər verdi.
Ancaq 2003-ci il prezident seçkilərində İsa Qəmbərin qələbəsinə baxmayaraq, İlham Əliyev qanunsuz olaraq prezident kürsüsünü güc yolu ilə ələ keçirdi və orada əyləşdi. Beləcə, o gündən Azərbaycanda azadlıqların məhdudlaşdırılması daha sürətlə getdi. Bütün ekspertlər deyir ki, İlham Əliyevin Heydər Əliyevdən fərqi odur ki, ikinci cəmiyyətin səsinə, beynəlxalq aləmin dediklərinə əməl edirdi. Amma İ.Əliyevi onunla müqayisədə belə əsaslandırırlar ki, neft pulları gəldi, gözləri, əlləri saysız-hesabsız pul gördü, beləcə oğurlamağa başladılar.
- Sizin həbsinizdən sonra təmsil olunduğunuz partiyada ciddi dəyişikliklər baş verdi. Azadlıqda olsaydınız Musavatın sonuncu qurultayında hansı mövqeni tutardınız?
- Mənim mövqeyim əvvəlcədən bəllidir. Musavatda qrultaydan sonra nələr baş verdiyini demək olar ki, cəmiyyətdə hər kəs bilir. Deyə bilmərəm ki, mən həmin ərəfədə azadlıqda olsaydım, bu şeylər baş verməzdi. Amma mən bircə şeyə inanıram ki, azadlıqda olsaydım maksimum çalışacağdım ki, bu qarşıdurma olmasın, qarşılıqlı iddialar bu fəsadlara gətirib çıxarmasın və bu məsələ mümkün qədər sülh, barışıq yolu ilə həll edilsin. Mən buna çox çalışardım, ancaq bunun da nəticəsi və nə ilə yekunlaşacağı haqda heç nə deyə bilmərəm.
- Həbsdən çıxandan sonra bəyan etdiniz ki, AXCP və Musavatın birliyinə çalışacaqsınız. Sonradan bu barədə partiya rəhbərləri ilə ayrıca danışıqlarınız oldu?
- Mən bəyanat şəklində deməmişəm ki, onları birləşdirəcəm. Sadəcə söyləmişəm ki, bu siyasi qüvvələrin münasibətlərinin artması, bir araya gəlməsi üçün çalışacağam nəsə edim. Bəlkə də bu çox primitiv görünə bilər. Amma mən bu məsələ ətrafında çox düşünmüşəm və hətta 3 il həbsxanada təkbaşına kamerada düşünüb belə nəticəyə gəlmişəm ki, bu hakimiyyətə qarşı mübarizə aparan adamlar, gücündən asılı olmayaraq, hamı səmimi şəkildə bir araya gəlməlidir. Kimin nəyə gücü çatır, onu etməlidir. Müxalif qüvvələr ayağa qalxmalıdır, bunların bir-biriylə didişməsi, bir-birinə qənim kəsilməsi, yalnız və yalnız hakimiyyətin işinə yarayır. Ona görə də mən hesab edirəm ki, istər AXCP, istər Milli Şura, istər də Müsavat olsun, bunlar mümkün qədər bir-biriylə didişməməlidirlər. Bir yerdə ola bilmirlərsə, ən azından bir-birinə mane olmamalıdırlar. Əgər bir-birinə mane olarlarsa, bu, YAP hakimiyyətinin ömrünün uzanacağı anlamına gəlir.
Yeri gəlmişkən onu da deyim ki, mən həbsxanadan çıxandan sonra Müsavatın qərargahında oldum və çox sevinirəm ki, bunu tək mən deyil, hər kəs belə düşünür ki, demokratik muxalifət bir yerdə olmalıdır, çalışmalıdırlar səylər birləşdirilsin və ən azından bir-birinə qarşı düşmənçilik edilməməlidir. Mən həbsdə də olanda gördüm ki, Müsavat Partiyası Milli Şura ilə yaxınlaşma cəhdlərində olub, amma mənfi cavab alıb. Gözlənilən hal idi, heç nə deyə bilmərəm. Mən Milli Şuranın Kordinasiya Mərkəzinin toplantısında oldum, oradakı söhbətlərdən xeyli ümidlə ayrıldım. Açığını deyim ki, ilk günlər mən həbsxanaya gedəndə onların içində bir tərəddüd vardı, həbsxanadan çıxandan sonra hiss etdim ki, onlarda bir fikir var. Lakin bu fikri irəli sürəndə düşündüm ki, birdən sərt münasibətlərlə rastlaşaram, elə münasibət yaradarlar ki, bir də bu məsələ ilə bağlı heç nə düşünməyim, fikir bildirməyim və s. Ancaq mən görürəm ki, indi gözləməyə dəyər və ümidlərim daha da artdı. Ən azından hər iki tərəf kifayət qədər dünya görmüş, savadlı, təcrübəli, mübariz vətənpərvər insanlardı və belə ağıllı insanların adi məsələyə görə küsülülüyü, bir-birini hədəfə alması ağlabatan və düzgün deyil. Mənə elə gəlir ki, mən hətta olmasam belə, zamanla hər-iki tərəf öz sözünü deyəcək və dərk edəcək ki, bir yerdə mübarizə aparmaq lazımdır. Düzdür, sonuncu dartışma üzücü oldu. Amma indiyə qədər də Müsavat və AXCP arasında belə qarşıdurmalar dəfələrlə çox olub, lakin həlledici anlarda, xüsusən seçkilər ərəfəsində biraraya gələrək, birgə mübarizə aparmağı bacarıblar.
 
- Yəqin ki, Milli Şurada qalmağınız barədə bəyanatınız partiyadaşlarınız tərəfindən heç də xoş qarşılanmadı...
- Bəyanat dedikdə, açığını deyim ki, mən Milli Şuradan çıxmamışam. Bu məsələ ilə bağlı məndən bir sıra insanlar soruşub... Yazıblar ki, sizi Milli Şuradan uzaqlaşdırıblar, dartışma olub, sizi ya bu gun, ya sabah Şuradan çıxaracaqlar və s. Mən də cavab olaraq söyləmişəm ki, heç elə bir şey olmayıb, qoy hər kəs görsün ki, mənim yaxınımdakı insanlar kimlərdir, onlar hansı zəkanın, savadın, ağılın sahibidirlər, onların fikirləri nizamnaməyə zidd bir şey deyil. Sösüz, mən qəbul edirəm ki, hələ Milli Şura ilə qarşılıqlı etimadsızlıq şəraitində qalmamışam və mən Müsavatın buna hücum etdiyini görməmişəm. Bəlkə də kimlərsə bunu ürəyində üstüörtülü həzm edə bilmirlər, yaxud xoşuna gəlmir, amma həmin adamlar ondan əvvəl demokratdırlar, dərrakəlidirlər və burada da elə bir ciddi problem yoxdur. Bir sözlə, bu məsələ ilə bağlı mənə qrup şəkilində mənfi fikir söyləyən, irad tutan olmayıb. Yenə də deyirəm, əks halda problem çıxarsa, müraciətə uyğun zamanla o problem öz yerini tapar və mən Milli Şurada qalmaqda davam edirəm.
-Bəs AXCP necə, Musavatla birliyə hazırdırmı?
-Açığını deyim ki, mən AXCP və onun təmsilçiləriylə ayrıca görüşməmişəm. Bu barədə heç danışıqlar da aparmamışam. Amma AXCP-nin sədri Əli Kərimli ilə, Milli Şuranın Kordinasiya Mərkəzində görüşmüşəm. Orada da Milli Şuranın müstəvisində söhbət edirdik. Mənim planımda var ki, yaxın günlərdə Əli Kərimli ilə görüşüm, bütövlükdə məsələylə bağlı ətraflı söhbət edim. Həm də ona dəstək zəruriyyətini duyuram. Bildiyimiz kimi, bu yaxınlarda Əli bəyin evinin qarşısında rüsvayçı aksiyalar keçirilib, mən də həmin biabırçı aksiyalara etiraz edib, Əli bəyə bir dəstək ifadə etmək istəyirəm. Çox təəssüf ki, biraz vaxt məhdudiyyəti bizim görüşmüzə mane olur. Ancaq partiya təmsilçisi kimi söz vermişəm ki, Əli bəylə yaxın gələcəkdə ayrıca görüşüb, AXCP və Müsavatın birliyi barədə onunla ortaq məxrəcə gəlib, həm də qarşıda duran hansı çətinliklər varsa, bu barədə çıxış yolarını birgə çözməyə çalışaq.
-Sizcə, müxalifətin indiki zəif durumda olmasında AXCP və Müsavat arasındakı intriqaların nə dərəcədə rolu var?
(Ardı var)
Ülviyyə Xəlil