​İlham Əliyev 2017-ci ilə nə ilə gedir? - Pərdəarxası nüanslar

 
Prezident İlham Əliyev 2017-ci ilə islahatlar paketi ilə gedir; Bu ilin sonunda reformaların operativləşməsi gələn ildən intensivləşməsi ilə müşayiət olunacaq...
 
Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, ölkədə iqtisadi vəziyyətin çətinləşməsi dövlət rəhbərliyinin təxirəsalınmaz addımlar atmağa sövq edib.
 
Azərbaycanın kompleks antiböhran tədbirlər görməsi üçün artıq çiban yetişib. Dolların 2 manata gəlib çatması ondan xəbər verir ki, məzənnə yuxarıya doğru irəliləyir.
 
Manatın dəfn olunması nəticəsində ölkənin bütün strukturları böhran yaşayır. Yaxın aylarda və 2017-ci ildə neftin bahalaşması da gözlənilmir.
 
Ölkədə sürətlə kütləvi işsizlik yaşanır, bank və maliyyə sektoru çökür, ticarət sahələrində durğunluqdur, özəl və dövlət sektorunda ixtisarlar baş alıb gedir.
 
Prezident İ.Əliyevin 2017-ci ili ağrısız və daha dərin böhransız keçirməyimiz üçün islahatlar paketi işə salınacaq. Çünki hakimiyyətin içində də narazılıq baş qaldırmaqdadır.
 
Bürokatik əngəllərin ləğvi və monopoliyanın tamamilə məhv edilməsi də həmin paketə daxildir. 2017-ci ildə bu planlar tətbiq olunacaq. Əks halda iqtisadi böhranla bərabər addımlayan bu problemlər Azərbaycanı uçuruma apara bilər.
 
2017-ci ildə dünyada neftin bahalaşmasına ümid yoxdur, ABŞ prezidenti Donald Trampla əlaqədar neftin qiyməti daha da aşağı düşəcək və nəticədə Azərbaycanın gələn ili iqtisadi cəhətdən heç də asan olmayacaq.
 
Bunu dövlət rəsmiləri və deputatlar da qeyd ediblər. Necə ki 2016-cı ilin çətin keçəcəyi proqnoz olunmuşdu. Fakt göz qabağındadır ki, 11 bank bağlanıb, manat bir az da ucuzlaşıb, maaş verilməsində gecikmələr var, ixtisarlar kütləviləşir.
 
Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki, İ.Əliyevin islahatlar paketi masa üstündədir və mexanizmin işə düşməsi 2017-ci ilə qalıb.
 
Bu mexanizmin hazırlanmasında prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun da rolu var. Eyni zamanda Nazirlər Kabinetindəki islahatçı qüvvələr antiböhran tədbirlərinin hazırlanmasında iştirak edib.
 
Gedişat diktə edir ki, təcili addımlar atılsın. Habelə, prezident İlham Əliyev komandasına yenidən baxmağı və onun daxili siyasətində reputasiyasına kölgə salanlarla vidalaşmağı nəzərdən keçirəcək.
 
Bu köklü kadr islahatlarının davam edəcəyi, bir sıra oliqarxlaşmış nazirlərin başının gedəcəyi xəbər verilir. Son proseslər onu göstərir ki, ölkə başçısı uzun zamandır ki, vəzifədən yapışan yaşlı məmurları yeniləri, gənclərlə əvəz etmək fikrindədir.