İlham Əliyev mümkün olanı niyə edə bilmir?

Baxış sayı: 
95

AXCP liderindən Qarabağ mövzusunda hakimiyyəti çətinə salan ritorik sual
“Siyasi qisasçılıq və korrupsiya həm də milli təhlükəsizliyimizə vurulan zərbədir?”
AXCP sədri Əli Kərimli hakimiyyətin ölkədə insan haqlarını pozmasının və korrupsiyaya yuvarlanmasının Qarabağ məsələsində imkanlarımıza necə zərbə vurduğunu şərh edib. O, feysbuk səhifəsində yazıb:
Təsəvvür edin, İlham Əliyev elan edir ki, cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Bakıda beynəlxalq media təmsilçiləri üçün mətbuat konfransı keçirir. Dünyanın bütün nüfuzlu KİV-ləri dəvət olunur. Dünyanın ən nüfuzlu televiziyaları, qəzetləri bu mətbuat konfransına gələrlərmi? İndiki şəraitdə bəli. Çünki hamı fərqindədir ki, Cənubi Qafqazda savaş yenidən alovlana bilər. İlham Əliyev də bu fürsətdən istifadə edib, dünyanın ən nüfuzlu KİV-ləri vasitəsilə beynəlxalq ictimaiyyətə Ermənistanın torpaqlarımızı işğal etməsindən, işğal etdiyi ərazilərimizi BMT qətnamələrinə uyğun olaraq azad etmək əvəzinə atəşkəsi pozmasından, nəinki Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğalda saxlaması, hətta Tərtəri, Goranboyu da artileriya atəşinə tutmasından, danışıqlardan isə rəsmən imtina etməsindən danışır və sonda da vurğulayır ki, dünyada heç bir qüvvənin işğalçı Ermənistanı durdurmaq üçün ciddi səylər göstərmədiyi şəraitdə dövlətimizin ordumuzun gücünə arxalalanmaqdan başqa çarəsi qalmır. Təsəvvür edirsinizmi, dünyanın ən nüfuzlu KİV-lərində bu tipli açıqlamaların yayılması beynəlxalq ictimai rəydə bizim mövqeyimizi nə qədər gücləndirər, ordumuz 2-3 təpə alan kimi Bakıya emissarı emissar dalınca göndərən mərkəzləri nə qədər çətin duruma salar? Sual yaranır ki, bəs niyə İlham Əliyev bütün bunları etmir? Cavab sadədir. Çünki belə bir mətbuat konfransı keçirilsə, həmin nüfuzlu KİV-lər Qarabağla bağlı 1-2 sualdan sonra keçəcəklər Panama sənədləri haqda suallara, oradan da keçəcəklər dünyada mütəşəkkil cinayətkarlığı araşdıran jurnalistlərin Azərbaycan rəhbərliyinin haqqında apardığı korrupsiya araşdırmalarına, daha sonra da Xədicə İsmayıl başda olmaqla siyasi məhbuslarla bağlı suallar verəcəklər. Dövlət rəhbərliyi də bu suallarla üzləşməyə hazır deyil. Beləliklə, azad fikirli insanları həbs etmək və korrupsiya çirkabı Qarabağ münaqişəsində də bizim mövqeyimizi açıq-aşkar zəiflədir. İndi aydındırmı ki, siyasi qisasçılıq və korrupsiya yalnız pis idarəetmə, sosial fəlakət və cinayət deyil, həm də milli təhlükəsizliyimizə və milli maraqlarımıza vurulan zərbədir?

Загрузка...
Загрузка...