​İlham Əliyev Nazirlər Kabinetini istefaya göndərir

 
 
Bir qədər öncə istiqlal.az mötəbər mənbələrə istinadən Azərbaycanda vitse-prezidentlik təsisatı ən uzağı aprelin 12-ə qədər yaradılacaq və uyğun təyinatlar olacağı barədə xəbər yaymışdı.
 
Məlumatda bildirilirdi ki, “Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam tam icra edildikdən sonra bu təsisat yaradılacaq və vitse-prezidentlər təyin ediləcək. Sərəncam 12 oktyabr 2016-cı ildə verilib və icra müddəti 6 aydır.
 
Bu məsələ ilə bağlı istiqlal.az-a yeni məlumatlar daxil olub.
 
Yeni məlumatlara görə, vitse-prezident təyinatlarından sonra Nazirlər Kabineti yenidən təşkil ediləcək. Baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları vitse-prezidentlərə ötürüləcək. Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq. Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatı işlək institut olacaq və cari idarəetmə ilə məşğul olacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur. Bu məsələlər iqtisadi islahatlarla bağlı yol xəritəsində əksini tapıb.
 
Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb - 71 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 73 yaş (1943), Əli Həsənov 68 yaş (1948), Abid Şərifov 76 yaş (1940), Əli Əhmədov 63 yaş (1953), İsmət Abbasov 62 yaş (1954). Baş nazir Artur Rəsi-zadənin isə 81 yaşı var (1935).
 
Mənbənin sözlərinə görə, müavinlərin çoxu pensiyaya göndəriləcək, bəziləri isə (Əli Əhmədov və Əli Həsənov) yeni kabinetdə yer alacaq.
 
Yada salaq ki, Əli Əhmədov həm də YAP-ın icra katibi, Əli Həsənov isə Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir.